Gözəl bir ölkədə yaşamağı haqq edirik, bəs gözəl bir ölkədə yaşamaq üçün nə edirik?

Bizdə jurnalistlərin tanınmış müsahiblərinə, adətən, sonuncu sualı belə olur: “Dünyaya yenidən gəlsəniz…”. Arxası müsahibin məşğuliyyətinə uyğun olaraq davam edir: “yenə şair olardınızmı?”, “…yenə rəssam olardınızmı?”, “…yenə aktyor olardınızmı?”, “…yenə siyasətçi olardınızmı?”.

Bu sualın artıq kifayət qədər şiti-şoru çıxarılıb, çox gülməli, mənasız səslənir və əksərən elə jurnalistlərin, müsahiblərin özləri bunu ələ salır. Nə isə. Mövzumuz bu deyil.

Keçənlərdə mən bu sual haqqında bir status yazmışdım facebook-da, yazmışdım ki, “hamı soruşur, ”dünyaya yenidən gəlsəniz…”. Amma heç kim soruşmaq istəmir ki, “ümumiyyətlə, dünyaya yenidən gəlmək istəyirsinizmi?”.

Bu, əslində bir nəbz yoxlaması idi. Azərbaycan insanının bugünkü həyat eşqini, yaşamaq həvəsini öyrənmək istəyirdim. Reaksiyalar gözlənildiyi kimi oldu. Əksəriyyət məmnuniyyətlə dünyaya gəlmək istəyir, amma Azərbaycanda yox!Bu hakimiyyətin Azərbaycan insanına vurduğu mənəvi zərbənin ölçüsünü təsəvvür etmək üçün həmin reaksiyalar yaxşı fürsətdir. Rejimin mutantlığı Azərbaycan insanını öz ölkəsindən iyrəndirməyə, üz çevirməyə məcbur edir. Azərbaycan insanı özünü bu ölkədə reallaşdıra bilmədiyinin və belə getsə, heç vaxt da bilməyəcəyinin fərqindədir. Onun üçün bütün yollar bağlıdır. Hakimiyyət bizə sadəcə, bir yolu açıq buraxıb: ölkədən getmək yolu.

Rejim Azərbaycanı kirayə evə, bizi isə məcburi kirayənişinlərə çevirib, istədiyi an arxamızdan təpik vurub bizi buradan qova bilər.
Azərbaycan insanının gələcəklə bağlı heç bir yaxşı gözləntisi yoxdur. Ümidsizdir. O özünü öz vətənində qərib kimi hiss edir. Yabançıdır o bu ölkədə. Bu ölkənin sərvətlərindən payına düşəni ala bilməyən bir toplum, iradəsinə tüpürülən, nə düşündüyünün, nə arzuladığının ölkəni idarə edənlər üçün heç bir anlamı, mənası qalmayan bir toplum ümidsiz, yabançı olmasın, həyat eşqi, yaşamaq ehtirası ilə vidalaşmasın, bəs neyləsin? O xalqdan rəiyyətə, camaata, əhaliyə çevrilibsə, o, sadəcə bir statistik varlıq kimi mövcuddursa, niyə yenidən dünyaya gəlmək istəsin ki?
Tutaq ki, dünyaya gəlmək istədi, niyə Azərbaycanda dünyaya gəlmək istəsin ki?Hüququn dibindən qaşındığı…
Azadlıqların yox edildiyi…
Ədalətin olmadığı…
Yalanın və yaltaqlığın yaşam normativinə çevrildiyi…
Insanların yalnız əl çalaraq, alçalaraq ucala, karyera pillələrində yüksələ bildiyi…
Bir adamın iradəsinin milli iradənin üzərinə çıxdığı…Məmləkətin bütün gözəl nemətlərinə sadəcə, bir ovuc mədəsindən ibarət, zəkadan yoxsul mütəşəkkil cinayətkar dəstənin sahibləndiyi ölkədə yenidən doğulmaq onun nəyinə lazımdır? Belə bir ölkədə bir doğulub nə yarıdı ki, bir də doğulub nə yarısın?

Bütün bunlar tamam… Bütün bunlar doğru, bütün bunlar öz yerində.Amma gözəl bir ölkədə yaşamaq sadəcə arzu ilə olmaz ki… Bu gün hər kəsin yaşamağı xəyal etdiyi gözəl ölkələrin tarixinə baxın. O ölkələrin xalqları gözlərini açıb da özlərini cənnətdə, gülüstanda, hüququn, azadlıqların, rifahın bərqərar olduğu bir məmləkətdə görmədilər ki? Uzun, yorulmaz, barışmaz mübarizə yolu keçdilər. Məğlubiyyətlərdən usanmadılar. Dirəşdilər, davam etdilər. Can qoydular.

Deyəcəksiniz ki, biz azmı çaba göstərdik. Azmı çalışdıq.
Haqlısınız. 18 ildir bütün əclaflıqlara rəğmən ölkədə çağdaşlıq davası dayanmadı. Ən dəhşətli repressiyalardan belə yıxılmadıq, ayaqda qaldıq. Həbslərdən, işgəncələrdən, ölümlərdən keçdik. Az iş deyil bunlar.Az iş deyil bunlar, amma gözəl bir ölkəyə qovuşmaq, hər kəsin dönə-dönə doğulmaq istədiyi bir ölkə qurmaq üçün kifayət də deyil.

Deməli, bir az da səy tələb olunur, bir az da cəsarət, bir az da fədakarlıq tələb olunur. Deməli, bir az da mübariz, bir az da prinsipial, bir az da qətiyyətli, bir az da ardıcıl və çalışqan olmalıyıq.O vaxta qədər ki, Azərbaycanda doğulmaq utancla, peşimançılıqla deyil, qürurla, fəxrlə müşayiət edilsin. 
Bir az da səy, lütfən.
Bir az da mübarizlik, bir az da fədakarlıq, bir az da çalışqanlıq. Lütfən…