Yazılı daşlar və daş heykəllər
Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilmiş arxeoloji ekspedisiyalar zamanı alban mədəniyyətinin incəliklərini özündə əks etdirən külli miqdarda maddi-mədəniyyət nümunələri aşkarlanmışdır. Həmin əşyalar müxtəlif – həm qiymətli, həm də adi materiallardan hazırlanmaqla özünəməxsus xüsusiyyətlərə malikdir. Təşkil edilmiş arxeoloji ekspedisiyalar arasında Mingəçevir, Şamaxı, Qəbələ və Qax ekspedisiyaları daha çox diqqəti cəlb etmişdir.
Alban daş heykəllərin xüsusi mövzu çərçivəsində arxeoloji tədqiqinə 1982-ci ildən başlanılmış və mövzuyla əlaqədar bir sıra əsərlər nəşr edilmişdir. Azərbaycan arxeoloqları tərəfindən Qarabağda daşdan yonulmuş 19 insan heykəli qeydə alınmışdır. Bu abidələr Mollalar, Şəfibəyli, Suma, Güllücə (Ağdam rayonu), Şatırlı (Bərdə rayonu), Canyataq (Ağdərə rayonu), Seysulan (Tərtər rayonu) kəndləri yaxınlığında aşkar edilmişdir.
Bu heykəltəraşlıq abidələri qədim zamanlarda Qarabağın dağlıq və düzənlik hissələrinin vahid etno-mədəni məkana daxil olduqlarını təsdiq edir. Mütəxəssislər qeyd edirlər ki, “Alban tarixi” əsərində Artsak bütləri dedikdə, Qarabağ daş heykəllərinin bir qrupu nəzərdə tutulmuşdur. Bu tarixi mənbədən məlum olur ki, 487-ci ildən etibarən bütpərəstliyə qarşı mübarizə apararaq xristianlığın mövqeyini möhkəmləndirən Albaniya hökmdarı III Mömin Vaçaqan “öz hakimiyyəti altında olan Artsak vilayətində yaramaz bütlərə qurban kəsib sitayiş etməkdən əl çəkməyi əmr etmişdir”.
Alban bütləri Avrasiyanın “daş babalar” şərti adı altında cəmlənmiş daş heykəllər dairəsinə daxildir. Albaniya dövləti və alban mədəniyyətinin mövcud olduğu dövrdə bu tip abidələr Monqolustandan Rumıniyaya kimi çox geniş bir ərazidə qədim skit, sarmat, sak və habelə Türk xaqanlığı qəbilələri arasında yayılmış, ikonoqrafiya və yonulma üslubundakı bəzi fərqlərlə ümumi bir ideya əsasında yaradılmışdır. Bəzi rus arxeoloqları hətta Qarabağ heykəllərinin bir sıra əlamətlərə görə qədim türk daş heykəllərinə, habelə Mərkəzi Asiyanın erkən dəmir dövrünə aid heykəltəraşlıq abidələrinə oxşadığını qeyd etmişlər. Qarabağ heykəlləri hörüklü saça malik kişi təsvirləridir. Hələ e.ə. XXIII əsrdə indiki Cənubi Azərbaycan ərazisində məskunlaşmış qəbilələrdən olan lullubeylərdə kişilərin uzun hörük saxlaması onların daş üzərindəki təsvirlərindən məlumdur. Tarixi Manna ərazisində, Arcaq-qala abidəsində aşkar edilmiş daş heykəllər də (e.ə. I minilliyin əvvəli) uzun saçlı kişi fiqurlarıdır. Erkən alban dövrünə aid uzun saçlı kişi heykəlləri Şamaxı rayonunun Çıraqlı kəndi yaxınlığında tapılmışdır.
Qədim yunan müəllifi Lukianın (II əsr) məlumatına görə, uzun saç saxlamaq skit kişiləri üçün xarakterik idi. “Alban tarixi” əsərində xəzərlər və digər türk qəbilələri onların kişilərinə də xas olan əlamətə görə “hörüklülər xalqı” adlandırılmışlar. Bütün bu məlumatlar Qarabağdan və Azərbaycanın digər yerlərindən tapılmış uzun saçlı kişi heykəllərinin Avrasiya çöllərində yaşamış “köçərilərə” yaxın olan Albaniya və habelə Mannanın yerli qəbilələrinə mənsub olduğunu göstərir.
