Artıq Rusiyadan sonra Çin də Bəşər Əsədə xəbərdarlıq etdi. Hər dəfə bu tip istibdad rejimlərinə qarşı dünya dövlətləri qərar qəbul etmək istəyəndə bu iki dövlət aranı qatır, sanksiyaların qarşısını almağa çalışır. Sanki hansısa it oğlunun dönüb adam olacağına ümid bəsləyirlər. Orada isə – Liviyada, Suriyada və bu cür başqa ölkələrdə qan su yerinə axmaqda davam eləyir. Görünür, Rusiya və Çin üçün insanların axıdılan qanının zərrəcə önəmi yoxdu. Onların öz maraqları bütün bəşəriyyətin məhvindən daha önəmlidi. Həm də bu dövlətlərin özü antixalq məzmununa, antidemokratikliyinə, azadlıq düşməni olmalarına görə heç də həmin Liviyadan, Suriyadan geri qalmır. Ama bu iki dövlət nə qədər namərdlik eləyir eləsin, artıq başlanmış inqilabi prosesin qarşısında dayanmaq gücündə deyillər.
Lakin hər dəfə bu ikilərin “yola gəlməsi”, diktatorlardan dönməsi yerdə qalan diktatura rejimlərinə heç nə demir və ya onlar özlərini elə göstərməyə çalışırlar ki, guya heç nə baş verməyib. Təbii ki, özünü bilməməzliyə vuran rejimlər içində Əliyev rejimi də var.
Rusiya və Çinin Azərbaycana qarşı da hansısa qərar qəbul ediləcəyi gündə eyni addımı atacağına hələ bir az var. Hələ ABŞ, Avropa fəaliyyətdədi, təmkinli bəyanatlar verir və Əliyevi islahatlara səsləyir, yenidən xüsusi şövqlə demokratik düşərgə tərəfdarlarının həbsini sürətləndirən hakimiyyətə öz “mədəni narahatlıqlarını” bildirirlər. Görünür, Avropanı hərəkətə keçirmək üçün mitinq və nümayişlər, müxtəlif aksiyalar və yekunda baş verən həbslər elə də tərpədici təsir göstərə bilmir. Belə çıxır ki, Azərbaycan xalqı da silahlanmalı, silahlı müxalifət şəklində təşkilatlanmalı, hakimiyyətlə savaşa başlamalı, hakimiyyət də öz sələfləri kimi qana getməli, insanlar Liviyada, Suriyada olduğu kimi kütləvi şəkildə qırılmalı, şəhərlər, rayonlar xaraba qalmalıdı ki, Avropa hərəkətə keçsin. Azərbaycan xalqı sülhsevər xalqdı, dincliyi xoşlayır, onun heç nadinclik eləməyə halı-həvəsi də yoxdu. Bir yandan hakimiyyətin zülmü, o biri yandan Avropanın səbri sanki bu xalqı zorla nadinc olmağa aparır. Aydın məsələdi ki, bu rejim heç vaxt nə hakimiyyətdən gedəcək, nə də islahata. Avropa Sarkozikimiləri bura öpüşməyə göndərib səbirli bəyanatlarını davam etdirəcək.Bir müddət əvvəl ABŞ prezidenti bəşəriyyət düşməni olan xarici dövlət məmurlarına ABŞ-a girişi yasaqlayan qərar verdi. Şükür Allaha, hələ siyahıdan bir xəbər yoxdu. Indi isə Avropa Birliyindən bənzər ismarış səsləndi. Adi bir məmur, işçi də bilir ki, müdiriyyət kiməsə xəbərdarlıq eləyəndə özünü düzəltməsi üçün ona vaxt verir – bir ay, iki ay. Lakin bu mesajlarda biz zamana işarəylə qarşılaşmırıq, həm də zaman-zaman oxşar mesajları eşitmişik. Nəticəsi isə, yalnız və yalnız nəticəsizlikdi. Hələ Sarkozi Bakıya bir də gələcəyinə dair vəd verib…
Bu nəticəsizlik isə içi ümidsizliklə dolub-daşan və intiharlarla başa çatan duruma gətirib çıxarıb. Sentyabr ayının intihar statistikası göz qabağındadı. Bir aya ölümlə bitən 27 intihar! Hələ nə qədəri gizlədilib – xüsusən mentalitet qadın intiharlarının 90 faizini gizlədir – “nə düşünərlər” deyə. Bu isə təkcə sosial fəlakətin yekunu deyil, həm də sıxılan azadlığın doğurduğu kütləvi nevrozun bəhrəsidi. Hakimiyyətin yalan üstündə qurulmuş xoşbəxtlik təbliğatı bu intiharların qarşısını almaqda acizdi. Bu insanları yalnız mübarizəyə qoşmaqla xilas eləmək olar. Bu işdə isə müxalifətin təbliğat imkanları, savadlandırma gücü məhdud, daha doğrusu, sıfra bərabərdi. Bu cür artan templə gedən intihar dinamikası bəlkə də hakimiyyətin ürəyincədi. Onlar xalqın birdəfəlik intiharına belə, razı olarlar öz taxtlarını qorumaq üçün. Xalq isə fərd deyil və heç vaxt boğazına çatı salmaqla intihar eləmir. Xalqın intiharı onun susmasıyla baş verir. Avropa isə hələ yüngülvari narahat olduğunu deyir. Sanki hamının istədiyi tək bir şey var – Qan!!!