«Bəxtiyar Sadıqov kimi azərbaycanlı tipi olmaqdansa, Mehman Əliyev ermənipərəst olmağı daha üstün bilərdi»
Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun jurnalistlərə və qəzetlərə qarşı, xüsusilə, müxalifət qəzetlərini bağlamaq üçün məhkəmə prosesləri yaratmaq məqsədilə Mətbuat Şurasına əlavə səlahiyyətlər verilməsi haqda oktyabrın 5-də “Trend”ə açıqladığı düşüncələr B.Sadıqovla “Turan” agentliyinin direktoru Mehman Əliyev arasında qarşılıqlı informasiya “atışması”na səbəb olub.
Deputat və Mətbuat Şurası Idarə Heyətinin üzvü olan Bəxtiyar Sadıqov məhz müxalifət qəzetlərinin jurnalistlərini nəzərdə tutaraq, mətbuata balanslı informasiya verməkdə maraqlı olmayan və qərəzli informasiyalar verən insan axınının gəldiyini iddia edib.
“Azadlıq” qəzetinin müraciətinə əsasən B.Sadıqovun açıqlamasını şərh edən Mehman Əliyev belə təşəbbüsü yolverilməz adlandıraraq, hansısa cəzalandırmanı mümkün saysa da, qəzetlərin bağlanmasının ancaq totalitar rejimlərdə mümkün olduğunu deyib. M.Əliyev bununla bağlı B.Sadıqova sual edib ki, “Azərbaycan” qəzeti Azərbaycan jurnalistinin Peşə Etikası Kodeksinə sadiqdirmi və KIV haqqında qanuna əməl edirmi? Qəzet balanslılıq və qərəzsizlik prinsiplərinə əməl edirmi? Onun bu suallar üzərində düşünməsini məsləhət görüb. Eyni zamanda Mətbuat Şurası Idarə Heyətinin üzvlərinin hamısına bunu məsləhət görən M.Əliyev bundan sonra kimlərəsə qarşı ittihamın mümkünlüyünü vurğulayıb.
Daha sonra M.Əliyev vergi ödəyicilərinin hesabına dövlətin maliyyələşdirdiyi qəzetin kommersiya nəşrlərinə moizə oxumağa mənəvi haqqının olmadığını nəzərə çatdırıb.
Oktyabrın 7-də “Lent.az” veb-saytına açıqlamsında B.Sadıqov dövlət büdcəsindən maliyyələşmədikləri, təsərrüfat hesablı olduqlarını bəyan edib. O, M.Əliyevi cəmiyyətə balanslı informasiya ilə təmin etməyə qadir olmamaqda, yaradıcılıq meydanını tərk etməkdə və xəzinədarlıq məsələlərilə məşğul olmaqda, qeyri-obyektiv danışmaqda ittiham edib.
B.Sadıqov M.Əliyevin əməkdaşı olduğu “Soros Fondu”nu ermənipərəstlikdə ittiham edib. Onun sözlərinə görə, M.Əliyev vəsaitləri antiazərbaycan fəaliyyətlə məşğul olan jurnalistlər və hüquq-müdafiəçiləri arasında bölüşdürməklə reallıq hissini itirib.
“Atışma”nın mahiyyətini pozmadan aşağıda gətiriləcək arqumentlərin oxucuda aydın təsəvvür yaratması üçün bütün yuxarıda deyilənləri təkrar etməyə zərurət vardı.
Saxta hesabatlarla “parazitlik”
Dünən Mehman Əliyev “Contact.az” saytındakı məqaləsində B.Sadıqovun bütün ittihamlarına cavab verib.
Məqalədə deyilir ki, Sadıqov “Azərbaycan” qəzetinin 1993-cü ildən təsərrüfat hesablı olduğunu M.Əliyevin bilməməsini söyləməklə qəzetin iqtisadi baxımdan müstəqil olduğunu təsdiq etmək istəyir.
Təsərrüfat hesablılığın xüsusi mülkiyyətçiliyə alternativ olduğunu və əsasının Lenin tərəfindən qoyulduğunu, sonradan Stalin tərəfindən bir kənara atıldığını xatırladan M.Əliyev bu ideyanın ideoloqunun erməni separatizminin ilhamçılarından biri Abel Aqanbekyan olduğunu yazıb.
“Təsərrüfat hesablılıq sistemi SSRI-də özünün davamsızlığını göstərdi, sovet iqtisadiyyatının dağılmasının səbəblərindən biri oldu. Çünki, bu sistem gəlir əldə edən səmərəli sistem kimi təqdim olunsa da, əslində “şişirtmələr” və saxta hesabatlarla “parazitlik” edirdi”.
“Azərbaycan” ən çox borclular siyahısında
M.Əliyev yazıb ki, təsərrüfat hesablı “Azərbaycan” qəzetinin adı nəşriyyata ən iri həcmli borclular siyahısında olub. “KIV-lərin Inkişafına Dəstək Fondunun sifarişilə Nəcəf Nəcəfov Fondunun keçirdiyi tədqiqat ”Azərbaycan” qəzetinin abunəçiləri və pərakəndə satışı arasında birincinin xeyrinə uyğunsuzluğu aşkar edib. Sorğular da göstərdi ki, “Azərbaycan” və s. hakimiyyət KIV-lərinə abunə yuxarıların tapşırığı ilə həyata keçirilir. “Azərbaycan”ın saytında sayta daxil olan istifadəçilərin sayını göstərən sayğac olmaması da təsadüfi deyil, bunun olması bu qəzetə olan marağın əsl dairəsini müəyyən etməyə imkan verir”.
M.Əliyev yazır ki, “Azərbaycan” və buna bənzər nəşrlər dövlət qurumlarının elanlarını dərc etməklə proteksionist əsasda əlavə gəlirlər əldə edirlər.
Türkiyədə dövlət və bələdiyyə elanlarından gələn gəlirlərin hüquqi statusundan asılı olmayaraq bütün nəşrlər arasında ədalətli bölündüyünü xatırladan M.Əliyev bu təcrübəni Türkiyədə öyrəndiklərini, amma Azərbaycanda tətbiq olunmasına nail ola bilmədiklərinə də aydınlıq gətirib. “Çünki bu halda “Azərbaycan” kimi qəzetlər dövlət tərəfindən verilən əhəmiyyətli vəsaitdən məhrum olacaqdılar”.
Bəxtiyar Sadıqov yaradıcılıqla əlaqəsini itirib
M.Əliyev “Soros Fondu” haqqında da ittihamlara cavab verib. “Bu təşkilat 15 ildir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına misilsiz xidmətlər göstərib. Ölkədəki əksər QHT-lər fonddan qrant alaraq və demokratik dövlət quruculuğuna töhvələrini verirlər. ”Soros Fondu”nun ermənipərəst olması haqda rəsmi Bakı hələ bir bəyanat belə səsləndirməyib”.
M.Əliyev yazıb ki, hər hansı fakta malik olmayan B.Sadıqov fondu “ermənipərəst” adlandırmaqla əslində fonddan qrant alanları da antiazərbaycan mövqeli olmaqda ittiham edib.
“Sadıqovun emosional və əsassız bəyanatı göstərir ki, o, yaradıcı proseslə əlaqəsini itirib, faktlara yox, öz düşüncələrinə əsaslanmaqla kobud böhtana qədər özünü yuvarladıb. Bu halda isə ”Bəxtiyar Sadıqov kimi azərbaycanlı tipi olmaqdansa, Mehman Əliyev ermənipərəst olmağı üstün bilərdi” deməkdən başqa bir söz qalmır”.


