Misir Mərdanov xalası oğlunu işdən qovdu

 

 

Təhsil naziri bununla prokurorluğun yoxlamalarından xilas ola biləcəkmi? Nazirin qohumunun təmir etdiyi 77 məktəbdə nöqsanlar aşkarlanıb

Təhsil Nazirliyi məktəblərin tikintisi və əsaslı təmiri zamanı yol verilən nöqsanları açıqlayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, Baş Prokurorluğun müvafiq dövlət strukturları ilə birgə Bakı şəhərinin 77 məktəbində apardığı araşdırma nəticəsində bəzi nöqsanlar aşkar olunub. Nöqsanlarla bağlı Baş Prokurorluğun “Orta ümumi təhsil məktəblərinin tikintisi və əsaslı təmiri zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması barədə” təqdimatı Təhsil Nazirliyinə daxil olub.
Təqdimat Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəhbərliyinin və Təhsil Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Müzakirə zamanı Bakı şəhərinin 77 məktəbində aparılan tikinti və təmir işlərində aşkar olunmuş bütün çatışmazlıqların ötən müddət ərzində Təhsil Nazirliyinin Əsaslı Tikinti Idarəsi tərəfindən aradan qaldırıldığı barədə məlumat verilib.
Baş Prokurorluğun təqdimatına əsasən məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində qanun pozuntularına yol vermiş bir sıra vəzifəli şəxslər barəsində Təhsil Nazirliyi tərəfindən ciddi intizam tənbehi tətbiq edilib. Işdə yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin Əsaslı Tikinti Idarəsinin rəisi və bir neçə məsul əməkdaşı tutduqları vəzifələrdən azad olunub. Təhsil Nazirliyinin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib.
Məktəb tikintisi zamanı ciddi nöqsanlara yol verildiyi, Respublika Prokurorluğunun baş verənlərlə bağlı araşdırmalar apardığı barədə ilk məlumat yayan KIV-lərdən biri də “Azadlıq” qəzeti olub. Xatırladaq ki, hələ bir müddət əvvəl Əsaslı Tikinti Idarəsinin rəisi Allahverdi Dəmirovun həbsi barədə məlumat yayılmışdı. Bu məlumat nə təsdiq, nə də təkzib edildi.  Bu xəbərdən sonra mətbuatda Əsaslı Tikinti Idarəsinin Bakı meriyasına verildiyi barədə məlumat yayıldı, Allahverdi Dəmirovun ev dustağı edildiyi bildirildi. Indisə onun işdən çıxarıldığı rəsmən təsdiqlənib. Onu da qeyd edək ki, Allahverdi Dəmirov Misir Mərdanovun xalası oğludur.