Siyavuş Novruzovun NATO standartı

«Azərbaycan silahlı qüvvələri bu gün NATO standartlarına cavab verir»

Hərbi ekspertlər bu arqumenti təəccüb və gülüşlə qarşılayır

Milli Məclisin deputatı, təhlükəsizlik və müdafiə komitəsinin, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Siyavuş Novruzov Azərbaycan ordusunun bu gün NATO standartlarına cavab verdiyini bildirib. S.Novruzovun Trend-ə açıqlamasına görə ordumuz təhsil, rabitə və digər məsələlərdə NATO standartlarına uyğunlaşıb.
Lakin hərbi sahə üzrə ekspertlər bu açıqlamanı real qəbul etmir. Bu mənada şərhini dinlədiyimiz hərbi ekspert Üzeyir Cəfərova görə, S.Novruzovun açıqlamasını eşidən şəxslər heç vaxt təəccübünü gizlədə bilmir: “Azərbaycan ordusunun NATO standartlarına keçdiyini söyləmək gülüncdür. Bu adamın həmin standartlardan xəbəri yoxdur, o, bir gün də Azərbaycan ordusunda xidmət etməyib, bu anlayışlardan xəbəri yoxdur. Azərbaycan ordusunun NATO standartlarına keçməsi üçün uzun müddət lazımdır. Silahlı qüvvələrin nizamnamələri bu gün Avropa dövlətlərinin, o cümlədən, NATO dövlətlərinin nizamnamələrinə, sənədlərinə müvafiq olmalı, buna cavab verməlidir. Peşəkar ordu sistemi qurulmalı, dünyada tətbiq olunan ən müasir silahlardan istifadə edilməlidir. NATO standartları geniş anlamdır və onun Azərbaycan ordusunda tam şəkildə tətbiq olunduğunu demək, sadəcə, mümkün deyil”.
Hərbi ekspert Cəsur Sümərənlinin qənaətincə, müəyyən dövrlərdə ali hərbi məktəbdə NATO standartlarının tətbiqi olub. Türkiyə təlimatının tətbiqi nəticəsində hazırlanan kadrlar NATO standartına cavab verib: “Lakin hazırda vəziyyət müsbət yöndə deyil. NATO standartı öncə qanunvericilikdə özünü göstərməlidir. Təəssüf ki, hərbi qanunvericiliyin əksəriyyəti sovet dövründən qalmadır. NATO standartlarına cavab vermək istəyiriksə, həmin standartlara uyğun təlimat olmalıdır, hərbi qulluqçuların məvacibinin NATO standartlarına uyğun olması vacibdir. Təəssüf ki, bu məvacib çox aşağıdır”. C.Sümərənli söylədi ki, Müdafiə Nazirliyi aparatında NATO standartlarına keçid istiqamətində işlər həyata keçirilməyib. Nöqsanlar hələ də qalırsa, hərbi xidmətə çağırışla bağlı rüşvətin həcmi əvvəlkinə nisbətən daha da yüksəlibsə, hansı standartlardan danışmaq olar?!  Həmsöhbətimiz Azərbaycan ordusunun NATO standartlarına yarımçıq keçdiyini bildirərək NATO-dan gələn nümayəndələrə ordumuzdakı “süpürgələnmiş” hərbi hissələrin göstərildiyinə təəssüfləndi: “Hesab edirəm ki, Azərbaycan silahlı qüvvələrinin NATO standartlarına keçidi dayandırılıb və hazırda bu istiqamətdə işlər getmir”.

Nigar