Avropa ölkələri Iran məmurlarına qarşı sanksiyalar qəbul edir, onların bank hesablarını dondurur, hərəkətlərini məhdudlaşdırırlar. Mən bunun əleyhinə deyiləm. Sadəcə, ona təəccüblənirəm ki, bir çox avtoritar ölkələrin məmurları üçün tətbiq edilən belə tədbirlər nədən bizim məmur qardaşlarımıza şamil edilmir?
Aylarla proses gedir, susurlar və axırda da bir bəyanat verir, ölkə rəhbərliyini müxalifətə qarşı dözümlü olmağa çağırırlar. Bizim aksiyaçıları “dünyanın ən dinc etirazçısı” adlandırmaq olar. O gün də Ukraynadan kadrlar göstərirdilər, insanlar etiraz edir, hətta məhkəmə zalına daxil olmaq istəyir və buna cəhd edirdilər. Kimisə tutdularmı? Kimisə həbs etdilərmi?
Mən indi qeyri-adi yenilik bəyan etməkdən uzağam. Bir dəfə yazmışam və yenə təkrar edirəm ki, əgər siyasi aksiyalara görə insanları həbs etsəydilər, indilər Avropanın həbsxanaları adamla dolu olardı. Amma bütün bunları axı kimə deyirsən? Onsuz da bu ölkə mafiya qaydaları ilə idarə olunur: mafiyalar da heç nəyi unutmur və heç nəyi bağışlamır, onların qaydaları sərtdir! Artıq bu ölkədə çox adam bu qaydalarla barışıb, tək özünü hifz etməklə məşğuldur. Qaydaların özü də maraqlıdır: qayda birtərəfli qaydasızlıq deməkdir!.. Indi bəyənirsənsə, bu ölkədə yaşa, bəyənmirsənsə, çıx get, təbii ki, əgər səni bir başqa ölkədə qəbul edirlərsə! Hər şey olduqca sərt və amansızdır.
Məni ən çox təəccübləndirən budur ki, bizim ölkədə də mafiya ilə bağlı filmlər çəkib ortaya çıxarmaq istəyirlər. Amma çox gülməli alınır. Halbuki, həmin artistlər elə bizim məmurları oynasaydılar, çox təbii və maraqlı alınardı, bəlkə də bir sahədə – heç olmasa, kino sahəsində irəli çıxa bilərdik. Yenə də Irandan bir misal gətirmək istəyirəm. Bir neçə ay bundan əvvəl bir rejissoru həbs edib ona bir neçə il film çəkməyi yasaq etdilər. Maraqlı nədir? Iranın rejissorları sənədli filmlər çəkirlər və bunlar bir qayda olaraq siyasətin bir hissəsinə aid olur. Bu filmləri min bir əziyyətlə festivallara göndərirlər və hətta mükafat da alırlar. Ona görə də mən bir daha deyirəm ki, hər şeyin başında istedad, bəli, istedad dayanır. Qadağalar da istedad qarşısında acizdir, əksinə qadağa istedadı daha dərin və incə formalar axtarmağa təhrik edir. Istedadlı adam bu formaları tapır, istedadsız isə ömrü boyu forma və məzmun axtarır, tapa bilmir ki, bilmir…
Klintonun birinci müavini Bakıya niyə gəlir?
Hə, birinci müavin gəlməlidir. Onun səfərinin aprel məhbuslarının məhkəmə prosesinin bitdiyi vaxta təsadüf etməsi də maraqlıdır. Diplomatlar əlverişli vaxt seçməyi bacarırlar. Amma bunda sözüm yoxdur, siyasət və maraqlar həmişə olub və indi də var. Lakin Hillari Klinton özünün Bakıya səfəri zamanı vaxt tapıb yerli müxalifətlə görüşmədi. Onun bu səhvini birinci müavin islah edə biləcəkmi? Bəli, mən bilərəkdən “səhv” sözünü yazdım. Çünki həmin o səfər zamanı müxalifətlə görüşməmək həqiqətən də səhv idi. Əfqanıstanda və Iraqda missiyasını başa vurmağa hazırlaşan ABŞ-ın Azərbaycandan elə bir umacağı qalmır. Geosiyasi umacaqların yerini siyasi umacaqlar tutmalı və yerli hökumət siyasi islahatlar aparmağa sövq edilməlidir. Ümid edək ki, birinci müavin öz səfərində demokratiya və insan haqları məsələsini arxa plana keçirməyəcək.
Müstəqilliyin statistikası
Bəli, bunlar bayram tədbirlərini davam etdirirlər və zahiri statistika bunların tərəfindədir – 20 illik müstəqilliyin 18 ili bunların vaxtına təsadüf edir. Lakin özümüz üçün bir kiçik araşdırma aparaq: 2 il ərzində müstəqillik üçün nələr edilib, 18 il ərzində nə? Belə araşdırma aparsaq bu, heç də YAP-ın xeyrinə olmayacaq. Mən bir dəfə yazmışdım ki, qoy, bunlar MDB-nin 20 illiyini necə var, özləri istədikləri kimi qeyd etsinlər! Bəli, indi hamı müstəqillik tərəfdarı olub. Biz bundan peşmançılıq hiss etmirik, əksinə sevinirik. Amma belə də olmaz axı! Bunların hər biri özünü, az qala müstəqilliyin memarı tək təqdim edir! Müstəqilliyə səs verənlərsə unudulub. Onlar əslində, bu hakimiyyətin heç yadına düşməyi də arzulamırlar, gəlin bizlər onları unutmayaq…


