Qərb şirkətləri Rusiyanı niyə tərk edir?

Razi Nurullayev: «Qərb artıq Rusiyada qoyduğu investisiyaların təhlükəsizliyinə zəmanət ala bilmir»

Rusiya prezidenti Dmitri Medvedev son bir ildə ölkəsindən 32 mlrd dollar vəsaitin çıxarıldığını deyib. Medvedev xarici şirkətlərin öz vəsaitlərini ölkədən çıxarmasından narahatlıq keçirdiyini və investisiya cəlb edilməsi üçün zəruri addımların atılmasının vacib olduğunu bildirib. Bəs Rusiyadan bu vəsaitlərin axmasının əsas səbəbi nədən ibarətdir? Bunun avtoritarizmə meylli Putinin yenidən prezident kürsüsünə yiyələnəcəyi ehtimallarının artması ilə bağlamaq olarmı?
Politoloq Razi Nurullayevin fikrincə, bunun əsas səbəbi Medvedevin qeyri-stabil və oynama siyasətini aparması ilə bağlıdır. Çünki Qərb onun islahatçı olmasına və Rusiyanın üzünü dəyişməyi bacaracağına ümid edirdi. Lakin sonradan onun Putinlə eyni siyasət yürütdüyü məlum oldu. Dövləti faktiki olaraq Medvedevin deyil, Putinin idarə etməsi Qərb şirkətlərini investisiyalarını geri çəkməyə məcbur edib.
Ekspert digər bir səbəb kimi bir neçə ay əvvəl bp-nin Moskva filialında ciddi maliyyə yoxlamalarının aparılmasını və onların işinə Rusiyada ciddi əngəllər törədilməsini də göstərdi. Bütün bunların fövqündə belə başa düşmək olar ki, Qərb artıq Rusiyada qoyduğu investisiyalarının təhlükəsizliyinə zəmanət ala bilmir. Bundan sonra da qoyacaqları investisiyalardan gəlir götürə biləcəkləri ilə bağlı ciddi şübhələr var. Çünki Qərb şirkətləri əsasən neft və qaz sahəsinə investisiya qoyub. Ancaq onların Rusiya bazarında iştirakı müəyyən mənada Rusiyanın əl-qolunu bağlayır və Avropada öz qaz siyasətini istədiyi kimi həyata keçirməyə imkan vermir. Bu baxımdan bundan sonra da Rusiyada Qərb şirkətlərinin daha çox sıxışdırılacağını gözləmək olar.

Fizzə