Gənclər də aclıq aksiyasına qoşula bilər

Dünən RATI-də Gənc Siyasi Məhbusların Müdafiə Komitəsi həbsdə olan gənclərin müdafiəsi ilə bağlı mətbuat konfransı keçirib. Komitənin koordinatoru Rəsul Cəfərov bildirib ki, konfransın əsas məqsədinin son zamanlar ölkədə müxalif və gənc fəallara qarşı aparılan hücumlara satirik etiraz nümayiş etdirməkdir. R.Cəfərov siyasi məhbusların ailə üzvlərinin gənclərin həbslərinə etiraz olaraq oktyabrın 14-dən başladıqları aclıq aksiyasını dəstəklədiklərini bildirib. O, komitə üzvlərinin aclıq aksiyası keçirən valideynlərlə görüşdüyünü nəzərə çatdırıb.

“Təklif edirəm ki, gənclər də həbs edilən siyasi məhbusların ailə üzvlərinin aclıq aksiyasına qoşulsun”,- deyə R.Cəfərov əlavə edib. O qeyd edib ki, komitə oktyabrın 17-də Yasamal rayon məhkəməsində bir qrup gəncin Ictimai televiziyaya qarşı məhkəmə prosesində iştirak etməyi də nəzərdə tutur. Gənclər  məhkəməyə 2 aprel aksiyası zamanı həbs edilən siyasi məhbusların hüquqlarının müdafiəsi ilə bağlı efir vaxtı verilməsi iddiası ilə müraciət ediblər. ITV müraciətə məhəl qoymayıb, bundan sonra gənclər məhkəməyə üz tutublar.
AXCP Gənclər təşkilatının rəhbəri Əbülfəz Qurbanlı hakimiyyətin gənclərə qarşı apardığı kortəbii siyasətə etirazını istehza ilə ifadə edərək, “təklif edirəm ki, mətbuat konfransından sonra Yeni Azərbaycan Partiyası önündə şəkil çəkdirək?, – deyə qeyd edib.
“Azadlıq” qəzetinin köşə yazarı Elnur Astanbəyli, “Nida” Vətəndaş hərəkatı və s. partiya, müstəqil gənclər təşkilatları üzvləri prezident Ilham Əliyevin gənclərlə bağlı apardığı siyasəti “dəstəklədiklərini” bildiriblər.