Azyaşlı körpələrin də olduğu evdə yanğın nədən baş verib?
Göyçayın Yalman kəndində baş verən faciə ilə bağlı yeni məlumatlar almışıq. Xatırladaq ki, oktyabrın 14-də günorta saatlarında Yalman kənd sakini Rauf Yaqubova məxsus iki mərtəbəli ev yanıb. Ev sahibinin iki azyaşlı övladı – 2009-cu il təvəllüdlü Aygül Yaqubova və 2008-ci il təvəllüdlü Buludxan Yaqubov yanğın baş verən evin içərisində qalıb və onların xilas edilməsi mümkün olmayıb. Onların meyitləri çətinliklə də olsa yanğın nəticəsində dağılmış evdən çıxarılaraq valideynlərinə təhvil verilib.
Göyçaydakı əməkdaşmız dünən faciədə baş verən kənddə olub. Ev sahiblərinin özü ilə söhbətləşmək mümkün olmasa da, qohumları əməkdaşımıza bəzi təfərrüatları deyiblər. Onların sözlərinə görə, hadisə baş verən zaman Rauf Yvqubovla xanımı həyətdə olub. Onlar təsərrüfatlar məşğul imiş. Bu baxımdan yanğından bir qədər gec xəbər tutublar. Yaqubovla evdə yanğın baş verdiyini biləndə artıq içəri daxil olmaq mümkün olmayıb. Hadisənin səbəbinə gəlincə, bu barədə heç kim konkret nəsə deyə bilməyib. Lakin qohumlar, həmçinin kənd camaatı əməkdaşımıza bildirib ki, olayın qəsdən, qisasçılıq məqsədilə edildiyi istisnadır. Onlar bu qənaətlərini Yaqubovların heç kimlə düşmənçiliyi olmaması ilə izah ediblər. Eyni zamanda bəlli olub ki, Yaqubovların ailələri Yalmanda böyük nüfuza malikdirlər. Kəndə hər kəs bu ailələrə böyük hörmət göstərir.
Bəzi ehtimallara görə hadisə qısaqapanma nəticəsində baş verib.
Informasiya şöbəsi