Cavid Qurbanovun idarələrində narazılıq

Bakı-Tiflis-Axalkələki-Qars layihəsi «Azəryolservis»də aranı qatıb

“Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovun idarələrində narazılıq yaranıb. “Azadlıq”a daxil olan məlumatlara görə narazılığa səbəb deputatın idarələr arasında ayrı-seçkilik salmasıdır. Cavid Qurbanovun tabeliyində 115 idarə olsa da, onlardan yalnız 5-6 fəaliyyətdədir.
Digər idarələrə isə iş verilmir. Narazılıq xüsusilə Bakı-Tiflis-Axalkələki-Qars dəmiryolu layihəsinin tikilməsi ilə bağlıdır. Bu layihənin inşasını Azərbaycan öz üzərinə götürüb. Və işin icrası Nəqliyyat Nazirliyinə tapşırılıb. Nəqliyyat naziri Ziya Məmmədov isə bu bahalı layihənin tikintisini “Azərinşaatservis”in rəhbəri, Bülent Karanıya və Cavid Qurbanova tapşırıb. Cavid Qurbanov layihədə sahibi olduğu “Kəpəz” şirkəti ilə təmsil olunur. Bu şirkət ağır texnikaları icarəyə verməklə məşğuldur. Məlumatlarda deyilir ki, Cavid Qurbanovun tabeliyində olan idarələr gözləyirmiş ki, layihənin tikintisində onlara da iş veriləcək. Lakin “Azəryolservis”in şefi həmin idarələrin görməli olduğu işi başqa şirkətlərə tapşırıb. Bu da ciddi narazılığa səbəb olub.
Yeri gəlmişkən, xatırladaq ki, Bakı-Tiflis-Axalkələki-Qars layihəsinin Cavid Qurbanovla Bülent Karanıya tapşırılması Ziya Məmmədovun başqa bir yaxın adamı “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Arif Əsgərovu da qəzəbləndirib. Hətta bu məsələ ilə bağlı Cavid Qurbanovla aralarında mübahisə olub. Arif Əsgərov “Azəryolservis”in şefinə narazılığını təxminən bu şəkildə bildirib: “Bizim idarədə nə var ki, nə qazanaq?! Amma yol, körpü tikintiləri hamısı sizin əlinizdədir. Bəs deyil bu qədər?”
Məlumatda deyilir ki, bu narazılıqdan Ziya Məmmədovun da xəbəri var. Lakin bununla belə nazir qərarını dəyişdirməyib.

İnformasiya şöbəsi