Ziya Məmmədovun qaranlıq taksi biznesi

Nazir iflas təhlükəsi ilə üzləşən «Manganase Bronze» şirkətini niyə «diriltmək» istəyir?

Nəqliyyat naziri Ziya Məmmədovun ölkəyə gətirdiyi taksiləri istehsal edən “Manganase Bronze” şirkətinin 2007-ci ildən gəliri yoxdur. Hazırda şirkətin vəziyyəti çox ağırdır.
“Manganase Bronze”nin rəhbərliyi hesab edir ki, vəziyyətdən çıxmaq üçün təkcə Ingiltərədə 1400 taksi satılmalıdır. Lakin bu ölkə 2011-ci il üçün şirkətə cəmi 250 taksi sifariş verib. Bu ildə şirkətdən ən çox taksi alan isə Azərbaycan olub. Ölkəmiz 2011-ci ildə “Manganase Bronze”dən 1000 taksi alıb. Lakin Ziya Məmmədov hesab edir ki, bu, yetərli deyil və şirkətdən daha 3000 taksi alınması planlaşdırılır.  “Manganase Bronze”nin səhmlərini Çinin “Geely Automobile Holding” şirkəti alıb. Avtomobillər də Çinin Şanxay şəhərində istehsal olunur. Bu avtomobillərin keyfiyyətsizliyini sübut etməyə ehtiyac yoxdur. Çünki hazırda məhz keyfiyyət məsələsilə bağlı 436 sürücü şirkəti məhkəməyə verib. Sürücülər bildirir ki, avtomobil gedərkən mühərriki alışaraq yanıb. Maraqlıdır ki, Çin istehsalı olan və keyfiyyətdə bir çox avtomobillərdən geridə qalan bu maşınların qiyməti 27 min funtsterlinqdir. Halbuki hazırda taksi xidməti üçün istehsal olunan “Mercedes Vito” avtomobilləri 16-20 min funtserlinq civarındadır. “Mercedes” şirkətinin istehsal etdiyi avtomobillərin keyfiyyətinə isə söz ola bilməz. Bəs onda hansı səbəbdən Ziya Məmmədov “Manganase Bronze”nin avtomobillərinə belə maraq göstərir?
Görünür, nazirin bu şirkətlə hansısa qaranlıq əlaqələri var. Bu səbəbdən istehsal etdiyi avtomobillərə heç kəsin maraq göstərmədiyi və acınacaqlı durumda olan şirkəti ayağa qaldırmağa çalışır.

İnformasiya şöbəsi