«Baş verənlər göstərir ki, hakimiyyətin demokratik dəyərlərə və insan haqlarına münasibəti dəyişməyib»
Milli Istiqlal Partiyasının müvəqqəti qərargahında partiyanın qadınlar təşkilatının təşəbbüsü ilə Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş “Müstəqilliyimizin qazanılmasında qadınların yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib. “Mediaforum”un məlumatına görə, dəyirmi masanın yekununda bəyanat qəbul olunub.
Bəyanatda bu ilin aprelində müxalifətin Bakıda keçirdiyi etiraz aksiyasına görə tutulmuş Müsavat Partiyası başqanının müavini Arif Hacılının və digər siyasi məhbusların azadlığa buraxılması tələb olunur.
Sənəddə qeyd olunub ki, ötən əsrin sonlarına yaxın Azərbaycan müstəqilliyini bərpa etsə də, azad, hüquqi və demokratik dövlətin qurulmasında problemlər qalmaqdadır. Son dövrlər hakimiyyətin yürütdüyü siyasətdən narazı qalanlara, azad düşüncəli insanlara qarşı repressiyalar geniş xarakter alıb.
Qadınların fikrincə, vaxtilə parlamentdə deputat kimi Azərbaycanın dövlət müstəqilliyinin bərpasına səs vermiş Arif Hacılının və 2 aprel aksiyasının digər iştirakçılarının məhkum edilməsi bir daha sübut edir ki, hakimiyyətin demokratik dəyərlərə və insan haqlarına münasibəti dəyişməyib.
“Biz Azərbaycan qadınlarının fəal bir qisminin təmsilçiləri olaraq Arif Hacılı və digər aksiya iştirakçıları haqqında çıxarılan sifarişli məhkəmə hökmlərini pisləyərək, bunu cəmiyyətdəki qarşıdurmanın və gərginliyin daha da dərinləşməsinə, habelə ölkənin beynəlxalq imicinə ciddi zərbə olacaq amil kimi qiymətləndiririk. Biz mövcud iqtidardan tezliklə ədalətin bərpa olunmasını və bütün siyasi məhbusların azadlığa buraxılmasını qətiyyətlə tələb edirik”, – deyə bəyanatda vurğulanır.