Ruslan Bəşirlini həbsdə saxladılar

Gənc fəala hakimiyyətin münasibəti dəyişməyib

Ruslan Bəşirli: «…Bu vaxta qədər islah olmamışamsa, 9 ayda nə dəyişəsidir ki?»

Dünən mən Azərbaycanın ən “stajlı” siyasi məhbusunun məhkəmə prosesində oldum. 6 il 3 aydır qondarma və ədalətsiz hökm əsasında həbsdə saxlanılan “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli Bakı Apelyasiya Məhkəməsinə gətirilmişdi. Ruslan Bəşirlinin bu məhkəməyə gəlişi cəzasının dörddə üçünü çəkdiyindən vaxtından əvvəl şərti azadlığa buraxılma barədə müraciətinə Nizami Rayon Məhkəməsinin “yox” deməsi idi. Nizami Rayon Məhkəməsinin avqustda çıxarılan qərarından apelyasiya şikayəti verilmişdi…

Uzun və ağır illər onun qəddini əyə bilməyib

Ruslanı axırıncı dəfə həbsindən bir ay öncə görmüşdüm. Məhkəmələrində də iştirakçı ola bilmədiyimdən, bu mübariz insanı görməyə xüsusi istəyim vardı. Gözlədiyimin və nigaranlığımın əksinə olaraq bu dəfə məhkəmə zalına buraxılmağıma heç bir maneə törədilmədi.
Məhkəmənin başlanmasına dəqiqələr qalıb, zalda oturub Ruslanı və prosesi gözləyirəm. Hər dəqiqə “indi çölə çıxarılacağam” həyəcanını yaşayıram. Yox, bu baş vermir, Ruslan konvoyların əhatəsində zala gətirilir. Azca dəyişib, sifəti bir az ətlənib, gözləri yenə ildırım kimi çaxır. Qap-qara geyinib; səliqəli kostyumu, köynəyi, ayaqqabısı, corabları da qaradır. Göz-gözə gəlirik, ikimiz də çaşqınıq, konvoyların səddi aramızda rol oynaya bilmir, sarılıb görüşürük.

Məhkəmə heyəti

Məhkəməyə hakim Camal Ramazanov sədrlik etdi. Prosesdə prokuror Ilqar Əsədov, Ruslanın hüquqlarını müdafiə edən isə vəkil Tahir Xanəliyev idi. Ruslanın şikayətçi olduğu 1 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi isə məhkəməyə gəlməmişdi.

Ruslan peşiman deyil, ona görə də azadlığa buraxılmamalıdır

Şikayətlə bağlı ilkin olaraq vəkilin çıxışı dinlənildi. T.Xanəliyev dedi ki, Nizami Rayon Məhkəməsinin qərarı əsassız və ədalətsizdir. Nizami Rayon Məhkəməsi R.Bəşirlinin vaxtından əvvəl azad olunmaq barədə ərizəsini 1 saylı cəzaçəkmə müəssisəsinin verdiyi “Mülahizə”yə, məhkumun şəxsi işinə və prokurorun ərizənin rədd olunmaq barədə rəyini əsas tutaraq rədd edib. Vəkil sadalananların əsassız olmasını açıq dəlillərlə sübut etdi.
1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Qəhrəman Bağırovun 12 avqust 2011-ci il tarixli “Mülahizə”si öz cəfəng yönləri ilə oxucular üçün də maraqlı olar.
“…məhkum islah proseslərinə cəlb olunması üçün müəssisədə aparılan abadlıq işlərinə, keçirilən mədəni-kütləvi tədbirlərə cəlb olunmuşdur. Onun bu tədbirlərdə iştirakı qeyri-qənaətbəxş olmuşdur. Məhkumun cəza çəkdiyi vaxtlarda əməyə münasibəti mənfi olmuşdur.
…Məhkum yoldaşları və müəssisə əməkdaşları ilə davranışda etik qaydalara əməl etməyə çalışmasına baxmayaraq, məhkum xaraktercə qapalıdır. Törətdiklərini cinayət əməli kimi etiraf etmir və peşiman deyil.
…Ruslan Bəşirov islah yoluna qədəm qoymamışdır. Ona görə də onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olması məqsədəuyğun deyil”.

