İlham Əliyev bu siyasətlə haracan gedəcək?

Müxalifətçilər və islamçılar üzərində növbəti məhkəmə prosesləri başa çatdı. Həbslər elan edildi, cəzalar kəsildi. Yəni, iqtidar növbəti qələbəsini qazandı. Amma buna qələbə demək mümkündürmü?

Əvvəla, həbs olunanlar qorxmadı. Onların dirənişi, onların nitqi bir tarixdir. Qoy, kimlərsə bu sözlərə pafos kimi yanaşsın, amma həbs edilənlərin nitqləri indidən tarixdir. O nitqlərə qulaq asanlar coşqunluqdan ağlayırdı. Qorxudan yox, qürurdan! Düzdür, cəmiyyətimiz hələ də hakimiyyətin yaratdığı xofdan qurtula bilmir. Amma cəmiyyəti tamamilə qorxuya tabe etdirmək də alınmadı. Bunu hamı gördü! Bu, hamıya aydındır! Hətta onu da gördük ki, qorxmayanların sayı azalmır, əksinə, artır.
Ikincisi, nəticə yoxdur ortada. Elə iqtidar üçün. Indi bu həbslər fəal adamların boynuna borc qoyur ki, həbsxanadakı silahdaşlarının mübarizəsini davam etdirsinlər. Ümumiyyətlə, iqtidarın qələbəsi heç bir köklü dəyişikliyə gətirməyib. Sadəcə, mövcud vəziyyət davam etdirilir…
Bəs mövcud vəziyyətin bu cür davam etməsi nəyə gətirib çıxaracaq?
Ölkədəki vəziyyət yaxşılaşacaqmı? Yox!
Ədalətli məhkəmə sistemi görəcəyikmi? Korrupsiya dayanacaqmı? Polis vətəndaşa təhlükə olmaqdan əl çəkib, xalqı qoruyacaqmı? Təhsil bataqlıqdan çıxacaqmı? Haqsızlıq bitəcəkmi?
Təbii ki, yox!
Narazılıq azalacaqmı? Yox!
Xalq elə bu yaxında Ilham Əliyevin özünün başladığı anti-korrupsiya mübarizəsinin sonucunu gördü. Bununla az-çox işaran ümidlər də söndü. Xalq gördü ki, bu hakimiyyət asfalt yol çəkə-çəkə onu ən pis yollarla aparmaq istəyir gələcəyə.
Xalqın yenidən ümidi varmı? Yox!
Ilham Əliyev bu siyasətlə haracan gedəcək? Bir vaxtlar dünyada pis-yaxşı qəbul edilirdi, xarici dəstəyə sahib idi, Avropa, ABŞ, Türkiyə onun barəsində tənqidi fikir söyləməkdən yayınırdı. Bəs nə oldu? Indi necədir vəziyyət? Gördünüz ki, o əski ramazanlardan söhbət gedə bilməz indi.
Bəyəm, vəziyyətin pisləşdiyini görmək eləmi çətindir? Hər zaman sel bəndini qıra bilər, hər zaman vəziyyət tam tərsinə dəyişə bilər. Mən demirəm ki, filan-filan diktatorlar da bu cür dirənirdi və sonu pis oldu. Amma heç kim də deməsin ki, bura Azərbaycandır, burada belə gəlib, belə də gedəcək. Ərəblərə bundan pis deyirdilər. Bütün dünya Azərbaycanın qalxdığına inanardı, amma ərəblərin oyanışına yox. Fəqət ora da Ərəbistandır, indi dünyanı və tarixi arxasınca aparır.
Anlamaq çətin deyil, bu siyasətin sonu yoxdur!
Gəlin, iqtisadi amillərlə baxaq duruma. Neft milyardları axır illərdir, lakin Azərbaycan məmnun olmur. Əksinə, xalqı yandırır bu milyardlar. Şəhərlərin mərkəzini abadlaşdırmaqla xalqı aldatmaq mümkün deyil. Lap şəhərlər doğrudan da daha gözəl olur. Noolsun? Bu gözəlliklə ölkədəki çirkinlikləri, talanı, qanunsuzluqları öz arxasında gizlətmək olarmı? Nə vaxt olub ki, gözəllik çirkinliyi gizlətsin. Bu, mümkün deyil, yalnız xəyaldır.
Pullar artdıqca quldarlıq artır bu ölkədə. Odur ki, tarix və xalq bu rejimi həzm etməyəcək. Bu gedişat, indiki siyasət hakimiyyətin durumunu aram-aram çətinləşdirir.
Bir sözlə, bu siyasətin sonu yoxdur, bu fikrin də alternativi!