Azərbaycan hökuməti yüksək sürətli dəmir yollarının inşası ideyasından əl çəkdi
Azərbaycan ölkədə yüksək sürətli dəmir yollarının inşa olunması ideyasından imtina edib. Bu barədə APA-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin baş mühəndisi Qurban Nəzirov bildirib.
Xatırladaq ki, ölkə ərazisində sürətli dəmiryolu və qatarların istismara verilməsi layihəsi ideyası bir neçə il əvvəl müzakirə olunurdu. Bununla əlaqədar, Cənubi Koreya şirkətlərindən biri Azərbaycan tərəfinə konkret layihə də təqdim etmişdi. Həmin layihəyə əsasən, Bakıdan Gürcüstan sərhədinədək istiqamətdə qatarların sürətinin 180 km/saata çatdırılması nəzərdə tutulurdu. Lakin sonrakı müzakirələrdə bu layihədən imtina etmək qərara alınıb. QSC rəsmisi bunu layihənin həddən artıq baha başa gəlməsi ilə izah edib:”Koreyalıların layihəsinə əsasən, sürətli dəmiryolunun qurulması 3 mlrd. dollara başa gəlməlidir”. Bundan əlavə, QSC-nin hazırda həyata keçirdiyi dəmir yolunun yenidən qurulması proqramı çərçivəsində 2014-cü ilədək qatarların sürətinin 140 km/saata çatdırılması nəzərdə tutulur (layihənin təqribi dəyəri 450 mln. dollara başa gələcək). Bu da koreyalıların təklif etdiyi sürətdən cəmi 40 km/saat azdır. Q.Nəzirovun sözlərinə görə, Azərbaycanın coğrafi ölçülərini və tələbatını nəzərə aldıqda, bu sürət (140 km/saat) tamamilə kifayətdir: “Bu sürət Bakıdan Gəncəyə cəmi 3 saata çatmağa imkan verir”.
Qeyd edək ki, nəqliyyat naziri Ziya Məmmədov sözügedən layihə ilə bağlı Koreya tərəfilə bağlı çoxsaylı danışıqlar aparıb. Hətta nazir artıq razılığın əldə olunduğu barədə açıqlamalar vermişdi.



