Timoşenkoya 7 il həbs cəzası verildi

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko 7 il həbs cəzasına məhkum edilib. Kiyevin Peçersk rayon məhkəməsində sabiq baş nazir Yuliya Timoşenkonun işi üzrə hökm oxunub. Hakim Rodion Kireyev Yuliya Timoşenkonu 2009-cu ildə Rusiya ilə qaz razılaşmalarının əldə olunması zamanı səlahiyyətlərini aşmaqda günahkar hesab edib. Hakim həmçinin prokurorluğun Yuliya Timoşenkonun öz addımları ilə hökumətə yarım milyard qriven zərər vurduğu ilə bağlı ittihamı ilə də razılaşıb. Hökmün oxunmasından əvvəl Yuliya Timoşenko bəyan edib ki, heç kim, nə Yanukoviç, nə də Kireyev onun şərəfli adını ləkələyə bilməz və o, Ukraynanın yaxşılığı üçün işləyib, işləyir və bunun üçün işləyəcək.

Sabiq baş nazirin minlərlə tərəfdarı isə məhkəmə binası qarşısına toplaşıb. Onlar məhkəmə binasının mühasirəsini yarmağa çalışıblar.

Avropa İttifaqı isə Ukraynaya xəbərdarlıq edib ki, bu məhkəmə prosesinin nəticəsi təşkilatla bu ölkə arasında münasibətlərə təsir göstərəcək. Avropa İttifaqı Yuliya Timoşenkonun məhəkəmə işi ilə əlaqədar assosiasiya və azad ticarət zonasına dair razılaşmaların ratifikasiyasının ləngiyə biləcəyini də istisna etməyib.