“Azərbaycan cəmiyyəti qaynayır”

Tanınmış vəkillə gündəmi silkələyəcək müsahibə

Aslan İsmayılov: «Təcili olaraq növbədənkənar parlament seçkilərinə gedilməlidir»

“Elə bilirlər ki, bu cür zorakı üsullarla hakimiyyəti saxlamaq mümkündür. Anlamırlar ki, əksinə, bu yolla hakimiyyəti uçuruma aparırlar”

Oktyabrın 6-da tanınmış vəkil Aslan Ismayılovun səhhətində ciddi problem yaranmışdı. Ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya aparılan vəkil dərhal reanimasiya şöbəsinə yerləşdirilmişdi. Bəlli olmuşdu ki, Aslan Ismayılovun səhhətində kritik ağırlaşmanın baş verməsi təzyiqinin yüksək olması və ürəyindəki ağrılar üzündəndir. Ona görə də vəkillə müsahibəyə onun səhhəti barədə sualla başladıq.

Azərbaycan hakimiyyəti gənclikdən qorxur

– Aslan müəllim, ötən həftə səhhətinizdə ciddi problem yaranmışdı. Indi necəsiniz?
– Allaha şükür səhhətim qaydasındadır. Mən də insanam, xəstələnə bilərəm. Lakin bu məsələ barədə mətbuata heç bir məlumat verməmişəm. Sadəcə məni təcili tibbi yardımla xəstəxanaya aparanda kimlərsə görüb və bu məsələ mətbuata çıxıb.

– Ictimai Palatanın 2 aprel aksiyasında həbs edilənlərlə bağlı məhkəmə prosesləri yekunlaşdı. Həm gənclər, həm də funksionerlər barədə çıxarılan hökmləri necə qiymətləndirirsiniz?   
– Mən bu məhkəmə proseslərini nəinki mətbuatdan izləmişəm, hətta gənclərlə bağlı proseslərdə şəxsən iştirak etmişəm. Fikrimcə, xüsusilə, gənclərə qarşı bu sayaq münasibət  Azərbaycan hakimiyyətinin və hər bir azərbaycanlının  faciəsidir. Çünki həmişə ölkəni inkişafa doğru aparan gənclər olub. Hətta gənclərin səhv etmə haqqı da var. Gənclərin həbsi, onlar barədə çıxarılan hökmlər göstərir ki, Azərbaycan hakimiyyəti gənclikdən qorxur. Iqtidar gəncləri zorakı yollarla susdurmağa çalışır, pavlik morozovlar yetişdirmək istəyir və yetişdirir. Amma düşünürəm ki, Azərbaycanı irəli aparanlar məhz bu gün həbsdə olan gənclərdir. Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, Elnur Məcidli, Adnan Hacızadə, Emin Milli və Azərbaycan hakimiyyətinin qəzəbinə tuş gələn digər gənclər ölkəmizin gələcəyidir. Əslində hakimiyyət bu gənclərlə amansız davranmaqla özünə qəbir qazanlar yetişdirir. Mən istəyirəm ki, Azərbaycanda hakimiyyət dəyişikliyi qansız-qadasız baş tutsun. Lakin hakimiyyət bu cür yanaşmaları ilə həmin gənclərə və narazı olan digər təbəqələrə şans qoymur. Axı o gənclər də insandır. Onlar azad ölkədə yaşamaq, Rusiyada həyatı bahasına ailəsinə pul göndərmək istəmədiyi, Azərbaycanda ikinci dərəcəli adam sayıldığına görə etiraz edib. Və buna görə də həbsə atılıblar. Bu, əsl faciədir. Əgər  məhkəmələrə qədər gənclər hakimiyyət dəyişikliyi məsələsində liberal xətt tutmuşdularsa, məncə, artıq onların düşüncəsi dəyişib. Artıq onlar çıxış yolu kimi zorakılığı seçə bilərlər. Təsir əks-təsirə bərabərdir. Bu zaman baş verənlərə görə yenə də hakimiyyət məsuliyyət daşıyacaq. Bu mənim bir vətəndaş olaraq mövqeyimdir.

