Məhbus ailələri aclıq aksiyasına başladı (FOTOLAR)

Tələb, bütün siyasi məhbusların azadlığa buraxılmasıdır

«Tələblərimizə normal reaksiya verilənədək aksiyanı davam etdirəcəyik»

2 aprel aksiyası zamanı həbs olunan AXCP üzvü Elnur Məcidlinin atası Arzuman Məcidli və Müsavat Partiyasının üzvü Rüfət Hacıbəylinin atası Ibrahim Hacıbəyli oktyabrın 14-də Müsavat Partiyasının qərargahında aclıq aksiyasına başlayıblar. Məlumat üçün deyək ki, Məhbus Ailələri Komitəsinin 18 üzvü var. Komitəyə 2 aprel mitinqində tutulanlarla yanaşı Ruslan Bəşirlinin, Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin, Vidadi Isgəndərlinin ailələri daxildir.
Məhbus Ailələri Komitəsinin sədri, Elnur Məcidlinin atası Arzuman Məcidli “Azadlıq”a açıqlamasında səhhətləri imkan verdiyi qədər aksiyanı davam etdirəcəklərini söylədi: “Ən azı üç gün aclıq edəcəyik. Etiraz aksiyaları da olacaq. Tələbimiz 2 aprel aksiyaçıları ilə yanaşı Ruslan Bəşirli, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, hüquq müdafiəçisi Vidadi Isgəndərli və bütün siyasi məhbusların azad olunmasıdır. Onları qondarma ittihamlarla həbs ediblər. Bu aksiyanı keçirməkdə məqsədimiz həm də odur ki, beynəlxalq ictimaiyyət Azərbaycanda repressiv bir rejimin olduğunu bilsin. Müstəqilliyin 20 illiyində müstəqillik aktına imza atmış Arif Hacılını tutublar. Mən özüm hərəkatçı olmuşam. Bu gün də oğlumu tutublar, universitetdən xaric ediblər. Onların heç bir günahı yoxdur. Bu gənclər Azərbaycanın işıqlı gələcəyini istəyən mübarizlərdir. Onu da deyim ki, məhbus analarından da aksiyaya qoşulmaq istəyənlər var. Növbəli formada olsa da, tələblərimizə reaksiya verilənədək aksiyanı davam etdirəcəyik”.
Rüfət Hacıbəylinin atası Ibrahim Hacıbəyli söylədi ki, bu, azadlıq uğrunda savaşdır: “Bu, Azərbaycanın azadlığı, demokratikləşməsi uğrunda davadır. Insan kimi yaşamaq, ölkəmizin sərvətlərindən normal istifadə davasıdır. Azərbaycan şərqdə ilk demokratik dövlət olub və qadına ilk seçki hüququ bu ölkədə verilib. Indi ölkəmizdə günəş doğmur, Azərbaycanı dünyada avtoritar rejimin olduğu ölkə kimi tanıyırlar. Biz bunun davasını aparırıq. Yəni, bu təkcə övladlarımızın həbsdən azad olunması üçün aparılan mübarizə deyil. Təəssüf ki, ölkəni bir qrup adam ələ keçirib, sərvətlərini talayır. Geri çəkilmək yoxdur, aksiyalar müxtəlif şəkildə davam edəcək. Biz valideyn olaraq əziyyət çəkib övladlarımızı böyütmüşük, oxutmuşuq ki, onları günahsız yerə şərləyib həbs etsinlər? Onların günahı nədir? Bəlkə xaricdə villa alıblar, yoxsa neft, qaz satıblar? Hakimiyyətin bu addımını gəncliyə qarşı mənəvi terror kimi qiymətləndirirəm”.

Aksiya iştirakçılarına AXCP sədri Əli Kərimli, müavinləri Gözəl Bayramlı, Nurəddin Məmmədli, Razi Nurullayev, Asəf Quliyev, partiya fəalları, Müsavat partiyasının Məclis sədri Arzu Səmədbəyli, başqan müavini Tofiq Yaqublu baş çəkdi.

Əli Kərimli vicdan məhbuslarına verilən dəstəyin haqq yolunda mübarizə aparan hər kəsi daha da qüvvətləndirdiyini dedi: “Əgər onların arxasında olmasaydınız cəmiyyətdə tərəddüd yaranardı. Ancaq mənəvi dəstək verməyiniz hamını, məhbusları və bizi güclü etdi. Açığı, sizin aclığa başlamağınızı təqdir etmirəm. Çünki səhhətinizdə problemlər olduğundan xəbərdaram. Onu da bilin ki, həm cəmiyyətdən, həm beynəlxalq ictimaiyyətdən çox böyük dəstək var. Avropa Parlamenti, Avropa Birliyi, o cümlədən bu yaxınlarda ATƏT-in Bakıdakı rəhbəri ilə görüşüb danışdıq. Bu qurumlar siyasi məhbuslar problemini daim diqqətdə saxlayır. Sizə təbrik düşür, övladlarınız üçün narahat olmayın. Odur ki, onların bu cür fədakar olması da təsadüfi deyil. Vətən üçün belə oğullar yetişdirmisiniz, sizlər hərəkatdan gəlmiş insanlarsız. Bir valideyn üçün belə övlad böyütməkdən gözəl nə ola bilər? Elnur Məcidlini universitetdən xaric ediblər. Ancaq onlar həbsdən çıxandan sonra təhsillərini Avropada davam etdirə biləcəklər”.

Qeyd edək ki, aprelin 2-də müxalifətin Bakıda keçirdiyi aksiyaya görə biri şərti həbs cəzası almaqla 14 aksiyaçı azadlıqdan məhrumetməyə məhkum olunub. Ruslan Bəşirli 2005-ci ildən həbsdədir, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev 2011-ci ilin mayında, Vidadi Isgəndərli aprel ayında azadlıqdan məhrumetməyə məhkum edilib.

Ramin DEKO