Tanınmış vəkil ona edilən təzyiqlərdən danışdı

Elçin Sadıqov: «Mənə qarşı təzyiqlər son dövrlər vəkillərə qarşı aparılan repressiyaların tərkib hissəsidir»

Dünən RATI-nin mətbuat mərkəzində vəkil Elçin Sadıqov Vəkillər Kollegiyasında ona qarşı təzyiqlərlə bağlı mətbuat konfransı keçirib. “Mənə qarşı təzyiqlər son dövrlər vəkillərə qarşı aparılan repressiyaların tərkib hissəsidir”, – deyə o qeyd edib. Vəkilin sözlərinə görə, hazırda Vəkillər Kollegiyası Elçin Sadıqova qarşı intizam icraatı aparır.
“Intizam icraatına əsas kimi Bakı şəhəri Mirzağa Əliyev küçəsi, 10-da yaşayan Bayram Əliyev adlı bir şəxsin məndən şikayəti götürülüb. Həmin şəxsi tanımıram və şəxsiyyəti barədə hər hansı məlumata malik deyiləm. B.Əliyev şikayətində bildirib ki, guya mən xarici səfirlərlə görüşürəm və müxalifətçi deputatlarla əlbir olub külli miqdarda pul əldə etmişəm. 2013-cü ildə prezident seçkilərində jurnalist Eynulla Fətullayevi prezident seçdirəcəm və özüm də Vəkillər Kollegiyasının sədri olacam. Bu şikayət əsasında Vəkillər Kollegiyası mənim fəaliyyətimi araşdırır”, – deyə o, bildirib. Onun sözlərinə görə, Vəkillər Kollegiyası onun fəaliyyəti ilə bağlı sənədlər tələb edib . “Bu isə ”Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanuna ziddir. Çünki qanuna görə müştərilərlə və vəkillik fəaliyyəti ilə bağlı məlumat vəkillik sirri sayılır. Mən, Vəkillər Kollegiyasının münasibəti ilə bağlı ölkə prezidentinə, Prezident Administrasiyasının rəhbərinə və Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdirinə müraciət etmişəm”, – deyə vəkil vurğulayıb.
Elçin Sadıqov bir qayda olaraq məhkəmələrdə jurnalistləri müdafiə edib.
“Azadlıq” qəzetinin müxbiri Aqil Xəlili müdafiə edən zaman 2008-ci il aprelin 4-də məni 19 saat 40 dəqiqə MTN-də saxlayıblar. 2010-cu il aprelin 1-də jurnalist Eynulla Fətullayevin işi ilə bağlı MTN-ə çağırılmışam. 2011-ci ilin aprelində, guya, bir müştərimin telefon zənginə cavab vermədiyimə görə barəmdə intizam araşdırması başlayıb və sonra şikayətçi şikayətindən imtina edib.