Repressiya qurbanı Mədinə xanım Qiyasbəyli

Məhv edilən səksən min Azərbaycan ziyalısından biri

“Azərbaycan xalqının həqiqi faciəsi 1936-cı ildən başlandı. Xalq əleyhinə, xüsusilə ziyalılar əleyhinə cəza tədbirləri 1937-38-ci illərdə daha da amansızlaşdı, hakimiyyətdə oturmuş dövlət quldur dəstəsi görünməmiş vəhşilikləri Sumbatovun, Borşovun, Gerasimovun, Sinmanın, Şerin, Qriqoryanın, Markaryanın, Qalstyanın, Ohanesyanın, Avanesyanın və onların Atakişiyev kimi nökərlərinin və qeyrilərinin əli ilə təxminən 70-80 min Azərbaycan ziyalı nümayəndəsi – alim, yazıçı, artist, müəllim, gənc, din xadimi, sovet və partiya idarəsi əməkdaşı, hərbçi – bir sözlə, bütün düşünən beyinlər, qeyri-adi təfəkkür sahibləri bir ucdan məhv edildilər. Tək bircə xarici dil bilən şəxsləri də qırırdılar. Ölüm və cəza maşını dayanacaqsız və fasiləsiz işləyirdi. Hər bir ”xalq düşməni”nə “məhkəmə” zamanı ancaq 15 dəqiqə vaxt ayrılırdı… Bakıda bütün bu quldur tribunal iclaslarını Vışinskinin müavini, bəşər övladının qatili Matuleviç öz əlaltıları Zaryanov və Jiqurla birgə aparırdı. Biz ancaq Bakıdan danışırıq! Kim deyə bilər ki, Azərbaycanın kənd rayonlarında bu fövqəladə üçlüklərin xüsusi iclaslarının qərarları ilə neçə min günahsız məhv edilmişdir? Xüsusi düşərgələrə sürgün edilmiş “xalq düşmənləri”nin ailə üzvlərinin təxmini sayını kim deyə bilər?..”.Bu sözlər görkəmli akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabındandır.Doğrudan da, 1937- 1938-ci illər Azərbaycan Zaqafqaziyada ən çox dərin zəkaların, düşünən beyinlərin məhvinə yönələn repressiya və deportasiya qurbanlarının ön sırasında oldu. Bunların içərisində yalnız kişilər deyil, çoxlu sayda Azərbaycan qadınları da var idi. Belə xanımlardan biri maarif xadimi, pedaqoq, jurnalist, tərcüməçi Mədinə xanım  Qiyasbəyli olub. Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, görkəmli pedaqoq və ictimai xadim Mədinə xanım Qiyasbəyli (Vəkilova) 1889-cu ilin aprelində Qazax qəzasının Salahlı kəndində dünyaya gəlib. Maarifpərvər Mehdi ağa Vəkilovun ailəsində doğulmuş Mədinə xanım ilk dini-dünyəvi təhsilini valideynlərindən, sonralar Tiflisdə “Müqəddəs Nina” pedaqoji məktəbində almışdır. Ömrü boyu maarif və mədəniyyətin inkişafına çalışmışdır. Qazax və Gədəbəy bölgələrində məktəblər təşkil etmişdir. 1906-cı ildə Salahlı kəndində ilk rus qız məktəbini açmışdır. Bu, Zaqafqaziyada ilk qız məktəbi olmuşdur. 1918-ci ildə Qazax qəzası kənd məktəblərinin inspektoru işləmişdir. 1919-cu ildə ailə həyatı qurmuş, iki qızı, bir oğlu dünyaya gəlmişdir.

20-ci illərin axırlarında Bakıya köçən Mədinə xanım burada yaşadığı mənzildə kurslar təşkil etmişdir. Sonra azərbaycanlı qızlar üçün Darülmüəllimat-qız məktəbləri üçün ibtidai sinif müəllimləri hazırlayan ilk pedaqoji təhsil ocağını yaratmışdır. Sonra Bakıda orta məktəblərdə, Kənd Təsərrüfatı Institutunda müəllimlik etmiş, Azərbaycan Dövlət Tibb Institutunda assissent vəzifəsində çalışmışdır.

Hədəfdə olan Vəkilovlar nəslinin bir üzvü

O, “Şərq qadını” jurnalının yaradıcılarından biri kimi savadsızlığa qarşı mübarizəyə qoşulmuş, tərcüməçilik fəaliyyəti ilə ardıcıl məşğul olmuşdur. Səməd Vurğun A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanının poetik tərcüməsi üzərində çalışarkən onun tövsiyələrinə qayğı ilə yanaşmışdır. Rus oxucuları onun tərcüməsi ilə M.S.Ordubadinin “Dumanlı Təbriz”, Əbülhəsənin “Yoxuşlar” romanı ilə tanış olmuşlar.

1936-cı ilin dekabr ayının 8-də 1747 N-li orderə əsasən həbs edilib. 8 sentyabr 1937-ci ilə kimi 12 dəfə dindirilmişdir.

1936-cı ilin 10 dekabrında leytenant Platonov və serjant Oqanezov tərəfindən keçirilən dindirilmədən:

Sual: Istintaq müəyyən edir ki, siz qeyri-leqal əksinqilabçı müsavatçı təşkilatının üzvüsünüz. Bunu boynunuza alırsınız? Cavab: Yox, boynuma almıram. Sual: Siz şəxsən müsavatçılardan kimi tanıyırsınız?

