Sürücülər nazirin sözlərini süngü ilə qarşıladı

Ziya Məmmədov minlərlə ailəni çörəyindən edir

«Belə çıxır ki, işləyib bunları doyuzdurmalıyıq. Başqa əlacımız yoxdur. Elə şərtlər qoyublar ki, bu, heç kəsə sərf etmir»

“Insanlar qeyri-qanuni taksi fəaliyyətinə vərdiş ediblər. Az əvvəl Bakıda, Rəşid Behbudov küçəsində işıqforda dayanan zaman bir vətəndaşın maşından taksi işarəsini götürüb idarə etdiyi avtomobilin üzərinə qoyduğunu gördüm. Sürücümə dedim ki, o vətəndaşdan niyə belə etdiyini soruş. Soruşdu. O da kobudcasına qayıdaraq dedi ki, sən kimsən, nə ixtiyarın var?! Biz vətəndaşların da günahkar olduğunu qəbul etməliyik. Yeni taksilərdə qiymətlər elə də yüksək deyil. Bu, iqtisadiyyata əsaslanan bir məsələdir. London taksiləri çox komfortludur. Hətta bununla bağlı nazirliyə təşəkkür məktubu yazan vətəndaşlarımız da var. Bu maşınların gətirilmə, maya dəyəri xərcləri var. Taarif Şurası da taksi xidməti qiymətlərinə baxarsa, qiymətləri azaldılarsa, o halda deməlidir ki, yeni qiymət nəyə əsaslanır. Nəqliyyat sektorunda yüzlərlə şirkət çalışır. Bu gün elə bir sahə yoxdur ki, bu qədər şirkət çalışsın. Əgər elə bir sahə varsa, gəlin deyin ki, Ziya Məmmədov, siz günahkarsınız” – bu sözlərin müəllifi nəqliyyat naziri Ziya Məmmədovdur.

320 manatın 250 manatı sürücülərə verilir


Ölkədə işsizlik hökm sürdüyündən insanlar dolanışıq üçün sürücülük etməyə məcbur olublar. Ancaq bunu da evlərinə beş-on manat çörək pulu aparmaq üçün dağa-daşa düşənlərə çox görürlər.
Nəqliyyat naziri maşınının üstünə taksi işarəsi qoyanların qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğunu söyləyir. Ziya Məmmədov bunun Bakının müasir imicinə zərər vurduğunu deyir.
Qeyd edək ki, Bakıya 1000-dən yuxarı London taksisi gətirilib ki, bunlar da Bakı Şəhər Icra Hakimiyyətinin əvvəlcədən ayırdığı yerlərdə dayanır. Yaxın illərdə ölkəyə 7-8 min belə taksinin gətiriləcəyi ehtimalı var.
Z.Məmmədovun məlum açıqlamasından sonra Nəqliyyat Nazirliyinin müfəttişləri hərəkətə keçib. Artıq bir neçə gündür ki, onlar fərdi taksilərin dayanacaqlarda durmasına icazə vermir. Tezliklə London taksiləri Bakını ağuşuna alacaq. Bir sözlə, yaxın zamanda heç kəs şəxsi maşınıyla sürücülük edə bilməyəcək. Rəsmi məlumatlara əsaslanaraq deyək ki, Bakıda öz şəxsi maşınıyla 10 min sürücü “taksovat”lıq edir (Reallıqda rəqəmlər daha böyükdür). Şəxsi maşınıyla “taksovat”lıq edənlər London taksilərini götürsələr, bu onları qane edəcəkmi?
Maraq üçün bildirək ki, öz şəxsi maşını ilə “taksovat”lıq edən sürücü aya 50 manata yaxın dövlətə rüsum ödəyir. Ancaq Nəqliyyat Nazirliyinin balansında olan maşınlarla sürücülük edənlər günə 50 manat verməlidirlər. Aylıq maaşları isə 320 manatdır. Söhbət etdiyimiz sürücülər deyirlər ki, onlara 250 manat verilir: “70 manatı əlavə xərc kimi bizdən çıxırlar”.

London taksiləri Bakıya gözəllik gətirir?

Şəxsi maşını ilə sürücülük edən Nəsir dayı London taksiləri ilə sürücülük etməyin onlara sərf etmədiyini söyləyir. Fikrini belə əsaslandırır: “Xəstə adamam. Hər gün dərman qəbul edirəm. Işsizlikdən sürücülük edirəm. Özümü yaxşı hiss etməyəndə evə gedib dincəlirəm. Aya 50 manat pul ödəyirəm. Xeyri də mənim, ziyanı da. Ancaq nazirliyin verdiyi maşından istifadə etsəm, məcburam ki, hər gün işə çıxım. Günə 50 manat haqq ödəmək olar? Qazancın isə aya 250 manatdır. Bu nəinki mənə, heç kəsə sərf etməyəcək”.
“Belə çıxır ki, işləyib bunları doyuzdurmalıyıq. Başqa əlacımız yoxdur. Elə şərtlər qoyublar ki, bu, heç kəsə sərf etmir. Deyirlər ki, şəxsi maşından istifadə edən taksilər şəhərin gözəlliyinə xələl gətirir. Guya bu London taksiləri nədir ki? Onlar Bakıya gözəllik gətirir? Iki gündən bir görürsən ki, yolda qalıb, mühərriki xarab olub” – deyir Elşad adlı sürücü.
Namiq adlı sürücü iş olmadığından kreditə maşın götürüb “taksovat”lıq edir. Onun banka aylıq ödənişi 320 manatdır. London taksisini götürsə, istifadəsində olduğu maşının gərək başını buraxsın. Çünki nazirliyin qoyduğu şərtlər altında sürücülük edib, həm gündəlik haqqı, həm kredit pulunu ödəyə bilməyəcək: “Bu gün mən saat 17-yə qədər benzin pulundan əlavə cəmi 12 manat qazanmışam. Axşama kimi maksimum 20 manat qazansam, şükür edəcəm. Ancaq London taksiləriylə bu qədər ”rasxod”u ödəmək mümkün deyil”.
Eldar adlı sürücü Bakıda 20 mindən çox insanın taksiylə ailə dolandırdığını deyir: “20 min insan 20 min ailə deməkdir. Bu  qədər insanı çörəksiz qoymaq insanlıqdan deyil. London taksiləri nədir axı? Biz o maşınlara ”badımcan taksi” deyirik. O maşınlarla qazanmaq mümkün deyil. Yenə sovet vaxtında olduğu kimi qayda tətbiq etsəydilər bizi qane edərdi. Yaxşı işləyənə mükafat versinlər. Həftədə bir dəfə istirahət günü, normal iş saatı olsun. Ən əsası: aylıq maaş yaxşı olsun ki, sürücülər bu taksilərdən istifadə etsin”.

***

Sürücülərlə söhbət zamanı onlar dedilər ki, Nəqliyyat Nazirliyi şəxsi maşınlarla “taksovat”lığa məcburi qaydada mane olsa “bunt” qaldıracaqlar: “Bunlar bizi məcbur edirlər ki, ayağa qalxıb etiraz edək. Hər kəs özünü düşünür. Biz bədbəxtləri heç düşünən yoxdur”.
Bax belə. Hökumət minlərlə insanın çörəyini əlindən alır. Onları yeganə dolanışıq mənbəyindən məhrum edir…

Ramin DEKO