Hakimiyyət oliqarxlardan ehtiyatlanır

Partiyaların maliyyələşməsi hakimiyyətyönlü partiyaları ayrı-ayrı şəxslərin əlindən almağa hesablanıb

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov APA-ya açıqlamasında bildirib ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinə dəyişiklik edilə bilər. Ə.Həsənovun sözlərinə görə, siyasi partiyaları xarici və daxili asılılıqdan xilas etməyin vaxtı çatıb. Bu mövzu ilə bağlı Ə.Həsənov Avropa Şurası Venesiya Komissiyasında müzakirələr aparmaq üçün Prezident Administrasiyası qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyevlə birgə Strasburqa yola düşüb: “Hesab edirik ki, bu qanunun qəbul olunması zəruridir. Azərbaycan artıq elə bir vəziyyətə gəlib çatıb ki, siyasi partiyaları maliyyələşdirmək gücündədir. Dövlət siyasi partiyaları maliyyələşdirsə, siyasi partiyaların da üzərinə Azərbaycan dövləti və dövlətçiliyi qarşısında öhdəlik düşmüş olar”.
Siyasi partiyaların maliyyələşməsi məsələsində isə parlamentdəki təmsilçilik, seçkidə yığdıqları səslərin əsas götürüləcəyi istisna edilmir.
Əslində partiyaların maliyyələşməsi məsələsinin hazırda gündəmə gəlməsi təsadüfi deyil. Belə ki, hazırda iqtidaryönlü partiyaları hökumətin üst qatında təmsil olunan məmurların maliyyələşdirməsi və onların nəzarətində olması dövlət başçısı Ilham Əliyevi narahat edir. “Azadlıq”a daxil olan informasiyaya görə, bir sıra oliqarxların icra hakimiyyətində, parlamentdə təmsilçilik əldə etməklə yanaşı, iqtidaryönlü partiyaları da nəzarətində saxlaması ciddi narahatlığa səbəb olur. Çünki bu şəxslərin gələcəkdə siyasi iddialarla çıxış etməsi istisna edilmir. Bu üzdən dövlət başçısının təşəbbüsü ilə ortaya atılan partiyaların maliyyələşməsi məsələsi məhz onları oliqarxların nəzarətindən çıxarmağa hesablanıb. Yəni hakimiyyət bu tendensiyanı özü üçün təhlükə sayır.
Digər tərəfdən isə hakimiyyət partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsini reallaşdırmağı uzun müddətdir ki, diqqətdə saxlayıb. Bunu müxalifəti parlamentə buraxmamaqla yanaşı, müxalifətdən olan namizədlərin ümumiyyətlə, qeydə alınmaması da sübut edir. Çünki partiyaların dövlət büdcəsindən maliyyələşməsində məhz başlıca kriteriya kimi parlament təmsilçiliyi və seçkidə yığılan səslərin əsas götürülməsi bunu sübut edir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, siyasi partiyaları asılılıqdan qurtarmaq anlayışı hakimiyyətin düşüncə tərzinə ziddir. Hakimiyyətin siyasi partiyaları özündən daha çox asılı vəziyyətə salmağa çalışdığını deyən F.Qəhrəmanlı bildirdi ki, iqtidar hər zaman müxalifət partiyalarının fəaliyyətini məhdudlaşdırmağa, onları siyasi səhnədən silməyə çalışıb: “Hakimiyyət özü ətrafında olan partiyaları daha çox asılı vəziyyətə salmaq üçün çalışır. Hakimiyyət bu günə qədər maliyyəsi ilə ətrafında əlaltı müxalifət saxlayırdı. Indi həmin siyasətini artıq leqallaşdırmağa çalışır. Digər tərəfdən, hakimiyyət ”Siyasi partiyalar haqqında” qanuna belə bir dəyişiklik etməyi öhdəlik götürüb. Ona görə öz ətrafındakı partiyaları maliyyələşdirməklə müəyyən fon yaratmağa çalışır”.
Müxalifət partiyalarına maliyyə ayrılmaması üçün hakimiyyətin əlindən gələni uzun müddətdir etdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, müxalifətin parlamentə buraxılmaması elə bu məqsədi güdür. “Müxalifət partiyalarının qərargah problemi, üzvlərinin həbs olunması problemi qaldığı halda, hakimiyyətin siyasi partiyaları maliyyələşdirmək siyasəti uğur qazana bilməz”, – deyə F.Qəhrəmanlı vurğuladı.

Hikmət