Mingəçevir şəhər prokurorundan qəribə addım

Baş Prokurorluq tərəfindən intizam məsuliyyətinə cəlb edilmiş Azad Qarayev yoxsulluğun azaldılmasından yazır

“…Son 10 ildə Azərbaycanda ümumi daxili məhsul 3,6 dəfə, investisiyalar 11 dəfə, büdcə gəlirləri 16 dəfə artmışdır. Illik dövlət büdcəsi 20 milyard manatı ötmüşdür. Ilin əvvəlindən ölkədə 31 milyard manatlıq ÜDM istehsal olunmuşdur. Bu, Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinə bərabərdir. Valyuta ehtiyatları 40 milyard dolları ötmüşdür. Hazırda Azərbaycan 147 dövlətlə tərəfdaşlıq və iqtisadi ticarət əməkdaşlığı edir.
Müstəqillik dövründə ölkə iqtisadiyyatına 100 milyard dollarlıq investisiya qoyulmuşdur. Hazırda kapital qoyuluşunun 73%-i daxili vəsaitlə həyata keçirilir. Müstəqillik qazanılan dövrdə ölkənin əsas sərvəti olan neftin illik istehsalı 6 milyon ton idisə, indi bu rəqəm 50 milyon tonu keçmişdir. Müvafiq olaraq qaz istehsalı 4 milyard kubmetrdən 27 milyard kubmetrə çatmışdır. 2011-ci ildə əhalinin gəlirləri 6,3 dəfə artmış, yoxsulluq 49%-dən 9%-ə enmişdir. 2003-cü ildən bəri ölkədə 1 milyona yaxın iş yeri açılmışdır. 125 min ailə dövlətdən ünvanlı sosial yardım alır…”
Diqqətli oxucuya elə gələ bilər ki, bu, ölkə başçısının, yaxud bu sahəyə məsul hansısa nazirin ilin müvafiq dövrünün yekunlarına həsr olunmuş hesabat çıxışındandır. Lakin bu, belə deyildir. Nə qədər qəribə görünsə də, yuxarıdakı sətirlər “Xalq qəzeti”nin 06 oktyabr 2011-ci il tarixli sayında dərc olunmuş “Çoxəsrlik dövlətçilik ənənəsi və siyasi müstəqilliyin təntənəsi” başlıqlı məqalədən götürülüb. Məqalənin müəllifi isə Mingəçevir şəhər prokuroru, ədliyyə müşaviri Azad Qarayevdir. Məlumat üçün bildirək, bu həmin A.Qarayevdir ki, Baş Prokurorluq tərəfindən müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili vəziyyətinin yoxlanılması nəticəsində bu sahədə ciddi çatışmazlıqlara və icra intizamının pozuntusu hallarına yol verdiyinə görə prokurorluq üzrə 08.08.2011-ci il tarixli əmrlə Cəlilabad və Ağsu rayonlarının prokurorları, habelə Mingəçevir şəhər və Cəlilabad rayon prokurorlarının müavinləri və bir sıra digər əməkdaşlarıyla birgə intizam məsuliyyətinə cəlb edilmişdir. Doğrudur, Baş Prokurorluğun rəsmi məlumatında həmin intizam məsuliyyətinin nədən ibarət olduğu açıqlanmamışdır. Mövcud qanunlara görə, çoxlu sayda intizam məsuliyyəti növləri (irad tutma, töhmət, şiddətli töhmətdən tutmuş aşağı vəzifəyə keçirtmə, rütbənin salınması, işdən qovmaq və s.) vardır. A.Qarayevin indiyədək öz postunda qalmasını nəzərə alsaq ona (həmçinin həmkarlarına) qarşı intizam məsuliyyətinin ilk 2-3 növündən birinin tətbiq edildiyini güman edə bilərik. Istənilən halda, A.Qarayevin baş prokuror tərəfindən bu cür tənbehə məruz qaldıqdan sonra rəsmi qəzetdə iqtisadi təhlil xarakterli məqaləylə çıxış etməsi anlaşılan deyil.
Sonda zəruri bir xatırlatma: prokurorluğun əsas vəzifəsi ölkədə ÜDM-nin, neft-qaz hasilatının, yoxsulluğun səviyyəsinin azalıb-artmasının statistikasını aparmaq deyil, qanunların icrasına nəzarət etməkdir.

Azər