Suriyada vətəndaş müharibəsi güclənir

Ölkənin müxtəlif şəhərlərində yenidən hökumət qüvvələrilə müxalifət tərəfdarları arasında silahlı toqquşma yaşanıb

Avropa Birliyindən Əsəd rejiminə qarşı növbəti zərbə

Suriyada Bəşər Əsəd rejiminə qarşı etirazlar davam etdiyi vaxtda Banaş və Haara şəhərlərində müxalifət tərəfdarları ilə hökumət qüvvələri arasında yenidən toqquşma baş verib. Insan haqları müdafiəçiləri oktyabrın 13-də Suriyada müxalifət tərəfdarlarıyla hökumət qüvvələri arasında davam edən toqquşmalarda azı 19 nəfərin öldüyünü bildiriblər. Mərkəzi qərargahı Böyük Britaniyada yerləşən Suriya Insan Haqları Müşahidəçiləri Təşkilatı onlardan 10-nun ölkənin şimalındakı Banaş şəhərinə hökumət qüvvələrinin hücumu nəticəsində öldürüldüyünü açıqlayıb. Cənubdakı Haara şəhərində isə silahlı bir şəxs azı 9 hərbçini öldürüb.
BMT-nin hesablamalarına görə, Suriya prezidenti Bəşər Əsədin istefası tələbilə mart ayından davam edən kütləvi etiraz aksiyalarında 3000-ə yaxın adam öldürülüb. Suriya Insan Haqları Müşahidəçiləri Təşkilatı isə bu müddət ərzində 3100-dən çox adamın öldürüldüyünü, onlardan 2400-nün dinc sakinlər olduğunu iddia edir. Insan haqları fəalları on minlərlə adamın da həbs edildiyini bəyan edib. Suriya rəhbərliyi xarici Kütləvi Informasiya Vasitələrinin ölkəyə girişini qadağan etdiyindən, bu məlumatların nə dərəcədə doğru olub-olmadığını yoxlamaq mümkün deyil.
Əsəd rejimi isə qətl hallarını silahlanmış terror qruplaşmaları ilə əlaqələndirir və təhlükəsizlik qüvvələrinin 1100 əməkdaşının da öldürüldüyünü iddia edir.
Bundan başqa, Avropa Ittifaqı Suriyada davam edən repressiya və insan haqlarının pozulmasına etiraz olaraq, bu ölkənin Dövlət Kommersiya Bankına qarşı sanksiyaların tətbiqilə bağlı razılığa gəlib. Vaşinqtonun hələ avqust ayında sanksiyalar tətbiq etdiyi bu Kommersiya Bankı Suriyanın xarici rezervlərinin çoxuna sahibdir və ilin əvvəlində onun ehtiyatı 17 milyard dollar müəyyən edilmişdi.
Avropa Ittifaqının xarici siyasət məsələləri üzrə ali komissarı Ketrin Eşton bildirib ki, bu tədbirlər Suriya xalqına qarşı yönəlməyib, sadəcə, hakim rejimi ölkədə repressiyanın möhkəmləndirilməsi üçün lazım olan maliyyə gəlirləri və dəstəkdən məhrum etmək məqsədi daşıyır.
Beynəlxalq mülki təşkilat olan Avaaz bu addımı alqışlayıb və bəyan edib ki, bu, Bəşər Əsədin Avropada biznes əməliyyatlarına son qoyacaq, onun zülmkar idarəçiliyinə maliyyə dəstəyini kəsmək üçün vacibdir.