Misir Mərdanovu vəzifədə jurnalistlər saxlayır

Övladımın xaricdə təhsil alması ilə bağlı yayda bir neçə dəfə Təhsil Nazirliyinin vətəndaşlar üçün ayrılan “Qəbul otağı”nda oldum. Və orada vətəndaşların sorğularına cavab verən, nazirliklə əlaqə yaratmaqda yardım edən Məmmədqulu müəllimi yəqin ki, hələ uzun zaman çoxları xatırlayacaq. Ona çoxu çaşıb, bəlkə də qəsdən, Misirqulu müəllim deyirdi. Bu zavallı Misirqulu, üzr istəyirəm, Məmmədqulu müəllim bəzən qəbula gələn şikayətçilərin hay-küyündən başını elə itirirdi ki, əlləri telefonların üstündə sudan çıxan balıq kimi çabalayırdı. Hətta bir dəfə aylarla maaşını ala bilməyən bir müəllim onun üstünə vəkili ilə hücum etdi. Ona çox ağır sözlər dedilər, müxtəlif pozalarda şəklini çəkdilər. Məmmədqulu isə elə hey kimlərəsə zəng edir və ona hədə-qorxu gələn şikayətçini qəbul etməyi xahiş edirdi. Onu dinləyən, yardım edən yox idi. Əksəriyyət məzuniyyətdə idi, hətta nazir də. Bu zaman Məmmədqulu müəllim telefonun o başında olan məmura yazıq-yazıq dedi: “Eybi yoxdur, məni burda tək qoymusunuz, camaat üzərimə hücuma hazırlaşır. Indi mən nə edim?”. Yəqin ki, ona “möhkəm ol, bir az da döz” əmrini verdilər. Zavallının “yuxarı” ilə olan ilginc dialoqundan  sonra çoxunu gülmək tutdu, hücuma hazırlaşanların hirsi soyudu. Böyük bir nazirliyin məsuliyyətini ağsaqqal bir kişinin çiyninə yükləyib, istirahətə getməyi, ancaq vicdansızlar bacarar.

Bir ay öncə mötəbər mənbələrlə əlaqələri olan hörmətli jurnalistlər hay-küy saldılar ki, urra, Misir Mərdanovun əmri artıq hazırdır, işdən çıxarılır, yerinə filankəslər gəlir. Cəsur jurnalistlər “əmri yazılan” Mərdanovun təhsilə vurduğu dəhşətli, sağalmaz zərbələrindən yazıb, onu vəzifədə saxladılar. Belə ki, təhsil naziri haqqında olan tənqidləri prezident oxuyandan sonra onu işdən çıxarmaq fikrindən daşınıb. Məlumatı mətbuata Prezident Administrasiyasında olan agentlər ötürüb. Şanlı ölkəmizdə 18 ildir qayda-qanun belədir: jurnalistlərin tənqid etdiyi məmurları hökumət əzizləyir, mükafat, orden-medal verir, amma sevdikləri, dəyər verdiyi şəxsləri isə öldürtdürür, həbs edir, ölkədən qovur. Misir Mərdanovu tənqid etməkdə davam edək, bəlkə, Bakının ən görkəmli yerində heykəlini də qoydular…
Övladlarımızın kütbeyin, tənbəl, savadsız olmasında böyük xidmətləri olan cənab Misir Mərdanovun analoqu olmayan işlərindən biri də vahid məktəbli formasına keçmək planıdır. Yeni məktəbli formasının ailələrə vurduğu maddi ziyan cəhənnəmə, uşaqların sağlığına dəyən zərəri düşünən varmı? Yeni paltarları geyinəndən sonra uşaqlardan rezin, tüstü, mazut iyi gəlir. Əlləri, ayaqları fasiləsiz tərləyir. Başağrılarından, ürəkbulanmasından şikayət edirlər. Məktəb paltarından iyrənən uşaq oxumağı necə sevə bilər? Mən məktəbli formamı, önlüyümü indiyədək ən müqəddəs xatirə kimi saxlayıram. Indiki məzunların məktəbli formaları isə Balaxanı Zibil Emalı Zavoduna da qəbul olunmayacaq.
Vahid məktəbli formasına keçid də yalan söhbətdir: Bakıda təhsil alanlar qara, sumqayıtlılar boz rəngli forma ilə Təhsil meydançasına atılıblar. Demək, məqsəd vahid formaya keçmək yox, xanlıqlara bölünən Azərbaycanın gələcək qullarını indidən nişanlamaqdır. Maraqlıdır, Gəncə, Naxçıvan, Quba… xanlıqlarında yaşayan uşaqlar hansı rənglə damğalanıblar? Axı bu ayrı-seçkilik nəyə lazımdır? Bəlkə də belə yaxşıdır: təsəvvür edin, Sumqayıt şagirdləri məktəbli formasında paytaxta gəzməyə və ya hər hansı bir tədbirə gedirlər. Dəcəl uşaqlardan azıb-itəni olur. Bu vaxt onun harda yaşadığını, hansı məktəbdə oxuduğunu öyrənmək problem deyil. Zatən boz sumqayıtlı – “brendi” əynində. Yəqin ki, ölkə xanları tezliklə Misir Mərdanovun ideyasından yararlanacaq: vətəndaşların da şəhərinə, rayonuna görə xüsusi geyimi olacaq…
P.S. Bir-iki gün öncə kiçik oğlum dərindən köks ötürüb dedi: “Ana, mən daha məktəbdə heç kiminlə dalaşmıram. Ümumiyyətlə, daha heç kim dalaşmaq istəmir. Hamı qorxur ki, paltarları cırılar, axı onları yalandan tikiblər…”. Indi BIZlər övladlarımıza xəstəlik, əsəb gətirən, lakin onları dava-dalaşlardan uzaqlaşdıran yeni məktəbli formasına görə Misir Mərdanovu qarğıyaq, yoxsa canına dua edək?..