kiv-df

Qədim Azərbaycan dövləti-Albaniya

Alban hökmdarlarının hakimiyyət tarixi

II yazı

Mənbələr Alban dövlətinin antik dövrdə yerli sülalənin nümayəndələri tərəfindən idarə olunduğu haqqında məlumat verir. Moisey Kalankatlı bu sülaləni Yafəsin şəcərəsinə bağlayaraq sülalənin ilk nümayəndəsinin Aran (Arran) adlı hökmdar olduğunu bildirir və Aranı Sisakan (Sünik) nəslinə aid edir. Ilk hökmdarının adı ilə bu sülalə tarixi ədəbiyyatda Aranilər (Arranilər) adlandırılır. Lakin bu sülalə haqında məlumatlar çox azdır. Aranın davamçılarının fəaliyyəti haqqında məlumatlar yox səviyyəsindədir.

Aranilər sülaləsinin hakimiyyəti dövründə Albaniyaya erməni krallarının yürüşləri baş vermiş və Albaniyanın üç vilayəti – Artsak, utik və Paytakaran işğal edilmişdir. Lakin bu işğal uzun sürməmiş e.ə. 66-cı ildə II Tiqran Roma ordusu tərəfindən məğlub edildikdən sonra bütün işğal etdiyi əraziləri, o cümlədən Albaniya torpaqlarını tərk etməli olmuşdur. Lakin bu hadisədən bir neçə ay sonra Albaniya ərazisinə Roma imperiyasının ordusu soxulmuşdur. Pompeyin rəhbərlik etdiyi Roma ordusu ilə Aruzun (yunan-roma mənbələrində Oroys) rəhbərlik etdiyi Albaniya ordusu arasında e.ə. 66-cı ildə döyüş olmuşdur. Daha sonra Iberiyaya doğru irəliləyən alban ordusu ikinci dəfə e.ə. 65-ci ildə Alazan çayı sahilində Aruzun qardaşı Sebərin (yunan-roma mənbələrində Zober) rəhbərlik etdiyi Albaniya ordusu ilə toqquşmuş və böyük itki verərək Iberiya ərazisinə keçmişdir.

Roma ordusunun Xəzər sahillərinə irəliləməsi haqqında mənbələrdə heç bir məlumat yoxdur. Lakin Qobustanda üstündə latın dilində yazı yazılmış XII legiona aid kitabənin tapılması Roma ordusunun Xəzər sahillərinə də gəlib çıxdığını söyləməyə əsas verir. Bundan başqa, Azərbaycanın müxtəlif regionlarında, xüsusilə Qəbələ və Şəki ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan pul dəfinələrindən Roma imperatorlarına məxsus xeyli sikkə əldə edilmişdir.E.ə. II-I yüzilliklərdə, Parfiyanın hərbi cəhətdən qüdrətli dövründə, tabelikdə olan ölkələrə nəzarət etmək üçün formalaşmış inzibati aparatın olmadığı bir şəraitdə Parfiya Arşakiləri üçün mümkün olan yeganə düzgün qərar həmin məmləkətlərdə yerli sülalələri hakimiyyət başında saxlamaq idi. Sonralar vassal çarlıqların separatizmi gücləndikcə Parfiyanın mərkəzi hökuməti yeni siyasətə – vassal məmləkətlərdə yerli sülalələri taxtdan götürüb əvəzinə öz adamlarını, Arşakilərin nümayəndələrini təyin etmək siyasətinə əl atdı. Persida, Elimaida, Atropatena, Hirkan, Ermənistan, Hindistan, Gürcüstan və Maxeloniyada Arşakilərin şaxələri, kiçik Arşaki sülalələri belə yarandı.

Arşaki sülaləsi nümayəndələrinin bir qolu da həmin dövrdə (63-cü il) Albaniyada bərqərar oldu. Alban Arşakiləri haqqında əldə edilən məlumatların əsas mənbələri Moisey Kalankatlı, Favstos Buzand, Yegişe, Moisey Xorenli, Aqafangel, Kirakos Gəncəli və Mxitar Qoşun əsərləri, habelə “Müqəddəslərin həyatı” (aqioqrafik əsərdir) və “Carıntir”dir. Alban Arşakiləri haqqında elmdə belə bir mülahizə mövcuddur ki, bu sülalənin alban qanadı IV yüzillikdə bərqərar olmuş və onun əsasını Kalankatlının yazdığı kimi I Cəsur Vaçaqan yox, Sanatruk qoymuşdur.

K.V.Trever, onun ardınca isə K.Tumanov belə hesab edirlər ki, Alban Arşakiləri hakimiyyət başına eramızın I yüzilliyində gəlmiş və Parfiya Arşakilərinin köməyi ilə VI əsrə qədər – Alban hakimiyyəti ləğv edilib ölkə Sasani canişinlərinin ixtiyarına verilənədək hakimiyyət başında qalmışlar. Moisey Kalankatlı məlumat verir ki, Parfiyalı Valarşak Albaniya əhalisi üzərinə knyaz və hakimlər təyin etdi:

“Valarşakın əmri ilə Iafet nəslinin Sisakan sülaləsindən çıxmış bir nəfər (Aran) onların hamısının başçısı təyin olundu ki, Erasxdan tutmuş, Xnarakertə (Xunan qalası) qədər Albaniyanın bütün dağları və düzləri ona miras qaldı…”(Kalankatlı, I, V).M Kalankatlı öz əsərində təqdim etdiyi Arşaki alban hökmdarlarının sırasına Aranı daxil etməmişdir.

