Hakimiyyət gənc nəsildən qorxur

«İqtidarın cəmiyyətlə yeganə ünsiyyət üsulu repressiyalar, qanunsuz məhkəmə hökmləridir»

 Leyla Yunus: «Qoy, Avropa qərar versin ki, bu mahnı müsabiqəsini Azərbaycan vətəndaşlarının bədbəxtçiliyi və göz yaşları üzərində təşkil etmək nə dərəcədə doğrudur»

 

Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus ölkədə baş verən qanunsuzluqlar, mülkiyyət hüquqlarının pozulması faktları ilə beynəlxalq ictimaiyyəti tanış etmək məqsədi ilə Avropa səfərinə çıxmışdı. Hüquqları tapdananlardan biri olan Leyla xanım bu istiqamətdə xeyli işlər görüb. Eyni zamanda bir qrup vətəndaş cəmiyyəti fəalları ilə başladığı “Azad musiqi azad olmayan ölkədə” kampaniyası da davam etdirilir və “Avroviziya” müsabiqəsinin təşkili ilə məşğul olan qurumlara bu tədbiri qəbul etməyə hazırlaşan Azərbaycanda baş verənlər çatdırılır. Bu və son günlər çıxarılan məhkəmə ilə bağlı hüquq müdafiəçisinin fikirləri ilə tanış olduq.

– 2 aprel aksiyaçılarına çıxarılan son məhkəmə hökmlərini necə qiymətləndirirsiniz?
– Həbs olunanların son sözlərinə qulaq asdım. Belə oğlanlarla ancaq fəxr etmək olar. Sərbəst toplaşmaq azadlığı, həbslər, məhkəmə hökmləri ilə bağlı vəziyyət barədə artıq insan haqları üzrə komissar Tomas Hammerberqin ofisinə, Avropa Birliyinin Bakı ofisinə, digər beynəlxalq təşkilatlara məktub göndərmişəm. Bunu Azərbaycan hakimiyyətinin ölkədə tam totalitar hökmranlıq qurmaq niyyəti kimi qiymətləndirirəm. Eynilə Sovet Ittifaqında, Şimalı Koreyada, Türkmənistanda olduğu kimi. Yəni bu, ilk növbədə bütün demokratik azadlıqlara, ifadə, sərbəst toplaşmaq azadlığına qadağa kimi qiymətləndirilməlidir. Bu ilin yazında mitinqdə iştiraka görə 14 nəfərin müxtəlif və Islam partiyasının 6 üzvünün cinayət məcəlləsinin ağır maddələri ilə müxtəlif müddətə həbs cəzasına məhkum edilməsi Azərbaycan rəhbərliyinin sadəcə öz xalqından qorxduğunu göstərir. Bunların cəmiyyətlə yeganə ünsiyyət üsulu repressiyalar, qanunsuz məhkəmə hökmləridir.

“Azərbaycan polis recimli avtoritar ölkədir”

– Siz “siyasi məhbuslarsız ”Avroviziya” kampaniyasına başlamısınız. Bu istiqamətdə hansı addımlar atılıb?
– Bu kampaniya “Azad musiqi azad olmayan ölkədə” adlanır. Biz dünya ictimaiyyətinə Azərbaycanın polis rejimli avtoritar ölkə olması ilə bağlı obyektiv məlumatlar təqdim edirik. Burda bütün insan haqları pozulur, demokratik azadlıqlar mövcud deyil. Vətəndaşların işgəncələrdən qorunmaq hüququ var. Ancaq biz Naxçıvanda işgəncələr nəticəsində qətllərin şahidi oluruq. Azad və ədalətli məhkəmə hüququ olsa da, həbs edilənlər bu hüquqdan məhrum olub. Eyni zamanda vətəndaşlar sərbəst toplaşmaq azadlığı, əmlakını qorumaq hüququndan məhrumdur. Bütün bu məlumatlar işlənilib beynəlxalq ictimaiyyətə təqdim olunur. Həmçinin bu məlumatları “Avroviziya” iştirakçısı olan ölkələrə çatdırırıq. Qoy, onlar qərar versin ki, bu mahnı müsabiqəsini Azərbaycan vətəndaşlarının bədbəxtçiliyi və göz yaşları üzərində təşkil etmək nə dərəcədə doğrudur. Norveçdə radioda çıxış edib “Avroviziya”nın baş prodüsserinə müraciət edərkən dedim ki, bizim sizin köməyinizə ehtiyacımız yoxdur. Ancaq sizin bizim köməyimizə ehtiyacınız var. Çünki “Avroviziya”nın həqiqətən də gözəl keçməsi üçün ona Azərbaycan vətəndaşlarının dəstəyi lazımdır. Onlar bu müsabiqənin sərt repressiyaların hökm sürdüyü, mafioz rejimin hakimiyyətdə olduğu bir ölkədə azad mahnı müsabiqəsindən narahat olmalıdır.

