Sahibkar Misir Mərdanovla Nailə Rzaquliyevanı ittiham edir
“Təhsil naziri Misir Mərdanov və Bakı Baş Təhsil Idarəsinin rəhbərliyi mənim başıma elə oyun açdılar ki, Azərbaycanı tərk etmək məcburiyyətində qaldım”. “Kapital Inşaat” MMC-nin rəhbəri Ifadə Cəfərzadə “Azadlıq”a ünvanladığı müraciətdə belə yazıb. Ifadə xanımın sözlərinə görə, onun rəhbəri olduğu MMC uzun illərdi uşaq bağçalarını ərzaqla təmin edir. Bu müddət ərzində o, bağçalarda baş verən haqsızlıqların, maxinasiyaların şəxsən şahidi olub. “Bakı Baş Təhsil Idarəsinin müdiri Nailə Rzaquliyevanın, idarədə çalışan Müslüm Qəzənfərovla, Elmira Mehdiyevanın uşaqların yeməyinə göz dikməsinin, onların fiziki və əqli sağlamlıqlarına necə zərbə vurduqlarının şahidi olmuşam. Bağça müdirələri onların yaxın adamlarıdır. Bu adamlar vasitəsilə onlar bağçaları şəxsi təsərrüfatları kimi idarə edirlər”, – deyə Ifadə Cəfərzadə bildirib.
Şikayətçi yazır ki, o bu cür qanunsuzluqlara etiraz etdiyi üçün Misir Mərdanov və Nailə Rzaquliyeva rəhbəri olduğu MMC-ni tenderə buraxımır: “Nailə Rzaquliyeva mənə deyir ki, sənə böyük hörmətim var, istəyirəm çörək qazanasan. Amma Misir Mərdanov istəmir ki, sən tenderdə iştirak edəsən. Lakin mən bilirdim ki, heç Nailə Rzaquliyeva da mənim tenderdə iştirak etməyimdə maraqlı deyil”.
Buna baxmayaraq Ifadə Cəfərzadə tenderdə iştirak etmək üçün sənədlərini hazırlayıb. Əvvəlcə onu Bakı Təhsil Idarəsinə buraxmaq istəməyiblər: “Mən Təhsil Nazirliyinin qaynar xəttinə zəng vurdum. Oradan bildirdilər ki, bu iş bizlik deyil, problemi Bakı Baş Təhsil Idarəsilə həll edin. Mən Nailə xanımın mobil telefonuna zəng vurdum, lakin o dəstəyi götürmədi. Bundan sonra katibəsi ilə əlaqə saxladım. Dedi ki, Nailə xanım idarədə deyil. Bu halda mən məsələni ictimailəşdirəcəyimi, Kütləvi Informasiya Vasitələrinin nümayəndələrini vəziyyəti yerində araşdırmağa çağıracağımı bəyan etdim”.
Sahibkarın KIV-ə müraciət edəcəyindən narahat olan Bakı Baş Təhsil Idarəsinin rəhbərliyi Ifadə Cəfərzadənin sənədlərini qəbul etmək məcburiyyətində qalıb: “Lakin bundan sonra da qanunsuz əməllərini davam etdirərək mənim müəssisəmi tenderdən uzaqlaşdırdılar. Təhsil nazirinin sabiq müavini Iradə xanım tenderdə iştirak edirdi və bütün qanunsuzluqlar onun gözü qarşısında baş verib. Tender günü əvvəlcədən razılaşdırılmış şəkildə iki müəssisə ceri çəkildi. Bununla da tenderin baş tutmadığı elan edildi”.
Bundan sonra Ifadə Cəfərzadəyə təzyiqlər başlayıb. Onun sözlərinə görə, təqib və hədələrdən qurtulmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalıb. MMC rəhbəri sonda qəzetimiz vasitəsilə Ilham Əliyevdən xahiş edir ki, bu məsələ ilə bağlı müvafiq tədbir görsün.
Azad