Hakimiyyətdə çoxlu sayda Danabaş kəndinin Xudayar bəyləri var

– Bəs bir hüquqşünas kimi necə düşünürsünüz, 2 apreldə həbs edilən gənclərin, partiya funksionerlərinin əməlində cinayət tərkibi var idimi?
– Ataların yaxşı bir sözü var: Görünən dağa nə bələdçi?! Bu hadisələr mənim ofisimin yaxınlığında baş verib. Mən də bu hadisələrin hər birində iştirak etmişəm. Onların heç birində aksiya iştirakçılarının zorakılıq etdiyini görməmişəm. Onlar yalnız “Azadlıq” hayqırıblar. Burada hansı cinayətdən söhbət gedə bilər?! Sadəcə mənə elə gəlir ki, bununla hakimiyyət çıxış yolu axtarmaq istəyir. Lakin vəziyyətdən çıxmaq üçün yanlış xətt tutub.
Bu gün hakimiyyətdə çoxlu sayda Danabaş kəndinin Xudayar bəyləri var. Keçmişində heç kim olub, bu gün vəzifəyə yiyələnənlərdən söhbət gedir. Onlar elə bilirlər ki, bu cür zorakı üsullarla hakimiyyəti saxlamaq mümkündür. Anlamırlar ki, əksinə, bu yolla hakimiyyəti uçuruma aparırlar. Başa düşmək lazımdır ki, zorakı üsullarla insanları etiraz etməkdən, aksiyalardan çəkindirmək olmaz. Samovarın balaca qapağı var, qaynayanda həmin qapağı açırıq ki, buxar çıxsın, yoxsa aşıb-daşar. Bu gün Azərbaycan cəmiyyəti də qaynayır. Əgər cəmiyyət vaxtaşırı aksiyalar keçirməsə və onların tələbləri yerinə yetirilməsə, bu, sosial partlayışa səbəb ola bilər.
Bundan sonra mitinqlərə daha çox gənc çıxacaq.

– Belə fikirlər var ki, hakimiyyət repressiyaları şiddətləndirməklə cəmiyyətdə qorxu xofunu gücləndirmək istəyir…
– Hakimiyyət belə düşünür. Amma bunun əksi baş verir. Mən gənclərin çıxışını oxudum. Sosialist dövründə Georgi Dimitreev adlı bir bolqar var idi. O, həbs ediləndə bir çıxış etmişdi. Həmin çıxışı bütün sovet ölkələrində hamı dinləyirdi və deyirdi ki, necə mərdanə çıxış edib. Fikrimcə, 2 aprel mitinqinə görə həbs edilən gənclərin hər birinin çıxışı Georgi Dimitreevin çıxışı qədər populyar olacaq.  Onlar cəsarətli çıxışları ilə başqalarında olan qorxu xofunu aradan qaldırdılar. Bundan sonra mitinqlərə daha çox gənc çıxacaq.
Bu məsələdə yeganə təəssüfləndiyim şey məhkəmələrə etiraz edənlərin az olmasıdır. Cəmiyyət bu məhkəmələrə ciddi diqqət yetirməli, Azərbaycan gəncliyi həmin proseslərdə iştirak etməli idi. Amma təəssüf ki, gənclər bu gün daha çox Röyanın, Faiqin konsertinə gedirlər…

– Sizcə, bunun səbəbi nədir? Yəni, nədən gənclər daha çox şouya, konsertlərə maraq göstərirlər, amma ictimai-siyasi proseslərdə iştirak etmək istəmirlər?
– Bu, Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir. Iyirmi il əvvəl belə deyildi. Indi daha çox mütilik, yaltaqlıq, əxlaqsızlıq müşahidə olunur, nəinki iyirmi il əvvəl. Hakimiyyət məqsədli şəkildə belə vəziyyət yaradıb. Çünki millətin müti, manqurt olmasını istəyir. Ona görə ki, belələrini idarə etmək asandır. Baxın, telekanalların hamısında şou gedir və insanlar məqsədli şəkildə əxlaqsızlığa sövq edilir. Televiziyalarda ictimai-siyasi proseslərin müzakirəsinə həsr olunmuş, hüquqi savadı artıran, maarifçilik xarakteri daşıyan bircə ciddi veriliş yoxdur. Hamısında ərə getmə, boşanma və s. bu kimi insanların əxlaqını pozan şoular nümayiş etdirilir.