Haqqında ən çox bəhs olunan hökmdar Urnayr

Mənbələrdə haqqında ən çox bəhs olunan Arşaki Alban hökmdarlarından biri də Urnayrdır. Urnayrın hakimiyyət illəri naməlum qalmışdır. Moisey Kalankatlının yazdığına görə, Urnayr Sasani şahı II Şapurun (309-379), Bizans hökmdarı Böyük Konstantinin (337-361), erməni çarları III Trdat (287-330), Tiqran (338-345), Arşak (345-367) və Papın (370-374) müasiri olmuşdur. Onun adı ilk dəfə 313-cü ildə digər alban əyanlar ilə birgə xristianlığı qəbul etməsi ilə bağlı çəkilir. Onun adı ilə bağlı son hadisə 371-ci ildə baş vermiş Dzirav döyüşüdür.

Alban Arşakiləri arasında Urnayrdan sonra haqqında məlumat olan hökmdar Asuagendir. Onun hakimiyyəti dövründə köhnə alban əlifbasının islah edilməsi yolu ilə yeni alban yazısı yaradılmışdır. Bu haqqda məlumatlar Moisey Kalankatlıda, eləcə də V-VIII əsr erməni müəllifləri Koryun, Movses Xorenli və başqalarındadır. Asuagen tərəfindən alban uşaqlarının təhsilə cəlb edilməi xüsusi maraq doğurur. O, “vilayət və rayonlarda uşaqlara yazı sənətini öyrətməyi, onları dətələrlə məktəblərə göndərməyi, onların yeməklə təmin olunması üçün vəsait ayırmağı əmr etdi”. Asuagenin dövründə yeni əlifbanın qəbulundan sonra dini kitabları, apostolların təlimini və başqa kitabları Suriya dilindən və yunancadan alban dilinə tərcümə etməyə başladılar.

444-cü ildə isə Asuagenin oğlu (Asuagenin arvadı Sasani şahı II Yezdəgerdin bacısı idi) II Vaçe Albaniyada hakimiyyət başına gəldi. Kalankatlı yazır ki, Sasani şahı Perozun əmri ilə II Vaçe Perozabad (Bərdə) şəhərini tikdirdi və həmin şəhər onun hakimiyyəti illərində ölkənin paytaxtına çevrildi. Paytaxtın Qəbələdən Bərdəyə keçməsi daxili siyasətdəki dəyişikliklərlə əlaqədar idi. Köçərilərin tez-tez baş verən yürüşləri ilə əlaqədar olaraq, ölkənin mədəni-siyasi mərkəzi Kür çayının sol sahilindən sağ sahilinə keçirilir. II Vaçenin hakimiyyəti Iran əlehinə xalq hərəkatı ilə – 450-451-ci illərdə Cənubi Qafqaz xalqlarının türk mənşəli erməni sərkərdəsi Vardan Mamikonyanın başçılıq etdiyi üsyanı ilə və eləcə də 457-463-cü illərdə II Vaçenin özünün başçılığı ilə Albaniyada baş vermiş üsyanla əlaqədardır.

487-ci ildə II Vaçenin əmisi oğlu, Alban Arşakilərinin son nümayəndəsi – III Mömin Vaçaqan hakimiyyətə gəldi və albaniyada yerli sülalənin hakimiyyəti bərpa edildi. Moisey Kalankatlı belə məlumat verir: “Vaçedən III Mömin Vaçaqana qədər 30 il ərzində Albaniya hökmdarsız qaldı”. Alban tarixçisinin yazdığına görə, “Albaniya əhalisi yenidən vahid səltənətdə birləşib şah övladlarından ən cəsur, müdrik, ucaboy Vaçaqanı seçdilər”. Mömin Vaçaqanın hakimiyyət illəri Albaniyanın siyasi, dini-mədəni intibah dövrü idi. O hər şeydən öncə, ölkə əhalisinin vahid dinə ibadət etməsinə nail olmağa, xristianlığı ümumi dövlət dininə çevirməyə çalışdı. Vaçaqan məktəblər açdırdı, dağılmış kilsələri bərpa etdirdi, yeni kilsə və monastrlar tikdirdi, kilsə rütbələrini bərpa etdirdi. Onun hakimiyyəti dövründə Aquen kilsə məclisi çağırıldı. Albaniyanın müstəqillyini möhkəmləndirməyə çalışan və yad qüvvələrin dini-siyasi təsirlərinə və assimilyasiya siyasətinə qarşı dura biləcək müstəqil kilsənin böyük siyasi rolu olduğunu nəzərə alan III Vaçaqan bu kilsənin sarsılmış dayaqlarını möhkəmləndirməyi və onu iqtisadi baxımdan gücləndirməyi vacib sayırdı.