Rejim qaydalarını pozduğuna görə…

Bunlardan başqa mülahizədə göstərilir ki, məhkum cəza çəkdiyi müddətlərdə bir neçə dəfə rejim qaydalarını pozduğuna görə ona qarşı 7 dəfə tənbeh tədbiri görülmüşdür. Bunu diqqətə alın – tənbeh tədbirinin sonuncusu 15.12.2007-ci ildə olub.

“Tənbehlərin hüquqi qüvvəsi qalmayıb”

Vəkil mülahizədə göstərilənlərin əsassız və hüquqdan kənar olmasını belə əsaslandırdı. Öncə o, “Mülahizə”dəki tənbeh tədbirlərini aydınlaşdırdı. Tahir Xanəliyev dedi ki, Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsinin 109.5-ci maddəsinə əsasən tənbeh tədbiri verildiyi gündən bir il ərzində məhkuma yeni tənbeh tədbiri tətbiq edilməzsə, o, tənbehi olmayan sayılır: “göstərilən qanunvericiliyə uyğun olaraq R.Bəşirli barəsində sonuncu tənbeh tədbirinin üzərindən 4 il keçdikdən sonra həmin təhbeh tədbirləri hüquqi qüvvəsini itirib və onlara istinad edilməməlidir. Belə bir istinadın olması qanunvericiliyin tələblərinin kobud pozulması deməkdir”.

Cəzaçəkmə müəssisəsinin riyakarlığı

Vəkil daha sonra bildirdi ki, R.Bəşirlinin şəxsi işində olan və birinci instansiya məhkəməsinin istinad etdiyi xasiyyətnamələr məhkəmə qərarında təhrif edilərək düzgün göstərilməyib: “1 saylı Cəzaçəkmə müəssisəsində 18.01.2010-cu il tarixdə tərtib edilən və Prezident yanında Əfv Komissiyasına ünvanlanan xasiyyətnamədə məhkum Bəşirli tam fərqli şəkildə müsbət xarakterizə olunur. Vəkil cəzaçəkmə müəssisəsinin ikili mövqeyinin başa düşülməz olduğunu bildirdi: ”Necə olur ki, prezidentə yollanılan xasiyyətnamədə Ruslan əfvə layiq, islah olunmuş kimi göstərilir, məhkəməyə yollanılan xasiyyətnamədə isə mənfi?”.

Ruslan Bəşirliyə azadlıq

1 saylı Cəzaçəkmə müəssisəsindən təqdim edilən mülahizə və bu mülahizə əsasında qəbul edilən qərarın işin faktiki hallarına əsaslanmadığını vurğulayan vəkil Ruslan Bəşirli üçün azadlıq tələb etdi.

“Heç olmasa bir dəfə mənə yaxşılıq edin”

Vəkilin çıxışından sonra Ruslan Bəşirli də şikayəti barədə çıxış etdi. “34 yaşım var, mənim də haqqım var ki, bu qədər ömürümdə heç olmasa bir dəfə Azərbaycan dövlətindən xeyir, yaxşı əməl görüm” deyə çıxışa başlayan Ruslan məhkəmələrin müstəqil qərar vermək iqtidarında olmadığını da vurğuladı. O dedi ki, məhkəmələr siyasi hakimiyyətin sifarişini yerinə yetirir, buna görə, hətta hakimlər onun əleyhinə qərar versə, onlardan inciməyəcək.

“Insanlığınız olsun”

2005-ci ildən ədalətsiz olaraq həbsdə saxlanıldığını, artıq cəzasının bitməsinə qısa zaman qaldığını bildirən Ruslan hakimlərə üz tutaraq dedi ki, onun işinə insanlıq nöqteyi nəzərindən yanaşsınlar: “Bilirəm ki, burda qərarı siz vermirsiniz, bu qərarı verən adamlarla danışın, məsləhətləşin və bu müraciətimi müsbət həll edin. Mən həbs ediləndə 27 yaşındaydım. 4 gündən sonra toyum olacaqdı. Bir çox məsələlər var ki, onların mətbuatda işıqlandırılmasına qarşıyam. Deməsəm belə, siz özünüz düşünməlisiniz ki, məni də kimlərsə çöldə gözləyir. Mənim də azadlıqda yaşamaq haqqım var. 9 ayım qalıb, bu vaxta qədər islah olunmamışamsa, 9 ayda nə dəyişəsidir ki?”.

