Siz güclüsünüz, sərvətiniz, hesaba alınmayacaq milyardlarınız, təsəvvürə gətirilməyəcək imkanlarınız var…
Siz iqtidarsınız, bir ölkədə bütün sahələri ələ keçirib nəzarətdə saxlayırsınız… Anladıq!
Sizə qarşı, ölkədə yaratdığınız xaosa və dağıdıcı siyasətə qarşı çıxanlara, siyasi partiyalara, onların sədrlərinə qarşı aqressivsiniz, müxalifəti məhv etməyə çalışırsınız, çünki onlar sizi əlinizdə olan güc, iqtidar və hakimiyyətdən məhrum edib bu ölkədə nəhayət ki, insan kimi yaşamağın da mümkünlüyünü ortaya qoymaq istəyirlər. Siz onları nəzarətdə saxlayıb zəiflətməyə çalışırsınız ki, iqtidarı əldən verməyəsiniz.
Sizə görə başqa birinin hakimiyyətə gəlməsi, sizin iqtidardan getmənizi istəməsi cinayətdir… Azərbaycan sanki elə ömürlük sizin olmalıdır ki, rahatlıqla da talaya biləsiniz…
Yaxşı, bunu da anladıq…
Elmar Hüseynov həqiqəti söylədiyi, sizin kimliyinizi ortaya qoyduğuna görə öldürüldü…
Hətta bunu da anladıq…
Yaxşı, bəs uşaq evindəki yetimin, köməksiz bir körpənin, tutaq ki, adları Əsmər, Anar, Həsən, Səma ola biləcək körpədəmi sizin iqtidara təhdiddir? Körpələr evinə ayrılan pullara doğrudanmı sizin ehtiyacınız var ki, onu da oğurlayırsınız?
Ucqar bir kənddə oturub az qala sizin kimliyinizi tam olaraq anlaya bilməyən, sizə heç bir təhlükə yaratmayan bir yaşlı kişinin nə günahı var ki, dövlətdən ayrılan sosial yardımı ala bilmir?!
Dövlət xəstəxanasına üz tutub orada ala biləcəyi pulsuz dərmandan yararlanmaq ümidi ilə qapı açıb, ancaq oranı kədərlə tərk edən bir qocadamı sizin hakimiyyətə təhlükədir? Yoxsa oğurlanan dərmanlardan qazanılan pula ehtiyacınız var?
Azərbaycanı talayırsınız və bu xalq sizin gücünüz qarşısında deyək ki, acizdir. Sizsə ölkədə qılıncınızın dalı, qabağı da kəsən güc kimi istədiyinizi edib iqtidarınızı qoruyursunuz, milyardlar qazanırsınız… Iqtidarsınız, böyük sərvətə sahibsiniz, yaxşı, bəs bu ölkədə gəncliyin savadsız, nadan, cahil olmasını təmin etmək üçün niyə dəridən-qabıqdan çıxırsınız? Məgər savad da sizi iqtidar və milyardlarınızdan məhrum edə bilər? Axı bir ölkədə nadanlar ordusu yetişdirməyin mahiyyəti nədir? Bunun sizin iqtidar və milyardlarınıza nə xeyri var?
Tutaq ki, gənclik savadlandı, sizin barbar siyasətinizi bəyənmədi, daha yüksək şərtlərdə yaşamağın mümkünlüyü iddiasına düşdü və bunu reallaşdırmaq üçün bir əmələ baş vurdu. Bunu düşündük və güman etdik ki, bir az yuxarıda dediyimiz kimi deyil, gənclik sizə təhdid ola bilər. Bəs yaşlı, ömrünü keçirmiş, sadəcə rahat ölə bilmək üçün günlərini sayan, qocalar evində günlərlə ya ölümü, ya da doğmalarını gözləyən birinin pulunu, ona ayrılan ərzağı heç bir vicdan ağrısı hiss etmədən yeyə bilməyin adı nədir?
Yetimin, qocanın, gəncin, qadının, uşağın haqqını yeyib bununla, bütün olanlarla sakitcə yaşaya bilməkdə nə qədər insanilik var?
Doğrudanmı iqtidarda qalmaq, milyardlar qazanmaq üçün yetimi ac buraxmaq, xəstəni dərmansız qoymaq, qocanı ərzaqsız, ümidsiz edib həyatını zəhərə çevirmək, gənci nadan, savadsız, kəndlini pərişan, fəhləni kölə etmək lazımdır?
Bütün bunlar, yəni, doğrudanmı iqtidarda qalmaq üçün sizə lazımdır?
Motiv nədir axı?
Bütün bunların mahiyyəti nədir?
Iqtidarda qalmaq, milyardlar qazanmaq üçün bütün bunların heç birinə ehtiyac yoxdur. Əzmək, məhv edib mənəviyyatı, əxlaqı və bütün dəyərləri bir yana itələyib güc nümayiş etdirməyin mahiyyəti bambaşqadır…
Bunlara ehtiyac yoxdursa, demək ki, insanlara acı vermək, aşağılamaq, ac saxlayıb gün çörəyinə möhtac etmək sizin tələbatınızdır. Görünür, siz də bundan zövq alırsınız… Anlaşılan o ki, sizin həzz almaq anlayışınız başqalarının bədbəxtliyinə sakitliklə tamaşa edib sevinməkdir…
Əslində sizin mahiyyətinizi, kimliyinizi Cavid ”Iblis” əsərindəki məşhur cümlə-sualla ortaya qoyub…
“Ya hər kəsə xain olan insan nədir?!”
Bax, bu məşhur suala verilən cavabdadır sizin kimliyinizin mahiyyəti…
“Iblis!”.