Şikayət var, amma şikayətçi yox

Vəkil Elçin Sadıqovdan donos yazan adam «itib»

Vəkil Elçin Sadıqovla bağlı Vəkillər Kollegiyasına şikayət yazan şəxsin kimliyi barədə ötən sayımızda məlumat vermişdik. Şikayət məktubunda göstərilənlərə görə, o, Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliyev 10 ünvanında yaşayan Bayram Əliyev adlı vətəndaşdır.

Vəkil nədən hədəfə gəlib?

Əliyevin şikayətdə göstərilib ki, guya, vəkil Sadıqov xarici səfirliklər və parlamentdəki müxalifyönlü deputatlarla birləşərək, onlardan maddi yardım alıb və bunun nəticəsi olaraq, hakimiyyət əleyhinə təbliğat aparır. Guya, o, Eynulla Fətullayevi prezident, özünü isə Vəkillər Kollegiyasının sədri etmək istiqamətində çalışır.
Hazırda Vəkillər Kollegiyasında Elçin Sadıqovla bağlı sözügedən şikayət üzrə araşdırma aparılır. Müstəqil ekspertlər bildirirlər ki, Elçin Sadıqovla bağlı baş verənlər son vaxtlar vəkillərə qarşı kampaniyanın tərkib hissəsidir. Sadıqov məhkəmələrdə bir sıra müstəqil və müxalifyönlü jurnalistlərin hüquqlarını müdafiə etməklə məşhurlaşıb.

Şikayətçinin nə izi var, nə tozu…

Elçin Sadıqovdan şikayətçi olan şəxsi tapmaq üçün dünən ərizədə qeyd olunmuş ünvana getdik. Mirzağa Əliyev 10 ünvanı “Sovetski”də 12 ailənin yaşadığı həyətdir. Bu ailələrdən 2-si həmin ünvanda kirayə yaşayır. Kirayənişinlər və söhbət etdiyimiz başqa sakinlərin Bayram Əliyev adlı şəxs və onun şikayətilə bağlı heç bir məlumatı yoxdur. Onlar həmin ünvanda bu adda adamın yaşadığını inkar edirlər.
“Bura elə bir yerdir ki, hamı bir-birini tanıyır, fərqi yoxdur ki, burda kirayə yaşayandır, yoxsa ev sahibi…”, – deyə qonşular birmənalı şəkildə mövqe nümayiş etdirdilər.

Natiq