Alban Arşakiləri müstəqil alban siyasəti yürüdür, Albaniya dövlətinə, alban xalqına və onun dininə sədaqətlə xidmət edir, yerli mədəniyyətə qarışaraq albanlaşırdılar.

Ərəblərin itaətində

510-cu ildə Alban Arşakilərinin hakimiyyəti sona yetdi və ölkə 510-629-cu illər ərzində Sasani mərzbanları tərəfindən idarə olundu. VI əsrin sonu, VII əsrin əvvəllərində Girdman vilayətinin feodal hakimi olan Mehranilər nəsli gücləndi. Moisey Kalankatlının geneoloji arayışına əsasən başda Mehr olmaqla Sasani Mehranilərinin əsli VI əsrdə saray çevrilişində iştirak etdiyinə görə Sasani şahı II Xosrov Pərvizin (591-628) qisasından qurtulmaqdan ötrü 30 min ailə ilə birlikdə Xosrovun düşmənləri – xəzərlərə qoşulmaq üçün Irandan qaçmışdılar. Bundan narahat olan Xosrov onu qabaqlayaraq, Mehrə məktub göndərir və bildirir ki, yaşayış yerini seçməkdə Mehranilərə azadlıq verir. Şahın məktubu Mehrə Uti vilayətinin Girdman havarında çatır və Mehr elə burada qalmağı qərara alır. Mehr və törəmələri onlar üçün nəsil ocağına çevrilmiş Girdmanda möhkəmənərək yerli feodalları cismən məhv etmək, habelə qohumluq əlaqələri sayəsində yerli knyazları sıxışdırıb bütün Albaniyaya yiyələndilər. Mehranilər iki əsr ərzində Albaniyanın birinci böyük knyazı – Işxanı adını daşımaq hüququnu saxladılar. Moisey Kalankatlının yazdığına görə, Mehr Girdman əyalətinin Şimalına yeridi və onun 12 hakimini hüzuruna çağırıb qılıncdan keçirdi və ölkəyə sahib oldu. Mehrin nəvəsi Cəsur Vardan Albaniya hakimlərinin sonuncu 60 nümayəndəsini məhv etmiş və beləliklə, Albaniya tamamilə yeni sülalənin əlinə keçmişdir.Ərəblər 642-645-ci illərdə Atropatena tərəfdən Cənubi Qafqaza hücum etdilər və Albaniyaya soxuldular, ancaq burada möhkəmlənə bilmədilər. Ərəblərə qarşı mübarizənin ilk dövrlərində boyun əymiş Ermənistan işxanı Teodoros Rştuni ilə ittifaq bağlamışdı. Cavanşir ondan fərqli olaraq Bizansın vasallığını qəbul etməyi üstün tutmuşdu. Cavanşir Bizans imperatoru II Konstanta (641-668) göndərdiyi məktubunda yazırdı:“Qüdrətli cənab əzəmətli və mərhəmətli yunan hökmdarı Konstant… alban knyazı və asparapeti Cavanşir özünün Şərq ölkəsi ilə təzim edərək səni itaətkarlıqla salamlayır. Ey qəlbi Isa məhəbbəti ilə döyünən hökmdar, icazə ver səndən çox-çox uzaqda olan mənim xalqın sənin yeni təbəəliyini qəbul etsin…”(Kalankatlı, II, XX).

Bizans imperatoru cavab məktubunda sevinclə razı olduğunu bildirmiş və Cavanşiri “Girdman hökmdarı”, “Alban knyazı”, “asparapet və protopatrik” adlandırmışdı. Hədiyyə və bəxşişlərdən başqa Cavanşirə 1200 adamı patrik, ipat, apoipat və digər Bizans rütbələri ilə mükafatlandırmaq üçün pativlər (vəzifə və fərmanlar) də göndərmişdi.

Lakin bütün uğurlara rəğmən 622-ci ildə Albaniya yenidən xəzərlərin hücumuna məruz qalır. Cavanşir bu dəfə onları məğlub edib ölkədən qova bilir. 664-665-ci illərdə xəzərlər yenidən Albaniyaya hücum etdilər. Onlar Kürü keçərək Araza çatdılar alban və iberlərdən çoxlu adam əsir aldılar. Cavanşir xəzərlərlə müqavilə bağladı və xəzər xaqanının qızı ilə evləndi. [162] Xəzərlərin yürüşləri, Kiçik Asiyanın bir sıra vilayətlərinin ərəblər tərəfindən tutulması nəticəsində Bizansın zəifləməsi Cavanşiri Bizansla bağladığı müqaviləni pozmağa məcbur etdi. O, saysız-hesabsız Türküstan ordusundan – xəzərlərin köməyindən imtina edərək cənub hökmdarına – ərəblərə tabe olmağı üstün tutdu.

705-ci ildən etibarən Albaniya həm faktik, həm də hüquqi baxımdan tamamilə ərəb əsarəti altına düşdü.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir