Terrorun fərqli məkanları və eyni hədəfləri

Rusiya OMON-nunun sağalmaz bir xəstəliyi var. Buna başqa adla, azərbaycanlıların “qara günləri” də demək olar. Təxminən 15 ildir bu ölkənin ərazisində törədilən bütün terror aktlarının bədəlini bizim qəribanlar ödəyir. Terrorun səhərisi günü Rusiyanın böyük bazarları maskalı omonçuların əməliyyat meydanına çevrilir. Minlərlə soydaşımız sorğu-sualsız maşınlara mindirilir və naməlum istiqamətlərə aparılır. Mənasız sorğu-suallar, bir neçə günlük həbs… və sonra məlum olur ki, azərbaycanlılar terrorçu deyilmiş, əksinə əliaçıq, zəhmətkeş insanlarmış. Beləcə növbəti terrora qədər, həmvətənlərimiz sakit və qərib həyatlarını sürdürürlər.

Bütün bunlara baxmayaraq, onlar geri dönməyi ağıllarına belə gətirmirlər. Qərib ölkə bazarlarındakı sadə bir piştaxta ilə ailəsini dolandırır, qara günlərdə nəinki OMON-a verməyə, hətta ev almağa pulları olur…

Azərbaycanda yaşayan sadə əhali isə, belə bir həyatı yalnız arzu edə bilər. Onlar bu qara günləri hər gün yaşayırlar. Sadə bir azərbaycanlı, xırda bir dükan, piştaxtada alver edib balasını saxlamaq üçün hər gün stress yaşamalıdır. Qəribə olanı budur ki, dövlətin istənilən strukturunun nümayəndələri, sahə müvəkkili, yanğın idarəsi, vergi (əlavə haqq), icra hakimiyyəti, fövqəladə hallar idarəsi – Qafqaz Müsəlmanları Idarəsi nümayəndələri istisna olmaqla – hamısını “görməlisən”. Ən qəribə hal isə, məsələn, ucqar bir yerdə kiçik mağaza üçün “post terminal” haqqı (300 manatdan başlayır), yəni xarici vətəndaş gəlib səndən bir kilo mıx, yaxud qənd alanda kredit kartı ilə ödəyə bilsin. Buna isə şanlı gömrükçülər nəzarət edir.

Rusiya OMON-una min şükür, terrordan terrora gəlirlər və qiymət də oxumurlar, pulu verəndə hətta ürəyini də boşalda bilərsən, sadəcə gülümsəyəcəklər. Azərbaycanda isə əksinə, bunu dövlət əleyhinə çıxış kimi dəyərləndirər və həbsə ata bilərlər.

Hər gün qorxu içində oyanan, evinin qabağında buldozer görməyib sakitləşən, görüb infakt keçirən vətəndaşlarımız var.

Hər gün bir tikə çörək arzusuyla yola çıxan soydaşlarımızı dolu qatarlar şimal istiqamətinə daşıyır.

Hər gün bir sürü yaltaq bizi inandırmağa çalışır ki, biz azad, müstəqil, inkişaf edən bir ölkədə yaşayırıq.

Bu ölkənin vətəndaşı da, məmuru da, naziri də, deputatı da sanki potensial qurbanlardır. Bu günlərdə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun son açıqlamaları ilə tanış oldum. 18 illik keçdikləri yolu analiz etmədən, AXC hakimiyyətini tənqid etməyə başladı. Həmişə savadlı görünməyə çalışan bu “çiçəyi burnunda professor” sanki məsuliyyətdən yaxa qurtarmağa çalışırdı. Götürək elə iqtidarın qadınlarla bağlı siyasəti haqda dediyi “Müasir qadın siyasətinin əsasını ümumilli lider Heydər Əliyev qoyub” fikrini və ardınca AXC hakimiyyətinin qadınlara geniş meydan verməməsini. Heç yeridir? Azərbaycan tarixinə düşəcək iki hadisə – qadın batalyonunun yaranması və ABU-nun Dubay filialının açılması, müqayisə üçün kifayət edəcək faktlar olduğundan, adəti üzrə cənab Həsənov məsələni bəlkə də qabartmazdı, lakin o belə etmədi, hətta hədəf də verdi… Lap elə bu yaxınlarda adi bir məktəb direktorunun təhsil nazirinə “səni Misirə səfir göndərtdirərəm”(ayaqda alqışlanacaq, fraza! – X.Ə) deməsi, vəzifəli qadınların tanışlıq və qohumluq bağları ilə aramsız təyinatı, görünür, onu da narahat edir.

…Yəni tarixçilərin dili ilə desək, xalq və bir çox məmurlar qorxu içində yaşamaqdan artıq beziblər, yuxarılar isə köhnə qaydalarla idarə etməkdə hələ də israrlıdır…