“Qış bulvarı”nda evləri camaatın başına uçururlar

Heç kəsə xəbər edilmədən söküntü işlərinə start verildi

“Qış bulvarı” layihəsi ətrafında mübahisələr səngimək bilmir. Qeyd edək ki, Heydər Əliyev adına saraydan Füzuli meydanına qədər olan ərazidə “Qış bulvarı” salınacaq. Bu səbəbdən də yüzlərlə sakinin evləri sökülür. Sakinlərə hər kvadratmetr sahə üçün verilən 1500 manat kompensasiya onları qane etmir. Narazı sakinlər məhkəmələrə müraciət edirlər. Buna baxmayaraq, sakinlərin mülkiyyət hüququ təmin edilmir.
Razılaşmayanların evləri başına uçurulur. Indi növbə Mirzağa Əliyev küçəsinin sakinlərinə çatdı.
Ötən gün səhər saatlarında Mirzağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində daha bir evin söküntüsünə başlanıb. Yerli sakinlərin dediyinə görə, evi tərk etmədikləri halda üçmərtəbəli evin damını sökməyə başlayıblar. Onların sözlərinə görə, qabaqcadan evin söküləcəyi barədə heç bir xəbərdarlıq edilməyib.
“Biz verilən kompensasiya ilə razı deyilik. Güclə bizə ev verilir. Nəqliyyat Nazirliyinin yaxınlığında mənzil təklif edirlər. Puldan söhbət getmir. Hər kvadrat metrinə görə 3 min manat kompensasiya tələb edirik. Şəhərin mərkəzində yaşayırıq. Mənzilimin sahəsi 113 kvadratdır. Bu gün gəlib damı sökməyə başlayıblar. Dörd fəhlə gəlib. Onlardan soruşduq, dedilər ki, bizə belə tapşırıq verilib. Tapşırığı Bakı Şəhər Icra Hakimiyyətindən Zülfəli Ismayılov, Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən Yusif Qənbərov verib” – deyə, Mirzağa Əliyev küçəsi, 239, mənzil 3-də yaşayan sakin Iradə Məmmədova qeyd edib.

Yalnız jurnalistlər gələndən sonra söküntü işləri dayandırılıb. Hadisə yerinə polis gəlsə də, heç bir tədbir görməyib.
Mirzağa Əliyev 329, mənzil 29-da yaşayan Sürayə Şamayevanın evinin sahəsi 51 kvadrat metrdir. 3 aydan artıqdır ki, o evində rahat yaşaya bilmir. Adıçəkilən binaya artıq giriş də məhdudlaşdırılıb. Ötən gündən başlayaraq insanlardan evlərindən çıxmağı tələb edirlər. Çıxmayacaqları təqdirdə evdə əşyalar ola-ola söküntü işlərinə başlayacaqlarını deyirlər: “Mənzilimin sahəsi 51 kvadrat metrdir. 10 metr də aşağı mərtəbədə sərəncamla mənim adımadır. Ancaq onu qeydə almırlar. 1500 manat verirlər, bu məni razı salmır. O pulla harada ev ala bilərəm? Heç yerdə. Bazar qiymətlərinə uyğun normal kompensasiya versin, günü sabah evimizdən çıxa bilərik”.

Şəmsi Bədəlbəyli küçəsi 84, mənzil 3-də yerləşən evin sahəsi 18 kvadrat metrdir. Mənzil kiçik olsa da, hazırda burada 8 nəfərlik ailə məskunlaşıb. Söküntü-dağıntı zamanı iki azyaşlı uşaq xəsarət alıb. Bu evin sahibəsi də bazar qiymətlərinə uyğun pul tələb edir.

Ən dəhşətli bəla ilə Şəmsi Bədəlbəyli küçəsində obyekt sahibi Fuad Cahangirov üzləşib. Belə ki, dükan sahibi 25 kvadratlıq obyektinə görə, nə pul, nə də başqa bir ünvanda mağaza ala bilir: “Deyirlər ki, dükanı tərk et. Biz buranı sökək, sonra gəl söhbət edək. Nə yer, nə pul verirlər. Konkret söhbət etmirlər”.
Hazırda adları çəkilən ünvanlar xarabazarı xatırladır. Hər yer sökülür, sakinlər hədə-qorxu altında yaşayır. Kompensasiya ilə razılaşmayıb evlərini tərk etməyən sakinlərin qonşuları bomjlar və narkomanlardır.

Ramin DEKO