Suriya və Yəməndə qan dayanmır

Əsəd və Saleh rejimi xalqa divan tutur

Yəməndə vətəndaş müharibəsi davam edir. Ölkənin paytaxtı Sənada təhlükəsizlik qüvvələri hökumətin istefasını tələb edən nümayişçilərə atəş açıb. Azı 13 nəfərin öldüyü, 38 nəfərin yaralandığı xəbər verilir. Minlərlə nümayişçi hökumət binalarına yaxınlaşarkən təhlükəsizlik qüvvələrilə qarşıdurma yaranıb.Oktyabrın 14-də isə cümə namazından sonra Sənada keçirilən etiraz aksiyalarını lentə alan “Əl Hurra” televiziyasının operatoru açılan atəş nəticəsində dünyasını dəyişib. Şəhərin küçələrinə çıxan nümayişçilər isə prezident Əli Abdulla Salehin dərhal istefasını tələb ediblər. “Ərəb baharı”nın yaşandığı başqa bir ərəb ölkədə – Suriyada Əsəd rejiminin nümayişçilərə qarşı qanlı zorakılığı səngimir. Ötən gün paytaxt Dəməşqin Midan hissəsində təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 2 etirazçı həlak olub. Ölkənin müxtəlif yerlərində cümə namazından sonra keçirilən nümayişlər zamanı isə 21 müxalifətçi qətlə yetirilib.