Mahir Abdullayev sağdırmı?

Keçmiş MTN-çidən yeni şok: Cinayət işində Heydər Əliyev Fondunun da adı hallanır

Ramin Nağıyev

 

Cin butulkadan çıxıb və bütün Avropada dolaşmaqdadır (II YAZI)

Əlimizdə olan videokasetlər ictimaiyyətə açıqlanandan sonra, çətin ki, 2003-cü ildə MTN əməkdaşı Mahir Abdullayevin məhz polisin iştirakı ilə oğurlandığına kimsə şübhəylə yanaşa bilsin. Və kimsə deyə bilməz ki, DIN-in bütün rəhbər heyəti bu proseslərdən kənarda və onlardan xəbərsiz olub. Onların hamısı nə baş verdiyi barədə ətraflı məlumatlara malik olublar, amma heç biri cınqırını da çıxarmayıb, heç biri Mahir Abdullayevin azad edilməsi üçün hərəkət etməyib. Əksinə, Elşad Abdullayevin söylədiklərindən də belə çıxır ki, müxtəlif vasitələri və vasitəçiləri (o cümlədən, Kazımov qardaşlarını) işə salaraq yalnız pul qopartmaq haqqında düşünüblər. Hətta ona baxmayaraq ki, məhz həmin ərəfədə “polis bandası” olaraq ifşa edilən Hacı Məmmədov dəstəsinin işi araşdırılırdı.
Onlar heç nədən və heç kimdən qorxmurdular. Çünki arxalarında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin əzəmətini hiss edir və onun sifarişlərini yerinə yetirirdilər.

Ramil Usubov videokasetə baxdı və…

Elşad Abdullayev mənə danışırdı ki, o, Ramil Usubovun qəbulunda olarkən orada ona videokaset təqdim edib, nazir elə kabinetdəcə həmin videokasetə baxıb və kövrəlib, möhkəmcə duyğulanıb: “Mən elə bildim ki, o, mənim qardaşımın başına gələnlərlə bağlı duyğulanıb və hətta ona təskinlik vermək istədim. Amma az sonra anladım ki, nazir mənim günümə yox, öz gününə kövrəlib ki, onu yenə də zərbə altına qoyublar”. Kasetə baxdıqdan sonra Ramil Usubov onu özündə saxlayıb və söz verib ki, bu məsələ ilə ciddi məşğul olacaq və kömək edəcək. Amma bu görüşdən sonra, o, Elşad Abdullayevi bir daha qəbul etməyib, yəqin ki, “məşğul olacam, kömək edəcəm” sözləri də birdəfəlik unudulub.
Amma Allaha şükür ki, hamı belə deyil. Polisdə hələ də öz qanuni vəzifəsini yerinə yetirən insanlar var. Təəssüf ki, onların sayı gündən-günə azalır, amma hər halda, var. Yeri gəlmişkən, fürsətdən istifadə edərək, polis polkovnik-leytenantı Rövşən Abasquliyevin sonrakı taleyindən xəbərdar olanlardan xahiş edirəm ki, bu məlumatları hansısa yolla mediaya çatdırsınlar (Onun haqqında məlumatları “Azadlıq”a çatdırmağı daha doğru hesab edirəm – red.). Bunu təsadüfi olaraq yazmıram. Məndə olan məlumata görə ona və ailəsinə qarşı ciddi təzyiqlər var…

Baş Prokurorluq susur

Daxili Işlər Nazirliyindən fərqli olaraq Baş Prokurorluq, sadəcə olaraq, susur. 10 ildən artıqdır ki, Prokurorluğun bütün rəhbərliyinin, o cümlədən baş prokuror Zakir Qaralovun özünün siyasəti “nə ağlardanam, nə də qırmızılardan” tezisinin üzərində qurulub. Bu orqan, hətta öz əməkdaşı olan Rövşən Əliyevin qətli hadisəsini belə, araşdırmağa həvəsli deyildi. Baxmayaraq ki, həmin qətlin sifarişçilərini də, icraçılarını da əla tanıyırdı. Indi də, “onlara dəxli olmayan” bir adam oğurluğu hadisəsindən söhbət gedir.

