Yol çəkən fəhlələr tətilə çıxdı (FOTOLAR)

Nəqliyyat Nazirliyinin ölkəyə gətirdiyi şirkətə qarşı ciddi ittihamlar səslənir

Dünən Ələt-Astara yolunun tikintisində çalışan 500-ə yaxın fəhlə işi dayandırararaq etiraz aksiyası keçiriblər. Aksiya şirkətin Salyanın Çuxanlı kəndində yerləşən ofisi qarşısında baş tutub. Bu barədə «Azadlıq» qəzetinə məlumatı Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov verib. Fəhlələrin etirazına səbəb İtaliyanın “Todini” şirkətinin apardığı tikintidə iş şəraitinin və əmək haqlarının fəhlələri qane etməməsidir. Birlik sədrinin sözlərinə görə, fəhlələr ilk növbədə şirkətin yerli  rəhbərinin istefasını tələb edir: “Şirkətin Salyandakı layihəsinin direktoru 72 yaşlı Baxatelli fəhlələrlə çox kobud davranır, hətta onları “qara eşşək” adlandırır. Fəhlələr əmək haqlarının artırılmasını, əmək şəraitinin, yaşayış şəraitinin və yemək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Çünki azərbaycanlı fəhlələrin yedikləri və qaldıqları yerin şəraiti ilə xaricilərin ki, ciddi şəkildə fərqlənir. Bundan başqa Baxteli mütamadi olaraq şirkətdə çalışan qadınları toplayaraq iclas keçirir və həmin iclasda özünü vətənindəki kimi apararaq, bəzi qeyri-etik hərəkətlərə yol verir. Bütün bunlar şirkət işçilərini boğaza yığıb».Bundan başqa fəhlələr arasında ciddi ay-seçkilikyə yol verilir. Eyni işi görən italiyalı işçi 3-4 min avro, yerli işçi isə 300-400 manat maaş alır. E.Məmmədovun sözlərinə görə, bundan başqa aksiya iştirakçıları haqsız yerə işdən çıxarılanların da işə qaytarılmasını tələb edirlər. Belə ki, şirkət bu ilin fevralında işə başlayarkən 500 nəfər işçisi olsa da, daha sonra onlardan 200-ü ixtisara salınıb.

Birlik sədrinin fikrincə,  şirkət təmsilçisinin bu cür davranmasının səbəbi onun Azərbaycanın dövlət məmurları ilə bağlılığıdır. Çünki Baxtelinin özünü bu dərəcədə arxayın aparması və onun hərəkətləri bunu deməyə əsas verir. Ona görə bu şəxs yerli işçilərlə qul kimi davranır. «Əgər tədbir görülməsə mən hansı məmurların bu şirkətlə əlaqəli olduğunu açıqlayacam».

Fəhlələrin işə davam edib-etməyəcəklərinə oktyabrın 17-i qərar verəcəklərini söyləyən E.Məmmədov vurğuladı ki, aksiya başlayan kimi “Todini” şirkətinin Azərbaycan üzrə rəhbəri Alberto Kaptori Çuxanlı kəndinə gələrək aksiya iştirakçılarının 6 nəfər nümayəndəsini qəbul edib. E.Məmmədovun sözlərinə görə, aksiya iştirakçılarını dinləyəndən sonra A.Kaptori tələblərdən bir qisminin yerinə yetiriləcəyinə söz verib. Onlar əsasən iş şəraitinin yaxşılaşdırılması və əmək haqlarının qaldırılması ilə bağlıdır: «Görüşdə Alberto Kaptorinin diqqətinə çatdırıldı ki, bura müsəlman ölkəsidir və Baxatellinin Salayanda etdikləri bizim adət-ənənəyə, mentalitetə ziddir. Ona görə insanlarla bu cür aşağlayıcı davranan bu şəxs vəzifəsində qala bilməz. Bu zaman Alberto Kaptori bizi anladığını bildirdi və söylədi ki, o, artıq otuz ildən artıqdır ki, müsəlmanlığı qəbul edib. Bu görüşdən sonra rəhbərliyin addımlarına müvafiq olaraq işçilər birinci gün işə çıxıb-çıxmamaqla bağlı qərar verəcəklər».Onu da qeyd edək ki, əldə etdiyimiz məlumata görə “Todini” şirkətini Azərbaycana «Azəryolservis» gətirib.

Hikmət