ABŞ artıq başa düşüb ki, demokratiyadan gözəl heç nə yoxdur

– Amma hakimiyyətin baş ideoloqu Ramiz Mehdiyev də televiziyaları tənqid etdi…
– Mənim bu məsələ ilə bağlı bir köşə yazım çıxmışdı. Həmin yazı facebook səhifəmdə yerləşdirilib. Sərlövhəsi belə idi: “Başa düşmürəm”. Doğrudan da mən başa düşmürəm ki, Ramiz Mehdiyev kimə şikayət edir? Axı bütün bunlar hamısı onun əlindədir. Məncə, bu, məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil. Mən çəkinmədən həqiqəti deyirəm. Və bəyan edirəm ki, nə iqtidardayam, nə də müxalifətdə. Mənim hər iki cəbhəyə iradım var. Indiyə qədər mətbuata açıqlamadığım bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Allah rəhmət eləsin, mərhum Elmar Hüseynovla “Monitor”un ən güclü vaxtında bizim arzumuz var idi: Ictimai qurum yaratmaq. Bu qurumun qayəsi hakimiyyətə can atmaq deyil, istənilən hakimiyyətə müxalifətdə dayanmaq idi. Məqsədimiz yalnız milli maraqlara xidmət etmək idi. Təəssüf ki, bu arzumuzu reallaşdıra bilmədik. Amma mən özüm təklikdə bu mövqedəyəm. Mənim bu çıxışlarım vətəndaş mövqeyidir. Yeri gəlmişkən, bu fikirləri vəzifəlilər, hakimiyyətin dostları, varlı adamlar da danışır, amma gizli şəkildə. Mən isə bunu açıq şəkildə deyirəm. Istəyirəm, anlasınlar ki, bu siyasətlə, bu mövqe ilə ölkəni uçuruma aparırlar. Azərbaycanda “Ərəb baharı” yaşana bilər…

– Hakimiyyət nümayəndələri isə iddia edir ki, ərəb ölkələrində baş verənlərin Azərbaycana heç bir təsiri yoxdur və ola da bilməz. Hakimiyyət niyə özünə bu qədər əmindir, sizcə? 
– Əli Həsənovun, Siyavuş Novruzovun və digər iqtidar təmsilçilərinin “Ərəb ölkələrində baş verənlərin Azərbaycana aidiyyəti yoxdur, burda heç nə baş verməyəcək, boş şeylərdir” deməsi təsəllidən başqa bir şey deyil. Əslində bunu deyənlər ciddi şəkildə narahatdırlar, təlaş içindədirlər. Belə olmasa idi hakimiyyətin sözçüsü deputat Gülər Əhmədova “Azadlıq” radiosunda ciddi-cəhdlə hamıya sübut etməyə çalışmazdı ki, Liviya diktatoru Qəzzafi Ingiltərənin baş naziri Devid Kamerondan daha demokratik və müsbət adamdır.
Özləri də görürlər ki, dünyanın düzəni dəyişir. Dünyada söz sahibi olan ABŞ artıq başa düşüb ki, demokratiyadan gözəl heç nə yoxdur. Ona görə də avtoritar ölkələrdə demokratikləşmə proseslərinə start verilib. Guya Mübarək ABŞ-la müttəfiq deyildi? Guya Mübarəkə nə deyirdilərsə eləmirdi? Sadəcə gördülər ki, demokratiyasız nə sabitlik, nə də inkişaf ola bilər. Ona görə də Mübarəki qurban verdilər.
Azərbaycan iqtidarı yalnız və yalnız demokratik islahatlarla Mübarək hakimiyyətinin aqibətini yaşamaya bilər. Başqa heç bir yolla hakimiyyəti saxlamaq mümkün deyil. Mənim narahatlığım ondan irəli gəlir ki, Misirdə, Liviyada, Suriyada baş verən faciəvi hadisələr Azərbaycanda təkrarlana bilər. Hakimiyyət bunu başa düşməlidir. Mən əmin deyiləm ki, bu gün Ilham Əliyevə “ləbbeyk” deyən oliqarxlar kritik durumda onun yanında olacaqlar. Vəziyyət pisləşdikcə tək iqtidar-müxalifət qarşıdurması olmayacaq. Iqtidarın özündə bir neçə qüvvə əmələ gələcək ki, onların arasında da ölüm-dirim savaşı gedəcək. Və bu, Azərbaycanı fəalakətə aparacaq.

