Istirahət günü insan ruhu oxşayan şeylər oxumaq istəyir. Amma təkcə yoqa ilə məşğul olanlar həyatın gerçəkliklərindən yuxarı qalxmaq iqtidarında olur və səhv etmirəmsə, özləri demişkən, onlar hər cür reallıqlardan uzaqlaşaraq “nirvanna”ya qovuşurlar. Lakin başqa insanlar bunu bacarmır. Istər istirahət günü olsun, istərsə də qeyri, biz bu gerçəkliklərin əsiriyik. Gerçəkliklər isə o qədər də ürəkaçan deyil. Bəli, siyasət həmişə lirikadan uzaq olub və elə indi də belədir, hərçənd ki, şeir yazan hökmdarlar da az olmayıb, hətta aralarında yaxşı yazanlar da olub. Oktyabr Azərbaycan üçün bir qədər gərgin olmalı idi və biz artıq bunu hiss edirik. Transxəzər qaz marşrutu Rusiyanın ovqatını yaman korlayıb. Deyirəm, bu ruslar çox qəribə millətdir, türkmənlərin, daha doğrusu, Türkmənistanın hesabına yarım trilyon dollar ehtiyat toplayıblar. Indi də bərk narahatdırlar ki, birdən türkmənlər qazın başqa marşrutla nəqli üstündə düşünməyə başlayarlar və bu qədər gəlir onların əlindən çıxar. Hə, ABŞ qara dərili amerikalılara vaxtilə onların qul edildiyinə görə bir müavinət ödəyir. Deyirəm, görən, ruslar keçmiş və indiki qullarına nə vaxt müavinət ödəmək haqqında düşünəcək?
Korrupsiyaya qarşı mübarizə gedir?
Bəli, bunu da iki mənada başa düşmək olar. Indi az qala hər həftə bir adamı işdən çıxarırlar ki, bəs, korrupsiya ilə mübarizə aparırıq. Olsun. Çox maraq kəsb edən detal budur ki, söhbət nəyisə tikib-qurmaqdan düşəndə başqa adamın adını çəkirlər, amma məsuliyyətə cəlb ediləndə digərləri peyda olur.
Bunların korrupsiya ilə mübarizəsi oyunu xatırladır. Bu oyun bir müddət öz işini görəcək və heç bir nəticəsi də olmayacaq, buna şübhəniz olmasın. Bir adamı işdən çıxarmaqla korrupsiyanın da kökünü kəsmək mümkün olsaydı, daha nə vardı ki? Korrupsiya bu ölkədə sistem hadisəsidir, bunu deməkdən və yazmaqdan yorulmuşuq. Ona görə də şirin xəyallara qapılmağın heç bir mənası yoxdur. Bəli, çalışırlar ki, rüşvəti də imtiyaza çevirsinlər, “yuxarılar” alsın, amma “aşağılar” maaşla dolansın. Təbii, “aşağılar” buna müqavimət göstərir və gələcəkdə də göstərəcək. Ölkədə elə bir sistem qurulub və elə bir “rüşvətstan” yaradılıb ki, rüşvət məmurda öz işinə, eləcə dövlətə maraq yaradan yeganə institutdur, əks təqdirdə onlar özləri bu sistemi məhv edər.
Adətən normal ölkədə məmurlarda bir dövlətçilik hissi və dövlətə qarşı həm də bir sakral münasibət olur. Azərbaycanda belə şey yoxdur, kresloya sahib durmaq və idarəsinə öz şirkəti kimi baxmaq hissi var. Belə ölkədə məmuru rüşvətdən məhrum etmək çox ağır siyasi nəticələrə gətirib çıxarar və hətta mən deyərdim ki, hakimiyyət dəyişər, çünki məmuru indi dövlət institutuna bağlayan, ona azacıq da olsa dövlətçilik hissi aşılayan məhz rüşvətdir. AXC hakimiyyəti zamanı məmurların yüksək təbəqəsi dəyişdirilsə də orta, eləcə də aşağı təbəqələr dəyişməz qaldı. Üstəlik, həmin iki təbəqə – orta və aşağı təbəqə rüşvətdən məhrum edildi. Nəticədə nə baş verdi? Həmin iki təbəqə başladı dövlətin işini əngəlləməyə, onu iflic etməyə və etiraf edək ki, onlar buna nail də oldular. Indiki sistemdə məmurda sahiblik hissi yaradan yalnız rüşvətdir və təsəvvvür edin, həmin rüşvət olmasa, nələr baş verər?!Kumir olmaq asandırmı?
Yox, asan deyil. Bir neçə gündür ki, dünyanın hər yerində insanlar üzünü də görmədikləri bir biznesmenə və ixtiraçıya yas tutur. O mənada “üzünü belə görmədikləri” deyirəm ki, çoxu onu görübsə də ancaq ekranlarda görüb, bir başqa tanışlıq imkanları olmayıb. Mən bu detalın üstündə niyə dayandım? O səbəbə görə ki, dünya həqiqətən də qloballaşır. C.Lennon öləndə sovetlərin vaxtında təkcə Gürcüstanda matəm elan olunmuşdu, səhv etmirəmsə, məhz belə olmuşdu. Amma indi coğrafiya genişlənir. Insanları dünyaya bağlayan tellər artır. Əslində bu amil də düşündürməlidir. Hətta sovetlər insanları tam təcrid edə bilmirdilər, bəlkə də bunu istəmirdilər. Indisə bu, tam qeyri-real görünür. Amma nə edəsən ki, diktatorlar daşı ətklərindən tökmək istəmirlər. Fəqət, başqa yolları da yoxdur…