“Insanların müqavimət göstərməsini istəmirlər”

– Sizcə, Ilham Əliyevin siyasi məhbus məsələsində güzəştə gedəcəyini gözləmək olarmı?
– Hakimiyyət xalqdan qorxur. Insanların öz hüquqlarını qorumasını, müqavimət göstərməsini istəmirlər. Azərbaycan hakimiyyətini iki əsas ideya hərəkətə gətirir. Birincisi, hakimiyyəti ancaq repressiyalar yolu ilə saxlamaq istəyidir. Bizdə polis aparatı bütün mümkün normaları aşıb. Polislərin sayı Türkiyədəki polislərin sayı qədərdir. Baxmayaraq ki, əhalinin sayı xeyli azdır. Vəkillərə təzyiq presedentsiz hal alıb. Hakimiyyətin cəmiyyət, gənc nəsil qarşısında qorxusu var. Eyni zamanda qorxutmaq istəyi də güclüdür. Heç bir dialoq, heç bir güzəşt istəmirlər. Ancaq əzmək, həbs etmək istəyirlər. Ikincisi də, böyük maliyyə vəsaitləri olan hakimiyyət hər şeyi pulla ala biləcəyini ehtimal edir. Beynəlxaq ictimaiyyətə münasibətdə də bu fikirdədirlər. Düzdür, müəyyən dərəcədə haqlıdırlar. Bəzi nümunələr var, məsələn, boksla bağlı son qalmaqalı demək olar. Ona görə də vətəndaş cəmiyyətinin fəalları demokratik ölkələrin vətəndaşlarına müraciət etməlidir. Çünki hamını pulla almaq mümkün deyil. Ancaq ayrı-ayrı dövlət məmurlarını almaq  mümkündür və bunu da edirlər.

– Bu günlərdə Əliyev Varşavada növbəti öhdəliklərə imza atdı. Bunun ardınca da həbs dalğası oldu. Bunu hakimiyyətin Avropanı növbəti dəfə aldatmaq cəhdi kimi qiymətləndirmək olarmı və bu cəhd nə dərəcədə uğurlu olacaq?
– Məlumdur ki, hakimiyyət təmsilçilərinin ölkənin içində dediyi sözlər və etdiyi əməllər beynəlxalq forumlardakı çıxışlarla, öhdəliklərlə qətiyyən üst-üstə düşmür. Bu, həm Azərbaycan vətəndaşlarına, həm də beynəlxalq aləmdəki əksər müşahidəçilərə bəllidir. Ona görə indi hakimiyyətə qarşı tənqid və tələblər artacaq. Ancaq bütün bunları Azərbaycanın öz vətəndaşları dəstəkləməsə, ölkə daxilində qanunlara riayət olunmasını tələb etməsə, bu tənqid və tələblər böyük effekt verməyəcək. Azərbaycan vətəndaşları özlərini kölə kimi deyil, vətəndaş kim hiss edib qanunların işləməsini tələb etməlidir.

Fizzə