İslamçılar yeni aksiyaların anonsunu verdilər

Natiq Ağayev: «Aksiyalar bununla bitən deyil, etirazlar davam edəcək»

Dindarların oktyabrın 14-də Ədliyyə Nazirliyinin binası qarşısında keçirmək istədiyi aksiyanın qarşısı polis tərəfindən alınıb. AIP Baş Məclisinin üzvü Natiq Ağayev bunu “Turan”a bildirib.
Onun sözlərinə görə, Ağır Cinayətlərə dair Işlər üzrə Məhkəmənin qərarını ədalətsiz sayan bir qrup dindar məhkəmə qərarına etiraz olaraq Ədliyyə Nazirliyi önündə aksiya keçirə bilmək üçün nazirliklə üzbəüz Cavid bağında toplaşmağa başlayıb. Polislər, çoxsaylı mülki geyimli şəxslər dindarları elə bağda və bağa yaxın ərazilərdə saxlayaraq polis idarələrinə aparıblar. Bundan əlavə, içi təyinatlılarla dolu olan 4 avtobus isə bağa yaxın yerdə saxlanılıb. Saxlanılanlar 24-27 saylı polis bölmələrinə gətiriliblər. Axşam saat 21 radələrinə kimi bütün saxlanılanlar sərbəst buraxılıblar.
“Amma aksiya bununla bitən deyil, bu etiraz davam edəcək, hakimiyyətin ünvanına tənqidi olan bir kəlmə söz deyilib. Buna görə insana 12 il iş verməzlər, bu, ədalətsizlikdir”, – deyə N.Ağayev qeyd edib.
Xatırladaq ki, son həftələr ölkədə Islam Partiyasının 10 fəalı və dindarlar həbs cəzasına məhkum edilib. Hüquq müdafiəçiləri onların hakimiyyəti tənqid etdiklərinə və hökumət əleyhinə nümayişlərdə iştirak etdiklərinə görə siyasi təqiblərə məruz qaldığını hesab edir.