«Azərbaycanın ən çox neft satdığı ölkədə maliyyə böhranı ölkəmizə təsirsiz ötüşməyəcək»
Məhəmməd Talıblı: «Hər hansı böhranlı iqtisadi vəziyyət xarici ticarət dövriyyəsində azalmalara gətirəcək»
Hazırda Avropanı narahat edən əsas məsələlərdən biri növbəti gözlənilən iqtisadi böhran dalğasıdır. Indi Avrozonada maliyyə böhranından ən çox əziyyət çəkən ölkələr Yunanıstan, Irlandiya və Portuqaliyadır. Onlar artıq uzunmüddətli kredit almaq üçün Avropa Birliyi və Beynəlxalq Valyuta Fonduna müraciət ediblər. Eyni zamanda Italiya, Ispaniya, Fransa və Almaniya da maliyyə çətinlikləri ilə üzləşib. Böhran ehtimalları amerikalı sərmayədar Corc Soros və 95 tanınmış iqtisadçı-alim və biznesmeni Avrozonaya daxil olan 17 ölkənin rəhbərliyinə müraciət etməyə vadar edib. Müraciət müəllifləri məmurları ümumdünya maliyyə böhranına yol verməməyə çağırıb və bunun üçün bir neçə tövsiyə veriblər.
Avropada iqtisadi böhran baş qaldıracağı təqdirdə, bunun bilavasitə Azərbaycana da təsir edəcəyini gözləmək olar. Əsas təsir isə neftin qiyməti ilə bağlı olacaq. Ekspertlər neftin qiymətinin 40 dollara qədər düşə biləcəyini deyir. Bu da büdcəsi neftdən asılı olan ölkə üçün ciddi problemlər yarada bilər. Bundan əlavə, Azərbaycanın xarici ticarət əlaqələrində hazırda maliyyə çətinlikləri ilə üzləşən Italiya birinci yerdədir. Bu ölkə Azərbaycandan əsasən neft məhsulları idxal edir. Belə olan halda Avropada böhranın dərinləşməsi ölkəmizə nə vəd edir?
Iqtisadçı-ekspert Məhəmməd Talıblının fikrincə, Italiyada yaranacaq hər hansı böhranlı iqtisadi vəziyyət xarici ticarət dövriyyəsində azalmalara səbəb ola bilər. Bu da Azərbaycandan ora ixrac olunan məhsullarda özünü göstərə bilər. Bu isə öz növbəsində ölkəmizdə istehsal templərinin aşağı düşməsinə gətirib çıxaracaq. Istehsal templərinin aşağı düşməsi isə müəssisələrin tam gücü ilə fəaliyyət göstərməsinə imkan verməyəcək, həmin müəssisələrdə çalışan şəxslərin əmək haqlarına əhəmiyyətli təsir göstərəcək.
Bütün bunların əhalinin məşğulluq və gəlir səviyyəsinə də mənfi təsiri edəcəyini deyən M.Talıblının sözlərinə görə, növbəti böhranın baş qaldırması ümumilikdə neft siyasətini həyata keçirən, büdcəsi neftdən asılı olan Azərbaycana yaxşı heç nə vəd etmir.
Fizzə