Ürəklərimizdəki gözləmə zalı

“Asan deyildi, amma maraqsız da deyildi!”. Görən, biz nə vaxtsa ötən 18 il haqda bunu deyə biləcəyikmi? Güman etmirəm. Ona görə ki, daşı Sizif kimi dağın başına sonsuz sayda dığırlatmaq əzm və fədakarlıq baxımından qibtə doğursa da, burada maraqlı heç nə yoxdur, ən azı ona görə ki, bu, bir cəza və məşəqqətdir! Bəli, çox yüksək və pafoslu fikirlər səsləndirmək olar, lakin onlara bu gün ehtiyac varmı? Mən bu sətirləri yazanda eks-prezidentlərin statusu haqda qanundan danışırdılar. Amma mənə elə gəlir ki, bu qanunun qüvvəsinə ən çox ehtiyacı olan birinci iki prezident bizim bu günlər üçün bir məsuliyyət daşıyırlar. Mən indi bu haqda çox danışmaq istəmirəm, ona görə ki, bu, gələcəyin söhbətidir, inşallah, ömür vəfa etsə, bu haqda da danışarıq.

Bəli, dünyanın belə işləri var, onun elə bəzi işləri haqqında da danışmağın da məqamı var. Amma bunu deməklə, belə düşünməklə biz haqlıyıqmı? Hə, bunu bilmirəm. Bəlkə hər şey öz vaxtındaca deyilsəydi indi bir çox məsələ tamam başqa cür olardı. Məşhur bir deyimdə deyildiyi kimi: bizim siyasətçi dostlarımızın da əbədi dostları və düşmənləri yoxdur, lakin əbədi maraqları var. Elə həqiqətlər var ki, onları söyləməklə bircə anın içində dostlardan və müttəfiqlərdən düşmənlər və rəqiblər sırasına adlamaq olar, bu, elə də çətin problem deyil. Lakin buna ehtiyac varmı? Bəli, hamımız azacıq da olsa, bir qədər olsa da, nədənsə çəkinirik, nəyisə itirməyə ehtiyat edirik. Elə qəliz bir məsələ də budur: hər şeyi itirəndən sonra da biz nələri isə itirməyə ehtiyat edirik! Ona görə də burada Bernard Şounun bir deyimi yada düşür: “Demokratiya ən ədalətli quruluşdur, ona görə ki, o, sizlərə layiq olduğunuzdan fərqli və yaxşı bir hakimiyyət qismət etməyəcək!”. Bəli, doğrudan da çox gözəl deyib ki, layiq olduğunuzdan fərqli! Bizə həmişə elə gəlir ki, daha yaxşı aqibətə və rəftara layiqik. Amma heç kim bunu apriori qəbul etmir. Bunu hər an sübut etmək lazımdır. Bu məsələdə isə biz tənbəlik, acizik, müqavimətsizik. Bizə elə gəlir ki, bir çox şeylər apriori olaraq qəbul edilməlidir. Bəlkə nə vaxtsa o belə də olacaq, amma indi belə deyil. Burada daha bir deyim yadıma düşür və o, sizlərə də çox yaxşı məlumdur: o insanlar azadlığa layiqdir ki, bunun uğrunda hər an mübarizəyə atılmağa hazırdılar!.. Bəli, mən nəsə təzə bir şey demədim. Amma ağıllı adamlar deyir ki, bütün təzə fikirlər elə məqamındaca yada düşən köhnə fikirlərdir. Insan ürəyinin, beyninin də qəbul otaqları və gözləmə zalları var. Elə həqiqətlər var ki, onlar insanın ürəyində onun bütün ömrü boyu elə qəbul otağındakı kimi növbəsini gözləyir. Bütün ömrü boyu. Insan var ki, hər gün yuxudan ayılanda fikirləşir ki, daha dözməyəcəm, bu gün nə var, hamısını, dişimin dibindən çıxanı deyəcəm, yazacam… Amma demir, yazmır və bütün ömrü boyu özü ilə mücadilədə olur və bir gün ürək də dözmür.

Müsyo Sarkozi hələ də düşündürür

Mən əvvəldən demişdim və bir daha təkrar edirəm ki, Sarkozi cənabları lap əslində təkcə Ermənistana səfər etmişdi, digər iki ölkəyə isə o, nəzakət və diplomatik etika xatirinə baş çəkdi. Hər halda, mən belə düşünürəm. Məsələ həm də başqa aspektdən də maraq kəsb edir. Bizim bəzi hörmətli politoloq cənablarımız ərz edirlər ki, Ermənistan daim sısqayır, ağlayır, nəsə istəyir, amma Azərbaycan, necə deyərlər, özünü qürurla aparır. Mən Ermənistanın dilənçi və riyakar təbiətini inkar etmirəm. Amma bizim də qürurumuzun elə bir əsası yoxdur, çünki biz ərazimizin düz 20 faizini itirmişik! Bunu azca da olsa başa düşürsünüzmü, hörmətli politoloqlar?! Bizim də qürurumuz, necə deyərlər, quru bəyliyə bənzəyir! Gəlin, biz də istəyək, tələb edək!

Kiçik sözardı

Həmişə düşünürsən ki, nəsə yaddan çıxa bilər. Amma sözlər də deyilib, çox səslənib. Mən də çox istəyirəm ki, heç olmasa, bircə dəfə daxili siyasəti azca olsa da təhlil edim. Amma indi daxili siyasət yalnız saray gizlinlərindən və saray daxilindəki çəkişmələrdən ibarətdir. Ona görə bir az da gözləyək, bir maraqlı hadisə baş versə, bu məsələyə də baş vurarıq, vaxtımız olacaq…