Qafqaz albanlarına məxsus olan və alban dilinə uyğunlaşdırılmış əlifba olan alban əlifbasını, IV-V əsrlərdə parf mənşəli maarifçi Mesrop Maştots təkmilləşdirmişdir. Lakin əlifbanı nə zaman və kimin yaratması məsələsi hələ də həll edilməmiş olaraq qalmaqdadır.
1937-ci ildə filologiya elmləri doktoru, professor I.V.Abuladze XV əsr əlyazmalarını öyrənərkən 7117 nömrəli əlyazmada alban əlifbasını əldə etmişdir. Əlyazmada başqa əlifbalarla yanaşı, 52 hərflik alban əlifbası da vardı. Alban yazısının çiçəklənmə dövrü V-VI yüzilliklər sayılır.
Məhv edilən alban əlifbası
Alban əlifbası Ərəb Xəlifəsinin göstərişi ilə Alban Həvari Kilsəsi Erməni Qriqoryan Kilsəsinə tabe edildikdən sonra erməni katolikosu Ilyanın göstərişi ilə məhv edilmiş, alban əlifbasıyla yazılmış kitablar qədim erməni dilinə tərcümə olunduqdan sonra məhv edilmişdir. Uzun müddət Alban əlifbası itmiş sayılırdı, lakin 1937-ci ildə gürcü alimi Iliya Abuladze Mətndarda XV əsrə aid MS No. 7117 şifrəli əlyazmada 52 hərfdən ibarət alban əlifbasına rast gəlmiş və onu aşkara çıxarmışdır.
Az sonra 1948-ci ildə Mingəçevir qazıntıları zamanı üzərində alban yazısı olan daş tapılmış və bu barədə S.M.Qaziyev məlumat vermişdir. Lakin həm tapılmış əlifbada (Matenadaran 7117), həm Mingəçevir yazılarında qüsurlar olduğu üçün yazıları düzgün oxumaq mümkün olmamışdır.
Kəlbəcər rayonu ərazisində Xaçın alban knyazlığı dövründən yadigar qalmış xaç daşları tədqiq edilmişdir. Bu tədqiqatı ilk dəfə memarlıq elmləri doktoru D.A.Axundov və fəlsəfə elmləri namizədi M.D.Axundov aparmışdır. Xaçın xaç daşlarının ən maraqlı nümunəsi Xudavəng monastır kompleksində yanaşı olan iki xaç daşıdır.
Artsak xaç daşları tarixi Artsak vilayəti ərazisində yerləşən xaç daşlarıdır. Onlardan ən məşhuru və elmi ədəbiyyatda böyük marağa səbəb olanı xaçvari Artsak xaçdaşıdır.
Cuğa xaç daşları əsasən Güney Azərbaycanla sərhəddə, Araz çayı sahilindədir. Maraqlı və özümlülü həllə malik Cuğa xaçdaşlarının əksəriyyətində eyni bir təsvir olunur: qarşı-qarşıya durmuş iki qanadlı əjdahanın bədəni buynuz zirehlə örtülmüşdür, onların, adətən, açıq ağızları yana çevrilmişdir. Yenivəng xaç daşları əsasən Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisindəki Yenivəng alban monastırının ərazisində və Azərbaycan Respublikasının qərb rayonlarından aşkarlanmışdır. Yenivəng xaçdaşları da kompozisiya həll baxımından Cuğa xaçdaşlarına oxşayır. Bu daşların əksərində birinci planda tanrı fiquru yerləşir.
Xristian simvolikası baxımından ən son və kamil Yenivəng xaç daşları XIII əsrə aiddir. Əksərinin üzərində alban yazıları olan bu xaçdaşları əraziyə ermənilərin köçürülməsindən sonra ya tamamilə məhv edilmiş, ya da alban yazıları sındırılaraq daşların tarixi əhəmiyyəti öldürülmüşdür. Bu xaç daşlarından görünür ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasında səcdə edilən xristian tanrısı və Mitra vahid dini-bədii obrazda birləşən eyni bir tanrının törəmələridir.
