Rauf Arifoğlu: «Həmin şəxslərin cəzalandırılmasına çalışacağıq»
“Redaksiyamıza basqınla bağlı qanuna müvafiq olaraq Daxili Işlər Nazirliyinə müraciət edilib”. Bu sözləri “Azadlıq”a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.
Onun sözlərinə görə, oktyabrın 13-də törədilən təxribatın video və foto görüntüləri hazırlanır: “Təxribatı törədən hər üç şəxsin kimliyi məlumdur. Bundan əlavə, biz Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət etmişik. Şura araşdırmaq üçün Salyana jurnalistlərdən ibarət qrup göndərilməsini təklif edib. Biz bu təklifə etiraz etməmişik. ”Yeni Müsavat”ın əməkdaşlarının da daxil olduğu jurnalist qrupu sabah (bu gün – red.) Salyana yola düşəcək. Əgər icra başçısının cəsarəti çatacaqsa, əməkdaşlarımıza müsahibə verər və biz baş verənlərlə bağlı onun da mövqeyini dərc edərik. Lakin bununla belə biz hüquqi mübarizəmizi də davam etdirəcəyik. Həmin şəxslərin cəzalandırılmasına çalışacağıq. Çünki onların təxribatı nəticəsində redaksiyada iş rejimi pozulub, əməkdaşlar təhqir olunub və s.”.
Xatırladaq ki, oktyabrın 12-də Salyan Rayon Icra Hakimiyyətinin başçısı Tahir Kərimov “Yeni Müsavat” qəzetinin redaksiyasına xüsusi təlimat almış üç nəfər təxribatçı göndərib. Özlərini rayon ağsaqqalları kimi təqdim edən həmin adamlar icra başçısı haqda məqalələrə etiraz bildirmək üçün gəldiklərini deyiblər. Özünü rayon Ağsaqqallar Şurasının sədri kimi təqdim edən Imanov Beydulla və onunla bərabər gəlmiş Qulam Sadıqov, Nadir Rüstəmov (sonuncu iki nəfər müəllim olduqlarını deyiblər) baş redaktorun birinci müavini Azər Ayxanla görüşüblər.
Onlar A.Ayxandan tələb ediblər ki, bir də “Yeni Müsavat”da T.Kərimov haqda tənqidi planda heç nə yazılmasın. Baş redaktor müavini bunun səbəbini soruşduqda qəribə cavabla üzləşib: “Tahir müəllim rayonda abadlıq işləri aparır. Salyanda analoqu olmayan quruculuq gedir. Xörək bişirməyə qaz yox idi, bu kişi gələndən sonra rayona qaz çəkilir. Ona görə də sizin yazdıqlarınız yalandı, bu cür icra başçısına böhtan atırsız”.
A.Ayxan gələnlərin nəzərinə çatdırıb ki, bu işlər ölkə başçısının sərəncamı ilə və dövlət büdcəsindən ayrılan pullar hesabına həyata keçirilir. Bunun icra başçısına dəxli yoxdur.
Sonra gələnlərdən biri – Qulam Sadıqov Azər Ayxanla kobud danışıb və onu ağır ifadələrlə təhqir edib. A.Ayxan onlarla söhbətin alınmayacağını bildirərək hər üç şəxsdən redaksiyanı tərk etmələrini tələb edib.
Qəzet yazır ki, əslində bu proses iki gün əvvəldən başlayıb. Oktyabrın 12-də “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğluna özünü Salyan ağsaqqalı kimi təqdim edən bir nəfər 050 377-98-00 nömrəsindən zəng edib. Həmin adam R.Arifoğlunu hədələyib ki, icra başçısı haqda yazdıqlarına görə redaksiyaya basqın edəcəklər.