«Transxəzər qaz kəmərinin tikintisi bütün Xəzəryanı ölkələrin mövqeyinin razılaşdırılmasını tələb edir»
Transxəzər qaz kəmərinin tikintisi bütün Xəzəryanı ölkələrin razılığının alınmasını tələb edir. Rusiya prezidenti Dmitri Medvedev Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə keçirilən müşavirədə bildirib. D.Medvedev Transxəzər qaz kəmərinin tikintisini “kifayət qədər mürəkkəb məsələ” adlandırıb: “Bu məsələ Xəzər dənizinin daxili dəniz kimi statusundan birbaşa asılıdır və Xəzər sammitinə daxil olan bütün ölkələrin mövqeyinin razılaşdırılmasını tələb edir”.
Qeyd edək ki, Avropa Ittifaqının Şurası bu il sentyabrın 7-də Transxəzər qaz kəmərinin tikintisinin hüquqi bazasına dair Azərbaycan və Türkmənistanla danışıqların aparılması üçün Avropa Komissiyasına mandat verib. Transxəzər qaz kəməri layihəsi 7,9 mlrd. avro həcmində qiymətləndirilir. Layihə Azərbaycan və Türkmənistan qazının Avropa ölkələrinə nəqlini nəzərdə tutur. Tengiz (Qazaxıstan) – Türkmənbaşı (Türkmənistan) – Bakı (Azərbaycan) – Tiflis (Gürcüstan) – Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr qazın nəql olunması planlaşdırılır.