İcra başçısı İlham Əliyevin qəzəbinə gəlib

Zərdabın «xan»ı tutduğu vəzifədən uzaqlaşdırıla bilər

Zərdabın icra başçısı Lütfəli Babayev ölkə başçısı Ilham Əliyevin qəzəbinə gəlib. “Azadlıq”a daxil olan məlumatlara görə, buna səbəb adıçəkilən icra başçısı barədə Ilham Əliyevə saysız-hesabsız şikayətlərin üvanlanmasıdır.  Ehtimal olunur ki, o, yaxın vaxtlarda tutduğu postdan uzaqlaşdırılacaq. Hakimiyyət dəhlizlərində düşünürlər ki, Lütfəli Babayev vəzifədə saxlanıldıqca və qanunsuz əməllərini davam etdirdikcə Zərdabda narazılıq artır. Bu isə sosial partlayışla nəticələnə bilər. Bu baxımdan “yuxarılar”da icra başçısının işdən çıxarılması müzakirə mövzusudur.
Məlumatlarda deyilir ki, Ilham Əliyevə ünvanlanan şikayətlərdə icra başçısının boru satmasından tutmuş, “hinduşka macərası”na qədər çoxsaylı faktlar yer alıb. Lakin şikayətlərin ardı-arası kəsilmir. Bu günlərdə isə bir qrup Zərdab sakini Lütfəli Babayevin bir sıra qanunsuz əməllərilə bağlı redaksiyamıza müraciət edib. Sakinlərin sözlərinə görə, icra başçısı Zərdabın su problemini şəxsi biznesinə çevirib. Söhbət ondan gedir ki, rayon mərkəzində su xətlərinin istismar müddəti başa çatıb və borular sıradan çıxıb. Nəticədə əhali içməli suya həsrət qalıb. Icra başçısı bundan istifadə edərək özü üçün biznes qurub. Sakinlər bildirir ki, onlar Lütfəli Babayevə məxsus su maşınlarından içməli su almaq məcburiyyətində qalıblar.
Bundan başqa, Lütfəli Babayevin tapşırığı ilə rayonun abadlaşdırılması və “Avrovizion 2012″ Mahnı Müsabiqəsi bəhanə edilərək büdcə təşkilatlarından, sahibkarlardan və sıravi vətəndaşlardan pul yığılır. ”Halbuki rayonda abadlıq sahəsində heç bir iş getmir. Rayon mərkəzinin abadlaşdırılması ilə bağlı büdcədən Zərdabın icra nümayəndəliyinə 500 min manat vəsait ayrılmışdı. Bəs pul hara sərf edilib ki, bizdən pul yığırlar?”, – deyə sakinlər bildirib.
Sakinlər bir maraqlı faktı da diqqətimizə çatdırıblar. Onların sözlərinə görə, ətin bahalaşması ilk dəfə Zərdabda müşahidə edilib. Bunun səbəbi rayonda ət satışının icra başçısının inhisarında olması ilə izah edilir: “Lütfəli Babayevin Zərdabda 22 maldarlıq ferması var. Bir müddət əvvəl o, rayonda fəaliyyət göstərən ət dükanlarını yığışdırdı. Və özünə məxsus ət dükanlarını rayon ərazisinə ”səpələdi”. Indi Zərdabda yalnız icra başçısına məxsus ət dükanları fəaliyyət göstərir və onlar da ətə Lütfəli Babayevin istəyinə uyğun qiymətlər qoyurlar”.
Sakinlər deyir ki, onlar icra başçısının qanunsuz əməllərilə bağlı Ilham Əliyevin qəbulunda olmaq niyyətindədirlər. Onların sözlərinə görə, əgər icra başçısı ilə bağlı tədbir görülməzsə, aksiyalara başlaya bilərlər.

Azad