MTN “sarı mətbuatı” oxumur

Və həmişə olduğu kimi, MTN öz ali mövqeyini qoruyub saxlamaqda və baş verənlərə də həmin yüksəklikdən baxmaqdadır. MTN Mətbuat Xidmətinin təmsilçisi bu mərhələdə çox maraqlı bir açıqlama ilə çıxış etdi: “Biz ”sarı mətbuat”ı oxumuruq”. Görünür, bu açıqlamadan sonra onlardan heç nə soruşmağa və gözləməyə dəyməz. Hətta Mahir Abdullayevin oğurlanması və azadlığa buraxılması ilə bağlı nəticəsiz danışıqlar barədə bütün şikayətlərdə MTN-in onlarla əməkdaşının adları çəkilir. Bu “nəticəsiz danışıqların” mərkəzində isə 2 milyon 800 min ABŞ dolları dayanır. Amma onlar heç nə bilmirlər, heç nə görmürlər, heç nə eşitmirlər, “sarı mətbuatı” oxumurlar, heç nəyə də cavab vermirlər. Hətta Elşad Abdullayev MTN əməkdaşına Mahir Abdullayevin oğurlanması ilə bağlı hadisələrə birbaşa dəxli olan  8 videokaset və 2 audio kaset versə də (04.03. 2009 tarixli protokol “Azadlıq” qəzetinə təqdim edilib və dərc olunub – red.)…

Cinayət faktına orijinal və operativ reaksiya

Hüquq-mühafizə orqanları yalnız bir halda operativ reaksiya veriblər. Elşad Abdullayev 2009-cu ildə Baş prokurorluğa və MTN-ə Mahir Abdullayevin oğurlanması və bu cinayətin üzərində sövdələşmə əməliyyatlarında konkret şəxslərin iştirakını sübut edən video və audio kasetləri (cəmi 105 bənd üzrə – red.) təqdim edəndən sonra. Amma qətiyyən elə hesab etməyin ki, adam oğruları və ya girovun azadlığı müqabilində sövdələşmə aparanlar məsuliyyətə cəlb edilib, həbs olunub. Sadəcə olaraq, hüquq mühafizə orqanlarının nümayəndələri Elşad Abdullayevin ofisinə gələrək, oradakı çəkiliş qurğularının qanunsuz olduğunu əsas gətirərək həmin qurğuları söküb aparıblar. Amma bu çəkiliş qurğularının nəyi qeydə aldığı, hansı cinayətə işıq saldığı, heç kimin vecinə də olmayıb.
Bu çəkilişlərin arasında isə məsələn, 2005-ci ildə, MTN əməkdaşları Ilqar Abbasovun və Fikrət Əliyevin bu sözləri çox dəqiq şəkildə qeydə alınıb ki, 2003-cü ildə, Mahir Abdullayevin oğurlanmasından düz 22 gün sonra onu DIN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsindən Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına köçürüblər.
Bu kasetlər də ictimaiyyətə açıqlanması nəzərdə tutulanların arasındadır.

Prezident bu məsələlərdən xəbərdar deyil?

Mən Elşad Abdullayevin Strasburq məhkəməsinə təqdim etdiyi bütün materiallarla tanış oldum və hələ də özüm üçün aydınlaşdıra bilmirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərləri kimin sifarişlərini yerinə yetirirlər. Ramiz Mehdiyevin əlinin olduğu iddia edilən bütün bu materialların Azərbaycan prezidentindən xəbərsiz necə baş verdiyini anlaya bilmirəm.
Iki misal çəkim:
Birincisi: MTN əməkdaşı, Ramiz Mehdiyevin yaxın qohumu, Mehdiyevin tövsiyəsi ilə Milli Təhlükəsizlik nazirinin ABU-ya prorektor vəzifəsinə göndərdiyi adam (Necə deyərlər, “krışa” altında işləmək MTN-in bütün zabitlərinin arzusudur).
2009-cu ildə Elşad Abdullayevlə söhbət zamanı Fikrət Əliyev ona Ramiz Mehdiyevin sözlərini çatdırır:
F.Ə. – Qardaşını diri almaq istəyirsənsə, Universiteti verməlisən?.
E.A. – Kimə?
F.Ə. – Prezidentin əmisi oğluna, Ilqar Əliyevə.
Bu sözlərdən sonra Elşad Abdullayev Fikrət Əliyevi universitetdən, sadəcə olaraq, qovur. Bu epizodda prezidentin özü və ailəsi adından danışıq aparılır. Prezidentin özünün bundan xəbəri olduğunu bilmək istərdim. Inanıram ki, xəbəri yoxdur…

***

Bütün bu hekayətlər mənə 2005-ci ildə Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həyat yoldaşının Hacı Məmmədovun bandası tərəfindən oğurlanması əməliyyatını xatırladır. O, həyat yoldaşını azad etmək üçün daha haralara müraciət etmədi ki? Yalnız birbaşa Ilham Əliyevi məlumatlandırandan sonra məsələ dərhal həllini tapdı. Onun həyat yoldaşını xilas etdilər, bandanın üzvlərini isə həbsxanaya göndərdilər. Məsələnin maraqlı və sual doğuran tərəfi də budur ki, bir “poqonlu əcinnələr” bandasını həbs etdilər, amma o biriləri, hətta orden-medallarla təltif olunurlar. Belə çıxır ki, “Qara kəmər” əməliyyatı keçirilən zaman ən dolaşıq situasiyada oğurlanan, xəbəri-ətəri duyulmayan, MTN əməkdaşı Mahir Abdullayev elə həmin Nazirliyin təcridxanasında saxlanılmaqda imiş.

Cin Avropada gəzir

2008-ci ildə Hacı Məmmədovun və onun bandası üzərində tələm-tələsik məhkəmə prosesini təşkil edən Ramiz Mehdiyev situasiyanı öz nəzarəti altında saxlamağı bacardı. Hacı Məmmədovun özünü isə hələ də qanunsuz olaraq, MTN-in təcridxanasında saxlamaqla bu nəzarəti də əllərində saxlamaqda davam edirlər. Amma Mahir Abdullayev məsələsində, bu, alınmadı. Cin hansısa şəkildə butulkadan çıxıb və bütün Avropada dolaşmaqdadır. 
Bu isə Elşad Abdullayevin Fransada, Lion şəhərində, Interpolun Fransa üzrə Mərkəzi ofisinə verdiyi izahatdan bir hissədir (izahatın tam mətni “Azadlıq” qəzetinə təqdim edilib – red.): “Bu terrorun təhlükəliliyi kriminal bandanın dövlət hakimiyyət orqanlarında yüksək vəzifələrdə olması ilə bağlıdır… ÿ52 illik avtoritar dövlət hakimiyyət orqanlarının ÿiçərisində ÿformalaşmış mütəşəkkil cinayətkar dəstə – adam oğrularının məqsədi bizdən külli miqdarda pul almaq və mənim təsis etdiyim, rektoru olduğum Azərbaycan Beynəlxalq Universitetini Prezidentin Icra Aparatının müdiri Ramiz Mehdiyevin yaxın qohumu ”KQB” polkovniki Fikrət Əliyevin adına keçirmək olubdur. Mən bundan imtina etdikdə günün – günorta çağı qara maskalılar mənə silahlı basqın etdilər. Mənə qarşı edilmiş dövlət terroruna gündəlik rəhbərlik “KQB” polkovniki Fikrət Əliyev tərəfinden edilir, PA-nın müdiri Ramiz Mehdiyev tərəfindən havadarlıq edilir, bu cinayətin təşkilatçısı  isə “KQB”nin müavini Hilal Əsədovdur, bu cinayətin icraçısı “KQB” polkovniki Akif Çovdarovdur, bu cinayətin iştirakçıları  Sənan Ibrahimov və Qulu Cəfərovdur, Rövşanədir, bu cinayət müğənni Mətanət Isgəndərlinin evində (Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 4-də) baş vermişdir…,ÿ qardaşım Mahir Abdullayevi geri qaytarmaq üçün pulu notariat qaydasında Arzu Firudin oğlu Kazımovÿ və Milli Təhlükəsizlik Nazirliyinin ATM-inÿ polkovnikiÿ Akif Covdarov tərəfindən alınmışdır…, bu adamların Avropa və Azərbaycan KIV-lərində çoxsaylı qətllərdə adları hallanır ( Daha ətraflı bax: Avropa Insan Hüquqları Məhkəməsinin 02.IX.2011-ci il tarixli şikayətə – red.). Mənə və qohum-əqrəbama qarşı edilən dövlət terrorunun sifarişçisi Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevin əmisi oğlu ILQAR AQIL OĞLU ƏLIYEVDIR. Sizdən xahiş edirəm ki, yuxarıdaÿ adları qeyd olunan terrorçuları cinayət məsuliyyətinə cəlb edəsiniz…!!!”.ÿ
Mən bundan daha konkret yaza bilməzdim.

