Keçmiş MTN-çi keçmiş rektorun açıqlamaları ətrafında yaranmış dartışmalara qoşuldu
Ramin Nağıyev:
Ondan nəyi soruşaq: bu qədər pulu hardan aldığını, ya onun qardaşını kimlərin oğurladığını? I YAZI
2011-ci ilin sentyabr ayında “Azadlıq” qəzetində və “Azadlıq” radiosunda mənim müsahibələrim yayılarkən söyləmişdim ki, Azərbaycanda Hacı Məmmədovun bandasına bənzər “poqonlu əcinnələr” bandası hələ də mövcuddur. Bu bəyanatı boş yerə vermədiyimi də Azərbaycan oxucuları gördülər: az bir müddət keçəndən sonra Azərbaycan mətbuatına Azərbaycan Beynəlxalq Universitetinin sabiq sahibi və rektoru Elşad Abdullayevin hələ 2009-cu ildə Azərbaycan prezidenti Ilham Əliyevə ünvanladığı müraciətin mətnini təqdim etdim. Bu müraciətdə Elşad Abdullayev oğurlanmış qardaşı Mahir Abdullayevin tapılması, geri qaytarılması üçün yardım istəyirdi.
Bir zamanlar mənə də çamur atmaq cəhdləri vardı
Bu bir ay müddətində ölkə mətbuatında bu mövzunun müzakirəsini diqqətlə izləməkdəyəm və mənə elə gəlir ki, hər şey yenidən təkrarlanır. 2001-ci ildə mən Afiyəddin Cəlilovun, Şəmsi Rəhimovun, Ziya Bünyadovun və başqalarının qətllərinin istintaqı zamanı təşkil edilən saxtakarlıqlarla bağlı açıqlamalar verəndə, o cümlədən ölkə rəhbərliyinə daxil olan şəxslər arasında bu saxtakarlıqları himayə edənlərin olduğunu bildirəndə Azərbaycan mətbuatında mənim üzərimə çamur yağdırmaq sifarişi alanların geniş miqyaslı kampaniyası baş alıb gedirdi. Tarix elə bu şəkildə də təkrarlanır. Oğurlanmış insanın taleyini aydınlaşdırmaq, onun oğurlanmasında iştirak edənləri tapıb cəzalandırmaq əvəzinə, Azərbaycan vətəndaşlarının diqqətini bu cinayətdən yayındırmaq üçün əllərindən gələni edirlər.
Beynəlxalq Universitet Marsda fəaliyyət göstərirdi?
Elə bu məqsədlə də, ABU rektoru Elşad Abdullayevi yıxıb-sürüyür, onu mümkün qədər çox gözdən salmaq üçün əldən ayaqdan gedirlər. Mətbuatda bu adamın maliyyə qaynaqları haqqında müzakirələr açırlar ki, adamlar daha çox bu adamın bu qədər pulu hardan əldə etdiyi kimi məsələlər üzərində baş sındırsınlar. Elə bil, hamı birdən-birə unudur ki, Elşad Abdullayev 50 min tələbənin oxuduğu, 2 mindən çox heyətin işlədiyi özəl universitetin sahibi olub. Sanki bu adamlar indicə Aydan uçub gəliblər və Azərbaycanda nə özəl təhsil şəbəkəsinin olduğundan, nə də bu təhsil müəssisələrinin necə işlədiyindən xəbərləri yoxdu. Sanki bu təhsil müəssisəsi Azərbaycana və onun təhsil sisteminə rəhbərlik edənlərin nəzarətindən kənarda fəaliyyət göstərirmiş.
1,5 milyonluq müqavilənin gerçək nəticələri
Qəzetlərdə Elşad Abdullayevlə Arzu Kazımov arasında 1,5 milyon dollarlıq müqavilənin mətni belə dərc olunur, amma jurnalistlər, bu müqavilələrdə sözü gedən əmlakın indi kimə məxsus olması barədə araşdırma aparmağa belə, ərinirlər. Axı, Elşad Abdullayevə satıldığı iddia edilən həmin torpaq sahələri hələ də əvvəlki sahiblərinin ayağındadır. Bu mühüm məqama etina belə etmədən yazırlar ki, deməzsənmi, E.Abdullayev gözünün içinə qədər yalan deyir, bu pullar Mahirin qaytarılması üçün deyil, torpaq sahəsi almaq üçün verilib. Əgər 2005-ci ildə Kazımov qardaşları E.Abdullayevə 1,5 milyon dollar dəyərində torpaq sahəsi satıblarsa, nəyə görə hələ indi də, bu torpaq sahəsi onların adında qalır? Nə üçün bu altı il ərzində nə E.Abdullayev “əmlakını” öz adına keçirib, nə də Kazımovlar başqasına məxsus olan əmlakı adlarından çıxarmaq üçün təşəbbüs göstəriblər? Ona görə ki, ortalıqda olan bu pullar torpaq alverini nəzərdə tutmayan bir sövdələşmə vasitəsi kimi peyda olub. Ixtisasca hüquqşünas olan Elşad Abdullayev qardaşının qaytarılması üçün verdiyi pulları hansısa formada qeydə alıb rəsmiləşdirməyi istəyib və bunu bu yolla etməyi bacarıb.
Əyyub Kərim məni daha artıq təəccübləndirir
Məni daha çox təəccübləndirən məqamlardan biri də ekspert Əyyub Kərimin bu prosesə verdiyi qiymət oldu. O, bildirir ki, Elşad Abdullayev ardıcıl olaraq qardaşının oğurlanması faktı ilə bağlı araşdırma aparılmasına mane olurdu.
Öncə, hörmətli Əyyub bəyə təşəkkür etmək istəyirəm ki, məni Elşad Abdullayevin mümkün “satqınlığı və güdaza vermək” ehtimalı ilə bağlı xəbərdar edir. Amma bunu etmək o qədər də rahat deyil. O, indi Fransa hökumətinin himayəsi altındadır. Üstəlik, o, kimisə satmaq istəsə belə, bu, mən ola bilməyəcəyəm. Başqa tərəfdən, hörmətli Əyyub bəy hansı araşdırmalardan bəhs edir ki, cinayət baş verdikdən az müddət sonra E.Abdullayev qardaşının kimlər tərəfindən oğurlandığını və harada saxlandığını, artıq, bilirdi. Belə təsəvvür yaranır ki, Əyyub Kərim Azərbaycanda yaşamır, ya da burada insan oğurluğu hadisəsi barədə faktı ilk dəfədir ki, eşidir. Mən onlarla fakt saya bilərəm ki, adamların yaxın qohumlarını oğurlayıb böyük miqdarda pullar müqabilində geri qaytarıblar. Amma bu, bir başqa söhbətin mövzusudur.
Bazar günü “ibadəti”
Bu prosesin təhlilinə girişən adamların hamısından soruşmaq istəyirəm ki, onlar “Elşad Abdullayev qardaşı Mahirin indi harada olduğunu, harada saxlandığını yaxşı bilir” ifadəsini necə qiymətləndirirlər? Əgər bu, dövlət sirri deyilsə, o halda, Allah xatirinə, bu informasiyanı bizə də verin. Əgər danışıq başlanıbsa, deməli sona qədər açıq danışmaq lazımdır. Məsələn, Azərbaycan Daxili Işlər Nazirliyinin, hətta bazar günü belə, açıqlama yayaraq prosesə münasibət bildirən rəhbərliyindən nümunə götürün.
DIN-in mətbuat xidmətinin rəisi polkovnik Sadiq Gözəlov E.Abdullayevin iddialarının tamamilə məntiqsiz, uydurma olduğunu dedi: “Jurnalistlər də təhlillər aparıb yazdılar ki, bu adamın danışdıqlarında heç bir məntiq yoxdur. Onun açıqlamasının əvvəli ilə sonrakı hissələri bir-birini təkzib edir. Hüquq elmləri doktoru adını almış bir adam bu cür cəfəngiyatları yalnız o məqsədlə deyə bilər ki, bu iftiralara söykənib Fransadan siyasi sığınacaq alsın. Xarici ölkələrdə sığınacaq almaq üçün ən iyrənc metodlara əl atanlar az deyil, Elşad Abdullayev də bu yolu seçib”. (Qeyri iş günündə verilən bu tələm-tələsik açıqlama “Yeni Müsavat” qəzetində yayılmışdı – red.).