Cavab: Müsavatçılardan aşağıdakıları tanıyıram: Vəkilov Rəhim – dayım oğlu, Müsavat parlamenti üzvü idi. Əksinqilabçı müsavatçı fəaliyyətinə görə sürgündə idi, 1934-cü ildə Solovki konslagerindən qayıdandan sonra özünü öldürdü; Vəkilov Isfəndiyar – atamın əmisi oğlu, Solovki konslagerində sürgündə idi, 1936-cı ilin noyabrında qayıdıb; Vəkilov Zəkəriyyə – dayımdır. Konslagerdə idi, sürgündən 1936-cı ildə qayıdıb; Vəkilov(Baharlı) Məmməd Həsən, sürgündə idi; Rəhimov Əbdülhəsən – müəllimdir.
Fevralın 8-də keçirilən yeddinci dindirmədən:
Sual: Istintaq müəyyən edib ki, siz həbs olunduğunuz günədək əksinqilabçı mövqedə olaraq sovet hakimiyyəti əleyhinə mübarizə edirdiniz. Cavab: Bunu rədd edirəm. 
Sual: Sizi müsavatçılarla nə bağlayırdı? 
Cavab: Bizim bir millətçi nəzərimiz, qohumluğumuz və bu adamların mədəniyyəti…1937-ci il sentyabrın 8-də Mədinə xanım axırıncı on ikinci dindirilmə zamanı müstəntiqin: “Izah edin görək, Azərbaycan əksinqilabi millətçi təşkilatla sizin əksinqilabi əlaqəniz konkret olaraq nədən ibarət idi?” sualına yenə də rədd cavabı vermişdir. 
Həmin gün istintaqın bitməsi haqda protokol tərtib olunanda Qiyasbəyli Mədinə xanım rəsmi elan etdi ki, onun istintaqa heç bir əlaqəsi yoxdur, müsavat firqəsində olmayıb və əksinqilabi millətçi təşkilatla əlaqəsi yox idi. Son qərar – güllələnmə hökmü

Ancaq bütün bunlara baxmayaraq, 1937-ci ilin sentyabrın 23-də tərtib olunmuş ittihamnamədə aşağıdakılar yazılmışdır: “Azərbaycanda Sovet hakimiyyəti hələ bərqərar olmamışdan əvvəl Mədinə xanım Qiyasbəyli Müsavat partiyasının fəal üzvü olub, M.Ə.Rəsulzadə və Müsavatın başqa görkəmli başçıları ilə sıx əlaqəsi var idi. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Qiyasbəyli yenə də müsavatçı mövqeyində qalıb, Bakıda olan qeyri-leqal əksinqilabi müsavat təşkilatlarına daxil idi və Baharlı Məmməd Həsən, Vəkilov Rəhim və başqaları tərəfindən rəhbərlik edilən qeyri-leqal  müsavat mərkəzi ilə əlaqə saxlayırdı. Həmin təşkilatın 1927-ci ildə ləğv olunmasından sonra Mədinə xanım Qiyasbəyli öz ətrafına əksinqilabi ruhda gəncləri toplayırdı. 1930-33-cü illərdə Qiyasbəyli Iranda olan müsavatçılarla qeyri-leqal əlaqə saxlayırdı. Həbs olunana kimi Qiyasbəyli Mədinə xanım sovet hökumətilə mübarizə mövqeyində qalıb, əksinqilabi-millətçi təşkilatının üzvləri Ruhulla Axundov, Bəkir Çobanzadə və başqaları ilə əlaqə saxlayırdı. Göstərilənlərə əsasən Qiyasbəyli Mədinə xanım Mehdi qızı 1889-cu ildə bəy ailəsində doğulmuş, dul, Tibb Institutunun müəlliməsi,  Azərbaycan SSR CM 72 və 73-cü maddələri ilə təqsirləndirilir. Müttəhim Qiyasbəyli özünü qismən müqəssir hesab etdi. Izah olunanlara əsasən, 13506 N-li istintaqı  bitmiş hesab edərək Qiyasbəyli Mədinə xanımın işi Azərbaycan XDIK nəzdində olan Xüsusi üçlüyə verilsin”. Azərbaycan SSR XDIK nəzdindəki üçlüyün 1937-ci il sentyabrın 26-da keçirilən iclasın protokolundan çıxarış.

Eşidildi: Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri ilə təqsirkar sayılan Qiyasbəyli Mədinə Mehdi qızının 13506 N-li cinayət işi. Qərara alındı: Qiyasbəyli Mədinə xanım Mehdi qızı əmlakı müsadirə edilsin, güllələnsin. 13506 N-li cinayət işinin 202-ci vərəqəsindəki aktdan çıxarış: “Azərbaycan SSR XDIK Xüsusi üçlüyün 1937-ci il 26 sentyabr tarixli, 45 yaşında olan Qiyasbəyli Mədinə xanım Mehdi qızının güllələnməsi haqda qərarı 1937-ci il sentyabrın 28-də gecə saat 01.25-də yerinə yetirilmişdir. Baş leytenant Suxanov”. Mədinə xanım Qiyasbəyli haqqında çıxarılmış ədalətsiz hökm 24 avqust 1956-cı ildə Azərbaycan Ali Məhkəməsinin Cinayət Işləri üzrə Məhkəmə Kollegiyası tərəfindən ləğv edilmiş və ona bəraət verilmişdir.
Bu da amansız repressiya tufanında məhv edilən, yarımçıq qoyulan daha bir ziyalı Azərbaycan qadınının acı taleyi…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir