Müsavat başqanı: «Bu, təkcə bisavadlıq deyil, həm də nadanlıqdır»
Müsavat Partiyasının 100 illik tarixi dəyərlər, azadlıqlar, ləyaqət və şərəf uğrunda mübarizə tarixidir. Ədalətsizliyə, avtoritarizmə, totalitarizmə qarşı mübarizə tarixidir. Bu partiya Azərbaycanın dövlət müstəqilliyini təmin edib.
Bu barədə Müsavat başqanı Isa Qəmbər “Obyektiv” TV-yə müsahibəsində bildirib. “Biz fəxr edirik ki, bütün çətinliklərə baxmayaraq, partiyanı son 20 ildə də yaşatmışıq, ölkənin əsas siyasi qüvvəsinə çevirə bilmişik, seçkilərdə xalqın etibarını qazana bilmişik”.
I.Qəmbər Azərbaycan Prezident Administrasiyasının yüksək vəzifəli şəxsinin partiyanın 100 illik yubileyini sıradan bir partiyanın yubileyi adlandırmasını “nadanlıq” kimi qiymətləndirib:”Bu, nadanlıqdır. Bu, təkcə bisavadlıq deyil, həm də nadanlıqdır. Çünki ibtidai sinif şagirdinə də bəllidir ki, 100 illik bir partiya adi partiya deyil. Dünyada 100 illik siyasi partiyalara malik xalqların sayı o qədər də çox deyil. Nəzərə alsaq ki, bu 100 il sadəcə bir xronologiya faktı deyil, bir qədər əvvəl söylədiyim kimi, bu 100 il zəngin bir mübarizə tarixidir. Böyük ideologiya, siyasət məktəbi və dəyərləridir”.
Qeyd edək ki, Isa Qəmbərin eyham vurduğu məmur Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovdur. Çünki I.Qəmbərin istinad etdiyi fikirləri məhz o, söyləyib.