Belə söhbətlərlə tez-tez rastlaşıram: müxtəlif dövlət, biznes strukturlarında işləyən dostlar, tanışlarla görüşəndə elə ki, siyasətdən danışıram, həmsöhbətlərim “baxma ki, burdayam, bəy (bəziləri bu zaman, hətta əli ilə otağındakı ata-oğul Əliyevlərin fotosunu göstərir – red.), ürəyim sizinlədir” deyirlər.
Keçən həftə X rayonunda olarkən bu “ürək söhbəti” absrudluğun pik nöqtəsinə çatdı. Orada köhnə bir tanışımla rastlaşdım, “haralardasan”, – deyə sordum.
O da “Heydər Əliyev Mərkəzində”ÿdedi və dərhal əlavə etdi: “Orada olmağıma baxma, bəy, ürəyim sizinlədir”.
Köhnə tanışımın bu sözlərindən sonra bilmədim, əliyevçi rejimin halına gülüm, yoxsa özümün…
Bir şey dəqiqdir, bu ürəyindən ayrı düşmüş adamlarımızın halına ağlayan gərəkdir. Məndən olsa, onlara 2-ci qrup əlillik dərəcəsi verərdim. Zarafat deyil, bədənləri öz həyati orqanından – ürəkdən məhrumdur. Buna görə, əlbəttə, tək günahkar insanları ikiləşməyə düçar edən avtoritar rejimdir.
Insanı ürəyindən ayrı salanlar utansın!
Əliyevlərin hüzr verməyi
Bakıda Beynəlxalq Humanitar Forum keçirildi. Deyəsən, keçən il idi, Bakıda bir Beynəlxalq Tolerantlıq Forumu da keçirilmişdi. Bu təmtəraqlı forumları görüb yadıma şair Zahir Əzəmətin təəssüf ki, mətnini əzbər bilmədiyim bir şeiri düşür. O şeir belə idi ki, insanı güllələyəndən sonra humanistlik edib, qulağınızı onun ürəyinə dayayıb, vurub-vurmadığını yoxlamayın.
Bəli, Azərbaycan hökumətinin hərəkəti eynən şairin təsvir etdiyi kimidir. Əliyevçi hakimiyyət bu ölkədə humanizm, tolerantlıq adına nə varsa, hamısını öldürüb, sadəcə, indi onların yasını verir.
Dərslikdən dərs almaq
Bu ildən qızlarım Atatürk litseyində təhsil alır. Onlarla yanaşı, mən də Türk dərsliyini oxumaq imkanı qazanmışam. Diqqətimi cəlb edən iki məqamı sizinlə mütləq bölüşməliyəm.
Bir: Türk dərslikləri, az qala birinci səhifədən axırıncıyadək fiziki qüsuru olan, gözü eynəkli uşaqların fotosunu verir, onların cəmiyyətin tam hüquqlu üzvü olduğuna ilk gündən alışqanlıq yaradır.
Götürüb, Azərbaycan dərsliklərini vərəqləyirəm. Maşallah, uşaqlar hamısı sağlam, hamısı almayanaqlı, qırğı gözlü.
Mən deyirəm: Azərbaycan dərslik müəlliflərinin, ola bilsin, qüsurlu uşaqlara qarşı antipatiyaları var, o zaman zəhmət çəkib, bu komplekslərini ürəklərində dəfn etsinlər. Dərslikdə qüsurlu uşaqlar barədə foto və məlumatların olmaması təhsil sisteminin qüsurudur, yoldaşlar.
Iki: türk dərsliyində bir bölmə məni lap heyran etdi, onun adı belə idi: “Yox” deməyi bacarıram”.
Azərbaycan təhsili və ailələri xırda istisnaları çıxmaqla “ləbbeyk” deyən, üzüyola, sözəbaxan uşaq yetirməyə meyllidir. Bunun lap uzaqlardan gələn ənənəsi var. Qədim Şərqdə “Upanişad”lar var. Əsasən, dini-etik mətnlərdən ibarət “Upanişad” sözünün açması ustadın ayağı altında öyrənilən elm deməkdir. Yəni şagird nədir, sual vermək nədir, mübahisə açmaq, etiraz etmək nədir..?! Böyüyün ayağı altında sakitcə durub, ancaq qulaq asmalısan. Buna köləvari tərbiyə-təlim də demək olar.
Yeni dövr isə başqa yanaşma istəyir. Insan – şagird polemikanı bacarmalıdır, arqumentə qarşı əks arqument quraşdırma vərdişinə yiyələnməldir. Bu, əsla bizdə deyilən kimi, “ustadın üzünə kəm baxmaq” deyil. Azərbaycan insanına “yox” demək bacarığı çox gərəklidir. Bu, bizdə ən defisit keyfiyyətdir.
“Yox” deməyi bacarıram” bizdə təkcə bir mövzu kimi yox , ayrıca dərs kimi keçilməlidir.