«Bu cür təfəkkür və yanaşma sovet dövrünə xasdır»
Deputata görə, Azərbaycan beynəlxalq öhdəlikləri icra etməyə məcbur deyil
Hakimiyyət düşərgəsindən Azərbaycana qarşı son zamanlar artan beynəlxalq təzyiqə maraqlı reaksiya gəlib. YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadənin fikrincə, Azərbaycan ona ünvanlanan beynəlxalq tövsiyələrə, tələblərə məhəl qoymamalıdır. A.Mirzəzadə hesab edir ki, məsələn, Avropa Birliyi beynəlxalq deyil, regional təşkilatdır. Həm də Azərbaycan onun üzvü deyil. Ona görə Azərbaycanın üzv olmadığı beynəlxalq təşkilatların ona qarşı iradlarına münasibət bildirməmək hüququ var.
Hüquq müdafiəçisi Leyla Yunus A.Mirzəzadənin bu tip absurd açıqlamasına təəccüblənmir. L.Yunusun sözlərinə görə, hakimiyyət təmsilçisinin bu cür açıqlama ilə çıxış etməsi gözlənilən olduğu kimi, təzad doğurur. Çünki Azərbaycan Avropa Birliyi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyəcəksə, o zaman nəyə görə Ilham Əliyev bu yaxınlarda Varşavaya gedərək orada ölkənin demokratikləşməsi ilə bağlı zəruri addımların atılacağı ilə bağlı söz verirdi: “Aydın Mirzəzadə, deyəsən, Azərbaycanı Afrika ölkələri ilə səhv salır. Bu cür təfəkkür və yanaşma sovet dövrünə xasdır. Belə fikir yürütmək ”soyuq müharibə”, “dəmir pərdə”nin mövcudluğu zamanı normal idi. Axı nəyə görə nüfuzlu beynəlxalq təşkilatlar insan haqları kobud şəkildə pozulan, demokratik dəyərlərə hörmət edilməyən ölkəyə iradlarını bildirməsin? Digər tərəfdən, Azərbaycan beynəlxalq öhdəlikləri icra etməyəcəkdisə, o zaman nəyə görə dövlət başçısı yenidən “Şərq tərəfdaşlığı” və “Yaxın Qonşuluq Siyasəti”nə dair yeni sənədlərə imza atdı. Biz Afrika ölkəsi deyilik, Azərbaycan Avropanın bir parçası kimi qəbul olunur və bu istiqamətdə də siyasət yürüdülür”.
Xəyal