“Pulları Heydər Əliyev Fonduna köçürmüşük”

Ikinci nümunə. Elşad Abdullayev Arzu Kazımovla və mərhum general Zahid Dünyamalıyevlə görüşür və onlara deyir: “Ya mənim qardaşımı qaytarın, ya da sizə verdiyim 3 milyon dolları”.
Amma onlar cavab verirlər ki, pulları verə bilmərik, çünki bizdə deyil. Biz həmin pulları Heydər Əliyev Fonduna köçürmüşük. Bacarırsan, get özün al.
Fransa Respublikası Prezidenti aparatının bu izahatı Fond haqqında bu ifadələrlə qəbul edən əməkdaşlarının hansı şəkildə şoka düşdüyünü yazılı şəkildə təsvir edə bilmirəm. YUNESKO-nun baş katibliyində isə bu sənədləri qəbul edən madam Anna Glass bir neçə dəqiqəliyə danışıq qabiliyyətini itirdi. Və bu, başa düşüləndir. Fransada Heydər Əliyev Fondunu xeyriyyə təşkilatı kimi, Parisdə və Strasburqda muzeylərin təmiri üçün pul ayıran mərkəz olaraq tanıyırlar. Indi isə belə çıxır ki, bu Fondun vəsaitləri kriminal vasitələrlə, hətta adam oğurluğu yolu ilə əldə edilən pullar da burada yuyula bilir. Hələ onu da nəzərə alsaq ki, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin təşkilatçılığı bu Fonda həvalə edilib, o zaman bu festivalın Azərbaycanda keçirilməsi belə, ciddi sual altına düşür.
Nəhayət, bir məsələyə də münasibət bildirmək istəyirəm. Məndə olan məlumatlara görə Mahir Abdullayev artıq sağ deyil. Onu öldürüblər. 2010-cu ildə Strasburq məhkəməsinə ilk müraciətdən sonra Azərbaycanda bu problemi kökündən həll etmək qərarı veriblər və Mahir Abdullayevi “ləğv” ediblər.
Kimsə bunun əksini sübut edə bilirmi? Təbii ki, yox…

HƏMÇİNİN BAX:

Elşad Abdullayevlə polemika

ABU-nun rektoru prokurorluğa ifadəsinin davamında nələrdən bəhs edib?

Elşad Abdullayevin ittiham etdiyi şəxs «Azadlıq»a danışdı

Elşad Abdullayevin qardaşı oğlu da oğurlanıbmış

Generalın oğlunu kimlər oğurlayıb?

Elşad Abdullayev fırtınası davam edir

***

Elşad Abdullayevdən İlham Əliyevə şok müraciət

Elşad Abdullayevdən yeni sensasiyalar

“Qohumlarım MTN-in «podvallarından» tapılırdılar”

Mahir Abdullayevin oğurlandığı maşın Bakıdadır

Elşad Abdullayevin MTN-ə təqdim etdiyi dəlillər «Azadlıq»da

Elşad Abdullayev kimə borclu olub?