Səudiyyədan İrana qarşı ilk həmlə

Ər Riyad Tehrandakı səfirini geri çağıra bilər

ABŞ-ın Ədliyyə Departamenti İran hökumətini, Səudiyyə Ərəbstanın ABŞ-dakı səfirinə qarşı sui-qəsdə cəhddə ittiham etməsi Tehranla Ər Riyad arasında gərginliyin yaranmasına səbəb olub. Səudiyyə Ərəbistanı hökuməti sui-qəsd planının üstünün açılması ilə əlaqədar İrana qarşı tədbirlər görüləcəyini açıqlayıb. Bu barədə “Reuters” agentliyinə krallığın hökumət nümayəndəsi Abdulla əl-Şammari bildirib. Əl-Şammarinin sözlərinə görə, bu tədbirlərdən ən yüngülü İrandakı Səudiyyə Ərəbistanı səfirinin geri çağırılması ola bilər.

Bu arada ABŞ-ın paytaxtı Vaşinqtonda Səudiyyə Ərəbistanı səfiri Əbdül əl-Cübeyrə qarşı İranın sui-qəsd planı ilə bağlı saxlanılmış iranlı Mənsur Ərbabsiyar Nyu-York məhkəməsinə çıxarılıb. O, ABŞ-dakı Səudiyyə Ərəbistanı səfirinə qarşı sui-qəsd, eləcə də Səudiyyə Ərəbistanı və İsrail səfirliklərində partlayış hazırlamaqda ittiham olunur.

Xatırladaq ki, ərəb diplomata sui-qəsdə cəhddə ittiham edilən digər şəxs isə “Qüds Qüvvələri” qruplaşmasının üzvü Qolam Şakuri olduğu bildirilir. İranın BMT-dəki səfiri Məhəmməd Xəzai BMT-nin baş katibi Ban Ki-Muna məktub yazaraq, ABŞ-ın ittihamlarından hiddətləndiyini ifadə edib. Məktubda deyilir ki, İran terrorla mübarizə aparır, İranın ABŞ-dakı Səudiyyə Ərəbistanı səfirini öldürtmək planına dair iddialar isə Fars körfəzi ölkələrində vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. İran prezidenti Mahmud Əhmədinejadın məsləhətçisi Əli Əkbər Cavanfəkr Vaşinqtondakı Səudiyyə Ərəbistanı səfirinin öldürülməsi planı ilə bağlı ABŞ-ın İrana qarşı ittihamlarını rədd edib.