“Aclıq etdiyimə görə tənbeh olunmuşam”

Bundan sonra Ruslan Bəşirli ona verilən töhmət tədbirləri ilə bağlı danışdı. O bildirdi ki, ona töhməti hüquqlarını tələb etdiyinə görə veriblər: “Müəssisədə hansısa pozuntuya, qanunsuzluğa etiraz edərək mən aclıq aksiyaları keçirmişəm. Bu aksiyaya görə məni ”sançast”a yerləşdirmək əvəzinə karsa salıblar, sonra da bunun üçün tənbeh yazıblar”.

“O hansı kütləvi tədbirdir ki, iştirak etməmişəm”

Cəzaçəkmə müəssisəsinin “Mülahizə”də onun kütləvi tədbirlərdə iştirak etməməsi barədə yazdıqlarını da Ruslan yalanladı. O dedi ki, kütləvi tədbir adına kalonda hansı tədbir olubsa, orda fəallıq edib: “Müəssisədə hansı kütləvi tədbirlər var? Idman deyirlərsə, mənim günüm idman zalında keçir. Özüm futbol həvəskarıyam, müəssisəyə gələndə bütün futbol yarışlarında iştirak etmişəm. Müəssisəyə dini komitədən gəlib tədbirlər keçiriblər, teatrlardan gəlib tamaşa göstəriblər. Hamısında fəal olmuşam, bunu əyani sübut edən fotolar kitabxanamızın divarında stend kimi asılıb. Ancaq ona əhəmiyyət verilmir”. Əməyə mənfi münasibəti barədə yazılanlara isə Ruslanın cavabı lakonik oldu: “müəssisədə hansı əməkdən söz gedir ki? Orda yer belləmək, əkin əkmək-filan yoxdur”.

Xasiyyətim qapalı deyil, əksinə…

Xarakteri barədə yazılan qeydləri də Ruslan yalan adlandırdı. O bildirdi ki, kalonda əksəriyyət kimi barakda yaşayır, bəziləri kimi ayrıca otağı yoxdur, tibb məntəqəsində yerləşib guşənişinlik etmir: “Ətrafımda olan insanların hamısı ilə xoş münasibətim var. Hamı ilə deyib-gülür, hal-əhval tuturam. Xasiyyətimin qapalı olması barədə fikri onların ağlına necə gəlib, düşünə bilmirəm”.

“Məni yenə həbs etmək planları var”

Sonda Ruslan cəzaçəkmə müəssisəsinin xasiyyətnamədə yazılan “o, islah yoluna qədəm qoymamışdır” fikrinə münasibət bildirdi. O dedi ki, bu, təsadüfi ifadə deyil, yəqin ki, hakimiyyət onu cəzası bitəndən sonra yenidən həbs etmək fikrindədir: “Yəqin ki, məni şərləyib yenə tutacaqlar və yazılan bu xarakteristikanı ortalığa çıxarıb deyəcəklər ki, o, heç islah olunmamışdı”

Hakimlər sürpriz etmədilər

Ruslanın çıxışından sonra prokuror çox asta (hətta, deyəsən utanaraq) və çox qısaca məhkəmədən apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Müşavirəyə yollanan hakim heyəti geriyə gözlənilən qərarla döndü: “Şikayət təmin edilmir”.

Ruslan “mübarizəyə davam” deyir

R.Bəşirli məhkəmənin qərarını sakit qarşıladı. O, qərardan Avropa Insan Haqları Məhkəməsinə şikayətçi olacağını da dedi. Məhkəmə zalını tərk edən “Yeni Fikir” sədri bütün mübarizə dostlarına və demokratiya üçün çalışanlara salamlarını yetirməyi xahiş etdi.

Natiq Güləhmədoğlu