“Bu, Əli Həsənovun uydurmasıdır”

Mehriban Vəzir: «Hər halda AXC hakimiyyəti dövründə bir qadın da ölkədən kənara getməmişdi»

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dünən maraqlı açıqlama ilə çıxış edib. PA rəsmisi bildirib ki, AXC hakimiyyəti dövründə qadınlara qarşı nadanlıq siyasəti aparılırdı. Ölkədə müasir qadın siyasətinin əsasını isə Heydər Əliyev qoyub: “1993-cü ildən başlayan yeni ailə-qadın siyasəti bu gün uğurla davam edir. Azərbaycanın elmində, mədəniyyətində, siyasətində, dövlət qulluğunda hesab etmirəm ki, qadınların təmsilçiliyi azdır. Qadınlar da bu sahədə fəallıqlarını artırmalıdır. Azərbaycan qadını müasirləşməli, dünyanın mövcud dəyərlərindən, inkişafından kənarda qalmamalıdır. Mehriban xanım Əliyevanın fəaliyyətini izləmək yetər ki, bu gün Azərbaycanın dünyaya təqdim olunmasında Azərbaycan qadınlarının rolunu görək”.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir hesab edir ki, bu hakimiyyətin nümayəndələri adəti üzrə yalan danışmaqdan utanmırlar: “Kimisə tərifləmək üçün hər cür cəfəngiyat danışırlar. Nə tarixə baxırlar, nə də olub-keçənlərə. Onları heç nə maraqlandırmır. Yalan danışmaqdan da utanmırlar”.
M.Vəzir AXC hakimiyyəti dövründə qadınlara qarşı nadanlıq siyasətinin yürüdülməsi fikrini kökündən yanlış hesab edir: “Bu, Əli Həsənovun uydurmasıdır. Indiki zamanda isə qadına münasibət heç də yaxşı sayıla bilməz. Göstəricilərə baxsaq görərik ki, Azərbaycanda şəxsi mülkiyyətin cəmi 4 faizi qadınların əlindədir. Əməkçi miqrantların 44 faizini qadınlar təşkil edir. Hər halda AXC hakimiyyəti dövründə bir qadın da ölkədən kənara getməmişdi. Bu gün iş üçün xaricə gedənlərin, az qala yarısı qadınlardır. Ötən il dövlət idarələrində işləməyə 8 min adam qəbul olunub. Onların arasında qadınların sayı heç 4 faiz də deyil. Əvvəlcə güzgüdə özlərinə baxsınlar, sonra bu cür əsassız fikirlər yürütsünlər”.