Mən milli burjuaziyanı müdafiə edirəm

– Aslan müəllim, Zülfüqarlı qardaşları ilə bağlı məsələ nə yerdədir?  
–  Mənimlə bağlı müzakirələrdə fikir yürüdürlər ki, Aslan Ismayılov heç vaxt kasıbı müdafiə etməyib. Guya mən yalnız varlıları müdafiə edirəm. Hələ 2005-ci ildə Zülfüqarlı qardaşlarına vəkillik edəndə istintaqçılar iddia edirdi ki, Aslan Ismayılov bu şəxslərlə şərikdir. Guya onlara məxsus zavodun 30 faizi mənimdir. Hətta barəmdə cinayət işi başlayıb məni həbs etmək istəyirdilər. Indi də bəzi yerlərdə yazırlar ki, Aslan Ismayılov pula görə Zülfüqarlı qardaşlarını müdafiə edir. Xeyir, qətiyyən belə deyil. Facebook səhifəmdə yerləşdirdiyim bir çıxışım var. Həmin çıxışı 2005-ci ildə ANS telekanalında etmişəm. O zaman demişəm ki, sahibkarlıq sinfinin məhvi Azərbaycanı fəlakətə aparır. Baxın, bu gün Azərbaycan iqtisadiyyatı neftdən asılıdır. Büdcə təşkilatları neft gəlirləri hesabına saxlanılır. Sabah neft tükənsə, Azərbaycan iqtisadi fəlakətlə üzləşəcək. Heç maaşları verməyə pul olmayacaq.
Bütün bu dediklərimin Zülfüqarlı qardaşları ilə bağlı məsələyə ona görə dəxli var ki, bu şəxslər milli burjuaziyanın ləyaqətli təmsilçiləridir və onlara qarşı bu addımlar əslində ölkə iqtisadiyyatını məhv etmək deməkdir.
Mən məhz buna görə onlarla bağlı məsələni qabardıram.
Bu adamlar işləməyi bacarırlar. Hara əl qoyublarsa, birinci olublar. “Poladtökmə”ni də, “Elektroştampı” da, “Xəzərboru”nu da birinci ediblər. Mən onları müdafiə edəndə heç “Xəzərboru” haqqında məlumatım yox idi. Yeri gəlmişkən, keçmiş SSRI məkanında belə bir zavod yoxdur. Bu zavodda istehsal edilən boruları biz qızıl qiymətinə Avropadan alırıq.
Beləliklə, mən əslində milli burjuaziyanı müdafiə edirəm. Digər tərəfdən bu adamlar ləyaqətli adamlardır. Başqaları kimi onlar da “minin belimizə, hansı ləyaqətsizliyi deyirsiniz edək” düşüncəsində deyillər.
Lakin hakimiyyətdə olan bir qrup adamın bir istəyi var: Heç kimdə pul olmamalıdır. Azərbaycanın idarə olunma prinsipi belədir: Pulu olan adam hakimiyyətin düşmənidir. Bu gün hakimiyyətdəki 3-5 oliqarx pulları bir əldə cəmləmək istəyir. Lakin bu pullar onların əlində qalsa, onda mən Aslan Ismayılov deyiləm.

Müxalifət artıq bir təşkilatda birləşməlidir

– Əminsiz ki, bu adamlar yığdıqları milyonları itirəcək?
– Əminəm. Bu adamların bir yolu var: vəzifədən getmək. Qeyd edim ki, Putinin dostu Ilham Rəhimov bu yaxınlarda müsahibəsində dedi ki, Rusiyada vəzifədə olan bir nəfər də oliqarx yoxdur. Mən isə deyirəm: Azərbaycanda vəzifədə olmayan oliqarx yoxdur.
Yeri gəlmişkən, mənim bu istiqamətdə təklifim var. Hesab edirəm ki, təcili olaraq, ən geci 2012-ci ildə Azərbaycanda növbədənkənar parlament seçkilərinə gedilməlidir. Ilham Əliyev azad və ədalətli seçkilərin qarantı olmalıdır. 2013-cü il prezident seçkiləri çox ağrılı seçki olacaq. Istər daxildən, istər xaricdən ölkədə aranı qarışdıracaqlar. Bu gün Azərbaycan artıq seçim qarşısındadır. Bu günə qədər hakimiyyət konyunktur balans siyasəti yürütməklə özünü qoruyurdu. Lakin artıq belə siyasət yerimir. Çünki Türkiyə bölgədə güc mərkəzinə çevrilib, ABŞ siyasətini dəyişib, Rusiyada hakimiyyətə Putin gəlir, əsas müttəfiqlərdən olan Israil dünyada təklənib. Artıq tələb qoyulur ki, mövqeyini açıq ifadə elə: Kimin yanındasan?! Ona görə də legitim parlament olmalıdır ki, Azərbaycanda prezident seçkilərində qarşıdurma yaranmasının önü alınsın.

– Siz inanırsız ki, Ilham Əliyev islahatlara gedəcək?
– Bu gün mən bu barədə qəti heç nə deyə bilmərəm. Amma 2005-ci ildə görüşüb söhbət edəndə mən ona inanırdım. Inandığıma görə 2010-cu ilə qədər onu səmimi şəkildə müdafiə etmişəm. Buna görə də sizlərin tənqidinə tuş gəlmişəm. Indisə islahat istəyib istəmədiyinə əmin deyiləm. Istəyirsə, indi fürsətdir. Müxalifət də artıq bir təşkilatda birləşməlidir. Mən hakimiyyətin yaratdığı “müxalifət” partiyalarını nəzərdə tutmuram, hansı ki, parlamentdə oturublar. Onlar müxalifət deyil. Əsasən tanıdığım AXCP, Müsavat və KXCP-dir. Bu partiyalar bir təşkilatda birləşməlidir.

Vidadi Məmmədov