Polkovnikə yanlış yazıblar
Amma cənab polkovniklə xırda bir məqama görə razılaşmayacağam. Polkovnikin tabeliyində işləyənlər onu aldadıblar (ya da təhrif edilmiş informasiya çatdırıblar – red.). Axı, Elşad Abdullayev bu sözləri Fransada deməyib. O, bu sözləri nəinki yalnız şifahi olaraq, hətta yazılı olaraq, Bakı şəhərində, 15 may 2009-cu ildə, Azərbaycan Pespublikası Baş prokurorluğuna verdiyi ifadədə imzasıyla da təsdiqləyərək səsləndirib. Orada Elşad Abdullayevi müsyö Portağal dindirməyib, Azərbaycan Respublikası Baş Prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi, ədliyyə müşaviri Vüqar Nəsibov dindirib. Orada bu ifadəni verən Elşad Abdullayevin məqsədi Fransadan siyasi mühacir statusu almaq deyildi, oğurlanmış qardaşının tapılıb evinə qaytarılması, cinayətkarların isə cəzalandırılması idi. (Bu sənədlərin hamısı “Azadlıq” qəzetinə təqdim edilib və orada dərc edilib, götürüb oxuya bilərsiniz – red.). Təəssüf ki, 3 il keçməsinə baxmayaraq, onun öz ifadəsində adını çəkdiyi adamların heç biri istintaqa çağırılıb “quş qoymaq” xatirinə də olsa, dindirilməyib. Əgər istintaq aparılmayıbsa, Abdullayevin arqumentləri yoxlanmayıbsa onun yalan danışdığını kim və necə müəyyən edib? Bəlkə, istintaq aparılıb, bizə məlum olmayan sirlər, orada DIN-də və başqa dövlət qurumlarında mövcuddur və hər kəs bilir ki, Mahir Abdullayevi kimlər oğurlayıb və o, indi haradadır?
Cənab Sadiq Gözəlov bildirir: “Elşad Abdullayevin Kürdəmirdə, guya, hücuma məruz qalması haqda dedikləri də böhtandır. Heç zaman belə hadisə olmayıb. Əgər olmuşdusa, niyə bu haqda Elşad Abdullayev indi danışır? Üçüncüsü, bu boyda bir olay baş versəydi, onu ictimaiyyətdən necə gizlətmək olardı? Əgər bu adama qarşı bu cür cinayətlər baş vermişdisə, niyə daha yüksək instansiyalara müraciət etməyib, bu barədə yalnız ölkədən qaçıb gedəndən sonra danışır? Onun məqsədi bəllidir, özünün etdiyi qanunsuz əməllərə görə cavab verməkdən qurtulmaq üçün xaricə qaçıb. Indi də orada qalmaq üçün bu cür iftiralarını davam etdirir. Bu işdə adını hallandırdığı mülki adamların da müsahibələrindən aydın oldu ki, Elşad Abdullayevin dedikləri tam yalandır. Yalan, cəfəng iddialara isə heç bir şərh verilmir”.
Amma bax, burada, cənab polkovnik, siz yalan danışırsız və icazə verin, sizinlə razılaşmayım. Qardaşının oğurlanması faktından dərhal sonra E.Abdullayev Daxili Işlər naziri Ramil Usubovun qəbulunda olub, ona şikayətini çatdırıb, o isə bu məsələ ilə məşğul olmaq və Abdullayevə yardım etməyi müavini Zahid Dünyamalıyevə həvalə edib. (Elşad Abdullayevin Azərbaycan prezidenti Ilham Əliyevə poçt sifarişi ilə ünvanladığı müraciətdə bu fakt xüsusi olaraq vurğulanır – red.). Zahid Dünyamalıyevin bu işlə necə maraqlandığı isə aydındır.
Və heç kimin xatırlamaq istəmədiyi videokaset
Mühüm inzibati orqanın, DIN-in adından rəsmən danışan Sadiq Gözəlovun qeyri-səmimiliyini sübut etmək üçün başqa arqumentlər də var. Məsələn, videokaset. Bu kasetdəki söhbətdə də təsdiq edilir ki, Mahr Abdullayevin oğurlanmasından dərhal sonra Elşad Abdullayev Daxili Işlər naziri Ramil Usubovla görüşür. Bundan əlavə, bu kasetdə aşkar görünür və eşidilir ki, DIN-in 7-ci Idarəsinin zabiti, podpolkovnik Rövşən Abasquliyev Idarənin rəisi Vaqif Şərifovun tapşırığını icra edərək Elşad Abdullayevə bildirir: “Sizin qardaşınızı ”bandotdel” götürüb”.
Elşad Abdullayev bu kaseti də şəxsən Ramil Usubova təqdim edib…
HƏMÇİNİN BAX:
ABU-nun rektoru prokurorluğa ifadəsinin davamında nələrdən bəhs edib?
Elşad Abdullayevin ittiham etdiyi şəxs «Azadlıq»a danışdı
Elşad Abdullayevin qardaşı oğlu da oğurlanıbmış
Generalın oğlunu kimlər oğurlayıb?
Elşad Abdullayev fırtınası davam edir
***
Elşad Abdullayevdən İlham Əliyevə şok müraciət
Elşad Abdullayevdən yeni sensasiyalar
“Qohumlarım MTN-in «podvallarından» tapılırdılar”
Mahir Abdullayevin oğurlandığı maşın Bakıdadır