Alban memarlıq nümunələrinin dövrümüzə çatan ən maraqlı nümunələri müdafiə tipli qala və istehkamlar, dini xarakterli tikililər olan kilsə və monastırlardır. Türk tayfalarının alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu olmuşdur. Ona görə də, bir çox tarixçilər alban memarlığından danışarkən “Alban-türk memarlığı” ifadəsini işlədirlər ki, bu da o dövrlə tam qanunauyğunluq təşkil edir. Albaniya ərazisində yaşayan bu tayfaların bir qismi xristianlığı qəbul edərək xristianlaşmış, bir hissəsi isə sonradan Islamı qəbul etmişdi. Alban mədəni irsinə məxsus müdafiə tikililərindən öz möhtəşəmliyi ilə bu gün də seçilən Dərbənd qalası, Cavanşir qalası, Çıraqqala və başqalarını göstərmək mümkündür.Memarlıq nümunələri və sənətkarlıq
Azərbaycanda Qafqaz Albaniyası dövrü abidələrinin əksəriyyəti öz ilkin formasını qoruyaraq dövrümüzə çatmışdır. Bu abidələr içərisində Kəlbəcər rayonunda Xudavəng məbəd kompleksi (XIII əsr), Laçın rayonu Kosalar kəndindəki Ağoğlan məbədi (IX əsr), Xocavənd rayonu Sos kəndindəki Amaras monastırı (IV əsr), Şəki (II əsr) və Ağdərə (IV əsr) rayonlarındakı Müqəddəs Yelisey məbədləri, Ağdərə rayonu Vəng kəndində Qandzasar məbədi (XIV əsr), Qax rayonunda Ləkit məbədi (V əsr), Qum məbədi (VI əsr), Yeddi kilsə məbədi (IV əsr), Kürmüx məbədi (XII əsr),Qərbi Azərbaycan (Hazırda Ermənistan respublikasının yerləşdiyi ərazi) ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Ağtala məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban məbəd memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir.Alban memarlıq sənəti özünəməxsus mürəkkəb koloriti, texnikası, təkrarolunmaz gözəlliyi və üslubu ilə həmişə maraq doğurmuş və seçilmişdir. Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi.
Müxtəlif ərazilərdən taplan metal, daş və ağac əmək alətləri Albaniyanın iqtisadiyyatını öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir. Bunlar dəmir oraqlar, çapacaqlar, bıçaqlar, qayçılar, bizlər, iynələr, dən daşları, kirkirə daşları, sürtgəclər, bülöv daşlardan ibarətdir. Xınıslı, Nüydü, Qırlartəpə, Yaloylutəpə, Qaraköbər, Torpaqqala və Albaniyanın digər məskənlərində forması və ölçüsü müxtəlif olan əl dəyirmanları, o cümlədən qayıq şəklində çox iri dən daşları aşkar edilmişdir. Eramızın I-II əsrlərindən başlayaraq işlədilən kirkirə daşlarının tapılması dən üyüdülməsinin yeni, mütərəqqi üsullarının tətbiqi ilə bağlıdır. O dövrdə xeyli miqdarda dişli oraqların olması əkinçilik sahəsində, xüsusən biçin prosesində əmələ gələn tərəqqini arxeoloji cəhətdən təsdiq edir. Arxeoloji tədqiqatlar zamanı aşkar edilən bitki qalıqları Albaniyada əkinçiliyin inkişafı və istehsal olunan məhsulların çeşidi haqqında mühakimə yürütməyə imkan verir.
Dulusçuluq məmulatları Qafqaz Albaniyası iqtisadiyyatının və mədəniyyətinin daha da inkişaf etdiyini göstərir. Eramızdan əvvəl I minilliyin ikinci yarısında Yaloylutəpə keramikasının yeni səciyyəvi formaları – qonşu ölkələrin keramikasından fərqlənən süddanlar, birayaqlı və üçayaqlı vazalar meydana gəlir. Yaloylutəpə keramikası Şirvan, Şəki, Zaqatala bölgəsi, Gəncə-Qazax, Mil-Qarabağ düzü, Alazan və Kür hövzəsi, habelə Dağıstan ərazisində olan abidələrdən məlumdur. Albaniya ərazisində xeyli miqdarda dəmirçilik məmulatı üzə çıxarılmışdır; onların böyük bir qismi yerli ustaların məhsuludur, bununla birlikdə gətirilmə əşyalara, başlıca olaraq zərif qab-qacağa və bəzək şeylərinə də təsadüf edilir. Albaniyanın yerli xammala əsaslanan metallurgiyası və metalişləmə sənəti yüksək kamillik səviyyəsinə qalxmışdı.
O cümlədən, zərgərlik də nəzərə çarpacaq dərəcədə inkişaf etmişdi. Arxeoloji tədqiqatların gedişində, xüsusilə qəbirlərdə aşkar edilmiş bəzək şeyləri öz formalarının və istifadə olunmuş materialların rəngarəngliyi ilə fərqlənir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir