Yaxın illərdə qida məhsullarının qiyməti yüksək olacaq
Yaxın illərdə qida məhsullarının qiymətləri kənd təsərrüfatı və enerji bazarlarının sıx qarşılıqlı əlaqəsi və baş verən təbii fəlakətlər səbəbindən yüksək olaraq qalacaq. Bu, perspektiv ərzaq təhlükəsizliyinə – ilk növbədə idxaldan asılı olan Afrika ölkələrində – qorxu yaradır.
Belə ki, onların bir çoxu indiyədək 2006-2008-ci illərdə dünya ərzaq və iqtisadi böhranlarının öhdəsindən gəlməyə çalışırlar. Bu barədə BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatının Inkişafı Beynəlxalq Fondu (IFAD) və Ümumdünya Ərzaq Proqramı tərəfindən hazırlanmış 2011-ci ildə dünyada ərzaq təhlükəsizliyinə
dair yeni hesabatda deyilir. “Çevik inkişaf edən iqtisadiyyatlarda istehlak tələbatının, əhalinin sayının artması və bioenergetikanın gələcək inkişafı ərzaq sistemində əlavə yükə gətirib çıxarır”, – sənəddə deyilir.
Bu üç agentliyin rəhbərləri hesab edirlər ki, müxtəlif böhranlar, o cümlədən Afrika Buynuzundakı böhran minilliyin inkişaf məqsədlərindən birinə – 2015-ci ilədək aclıq çəkənlərin payının iki dəfə azaldılmasına nail olmaq üzrə səyləri çətinləşdirir. Hətta 2015-ci ilədək bu məqsədə nail olunsa da, inkişaf etməkdə olan ölkələrdə 600 milyon adam aclığı davam etdirəcək. Bəzi iri ölkələr öz ərzaq bazarlarını kompleks tədbirlərin köməyilə beynəlxalq sarsıntılardan qoruya biliblər. Bu cür tədbirlərin sırasına ticarət məhdudiyyətləri, yoxsullar üçün sosial müdafiə tədbirləri və ərzaq məhsullarından istifadə daxildir.
Lakin ticarət izolyasiya dünya bazarlarında qiymətlərin artmasına gətirib çıxarıb və idxaldan asılı olan ölkələrdə ərzaq qıtlığının nəticələrini ağırlaşdırıb.
Qeyd edək ki, ekspertlərin rəylərinə görə, son yarım ildə Azərbaycanda ərzaq məhsullarının qiymətləri 15-20% artıb. Ən çox ət bahalaşıb. Ölkədə qiymətlərin yüksək olmasının səbəblərindən biri kənd təsərrüfatı sahəsində hökumətin strategiyasının və ciddi islahatların olmamasıdır.
Inhisar və korrupsiya da mənfi təsir göstərir.



